Əsas Səhifə > Güney Press > Ermənistan İctimai Radiosunun təxribatı

Ermənistan İctimai Radiosunun təxribatı


Bu gün, 16:19

2023-cü il 19-20 sentyabr Azərbaycan tarixinə suverenliyimizin, ərazi bütövlüyümüzün tam təmin edildiyi, 44 günlük Vətən müharibəsinin məntiqi nəticəsi olan antiterror əməliyyatları ilə düşdü.

Azərbaycan bü günü tam Zəfər kimi qeyd edir.Müharibədən ötən dövr ərzində Azərbaycanla Ermənistan arasında sülh danışıqları mühüm mərhələyə qədəm qoyub, Vaşinqtonda keçirilən danışıqlardan sonra Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addımlar atılıb, ABŞ nümayəndə heyəti İrəvanda görüşlər keçirib, dəhlizin Azərbaycan tərəfindəki hissəsinin tikintisi 95 faiz icra olunub.

Ermənistan tərəfi təkcə Azərbaycanla yox, həm də Türkiyə ilə münasibətləri yoluna qoymaq üçün bəzi addımlar atır, iki ölkənin xüsusi nümayəndələrinin görüşü olub, sərhəd giriş-çıxış möhürlərindən Ağrı dağının təsviri noyabrın 1-dən etibarən çıxarılacaq, üstəlik Baş nazir Nikol Paşinyan gerbdən də bu simvolun çıxarılması barədə anons edib.

Bu da prosesin Azərbaycanın sülh üçün tələbi olan Konstitusiya dəyişikliyinə doğru getdiyinə işarədir. Belə bir zamanda, yəni tərəflərin sülh gündəliyinə sadiq olduğunu vurğuladığı bir dövrdə bu gün Ermənistanda hələ də təxribata meyilli olan və bu meyli fürsətə çevirməyə çalışan qüvvələrin əməlləri bitmir.

Bu qəbildən növbəti təxribat bu gün Ermənistanın İctimai Radiosunda yayımlanıb. Azərbaycanın separatizmə qarşı keçirdiyi və əslində təkcə ölkəmizin yox, eləcə də bütün dünyanı erməni separatizmindən xilas etdiyi günlə bağlı təqdim olunan material sülh gündəliyinə arxadan zərbə kimi dəyərləndirilməlidir.

Ermənistan İctimai Radiosu Azərbaycanın 30 illik haqqı olan antiterror əməliyyatını “Artsaxa genişmiqyaslı hücum”, hazırda Bakıda məhkəmələri davam edən, bütün beynəlxalq sənədlərə görə bu məhkəməni haqq etmiş separatçıları “keçmiş hərbi və siyasi liderlər” kimi təqdim edir.

Azərbaycan qanunları ilə yaşamaq təklifini qəbul etməyib Qarabağı könüllü tərk edərək Ermənistana, oradan isə digər ölkələrə gedən erməniləri “məcburi köçkün” kimi təqdim etmək Ermənistan İctimai Radosunun sülh prosesinə “töhfə”sidir.

Baş nazir Nikol Paşinyan məhz bunu-həmin ermənilərin Qarabağı könüllü tərk etməsini əsas götürərək onların geriyə dönüşünün sülh prosesinə yaradacağı təhlükəni dilə gətirdiyi bir zamanda Ermənistan İctimai Radiosunun onlar barədə seçdiyi ifadələr ehtiyatsızlıq yox, məhz təxribat kimi dəyərləndirilməlidir.

Elnarə Kərimova
“Cebheinfo.az”


Geri qayıt