Əsas Səhifə > Güney Press > Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..."
Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..."Bu gün, 15:55 |
Bakının Suraxanı rayonunda 49 yaşlı qadın ögey qızına xəsarət yetirib. Teleqraf-ın əldə etdiyi xəbərə görə, 1976-cı il təvəllüdlü Əsmər 2021-ci ilin dekabrın 31-dən birgə yaşadıqları Qaraçuxur qəsəbəsindəki evdə 2004-cü il təvəllüdlü ögey qızı Elmiraya əsəbləşib. O, soyuducudan götürdüyü hindquşu ilə Elmiranı vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisəni törədən Əsmərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş həyat yoldaşının ilk evliliyindən olan qızıdır, onun anası xərçəng xəstəliyindən vəfat edib: “Mən uşaqların heç birinə ögey münasibət bəsləməmişəm. Öz övladlarıma necə olmuşamsa, onlara da o cür yanaşmışam. Öz uşaqlarıma əsəbləşib ərk etdiyim kimi onlara da ərk eləmişəm. Elmiranın dediyi kimi buzluqdan hinduşqa çıxararaq onu vurmamışam. Əgər onu vursaydım, beyni parçalanardı”. “Xalası işə qarışdı” Təqsirləndirilən şəxs qeyd edib ki, Elmiranın dedikləri, orada yazılanların çoxu yalandır: “Onu nə səbəbə vurduğum yadımda deyil. Nəsə hadisə olmuşdu, tam xatırlamıram. Buzluqdan hinduşqa çıxarmışdım. Həmin vaxt Elmiradan niyə belə hərəkət etdiyini soruşdum. O isə yaxşı elədiyini dedi. Mən də onu əlimdəki hinduşqa ilə itələdim. Bundan sonra onun xalası məsələyə qarışdı, onlar ev istədilər, mənim maşınımı satdılar. Onun bütün dərdi puldur, evdir. Mən öz uşağımı da tənbehləyirəm. İki övladım var. İlk evliliyim Səmədlə olub, uşaqlarımın atası odur. 10 ildir Elmira ilə birlikdə yaşayırıq. Ailə quranda Elmira 2-ci sinfə, qardaşı isə 5-ci sinfə keçirdi. Biz mehriban yaşamışıq, ana-bala kimi olmuşuq. Bir dəfə sinə nahiyəsindən itələmişəm, başından aldığı zərbələri mən etməmişəm. İttiham aktında göstərildiyi kimi əlini yandırmamışam”. “Bu hadisədən sonra ayrıldım” Əsmər bildirib ki, dekabrın 31-də Elmiraya bir dəfə xəsarət yetirib, sonra heç nə etməyib: “O, qardaşı ilə daim dalaşır. Həmin ərəfədə qardaşı ilə dalaşdı, qardaşı onun əməliyyat olunmuş burnuna vurdu. Hazırda onlar mənim yanımda deyillər. Ona xəsarəti də mən yetirməmişəm. Elmira qardaşı ilə tez-tez dava-dalaş salır, mən də onları çox vaxt buna görə tənbeh etmişəm. Ərimlə rəsmi boşanma olmayıb, sadəcə o, digər uşaqları ilə yaşayır. Mən də öz uşaqlarım ilə qalıram. Ərim uşaqlarını tək qoymaq istəmədiyini bildirdi, bizdən ayrı onlarla birlikdə yaşamağa başladı. Bu hadisədən sonra mən ayrıldım, hazırda evdar qadınam, işləmirəm. Etdiyim əməldən peşmanam”. “Ögey anamın təzyiqi altında olmuşam” İş üzrə zərərçəkmiş Elmiranın sözlərinə görə, ögey anası Əsmərlə yaşadığı evdə çox əziyyət çəkib: “Evimizdə işləyən təmizlikci qadın da mənim vəziyyətimi görüb. Həmin qadın Əsmərin ögey anam olduğunu, mənə şiddət edib-etmədiyini soruşdu. Mənim vəziyyətimi görüb ağladı, məni qucaqladı, niyə harasa müraciət etmədiyimi soruşdu. Mən ayağımdakı yaraları, bədənimdəki göyərtiləri göstərdim. Ögey anamın təzyiqi altında olmuşam. Onun hərəkətləri barədə kiməsə desəm, döyməklə qorxudub, atama desəm, daha şiddətlə məni döyəcəyini deyib. Təmizlikci qadın yaralarımı, göyərtiləri çəkdi, polisə göstərəcəyini bildirdi. Mən isə təzyiq altında olduğum üçün kim məndən soruşsa, yenə də onun etmədiyini deyəcəyimi bildirdim”. “Atam vurulmağımı görməyib” Zərərçəkmiş qeyd edib ki, hətta ögey anası ona əlilik sənədi alıb, əvvəlcə isə məktəbdən çıxarıb. Onun sözlərinə görə, təmizlikçi qadının polisə müraciət elədiyini ögey anası biləndə ona bir daha döyməyəcəyini, daha yaxşı olacağını, hətta onu oxutduracağı vədlərini verib: “Dekabrın 31-də evdən qaçmazdan əvvəl Əsmər məni təhdid elədi. Həmin vaxt atam işdəydi. Hinduşqa ilə vurulmağımı atam görməyib, qardaşım isə başqa otaqda idi. Döyüldüyüm günün ertəsi, günorta evdən qaçdım. Özüm evdən tək Göyçaya dayımgilə getdim. Əsmərin əziyyətinə dözmədiyim üçün bunu çoxdan planlayırdım. Orada hinduşqa məsələsini danışdım, polisə gedərək ifadə verdim”. Elmira deyib ki, hadisə olandan sonra atası dəfələrlə ona təzyiq göstərib, Əsmərlə barışmağını istəyib: “Mən isə onun etdiklərini bağışlamağın mümkün olmadığını demişəm. Hazırda da barışmamışıq, Əsmərdən şikayətçiyəm. Əsmər atamın puluna görə onunla evlənib”. “Mənə heç nə deməyib” İş üzrə ifadə verən zərərçəkmiş Elmiranın atası Mehdinin sözlərinə görə, ilk həyat yoldaşı 2012-ci ildə xərçəng xəstəliyindən vəfat etdikdən sonra Əsmərlə ailə qurub, bu nikahdan 2 övladı dünyaya gəlib: “Həmin vaxt birici evliyimdən olan qızım və oğlum orta məktəbdə ibtidai təhsil alırdılar. Onlara ailə üzvlərimdən kimsə baxmadığı üçün məcbur qalaraq evləndim. 10-12 il ailəli olduq, hətta ailədaxili münaqişələrimiz olanda uşaqlarım Elmira və Asim Əsmərin tərəfini saxlayırdılar. Kərbala ziyarətindən gələndə Elmiranın Göyçaya qaçdığını öyrəndim. Onu gətirmək istədim, nənəsigil vermədilər. Sonradan dayısı barışıq üçün 50 min manat istədi. Göyçaydan gələndən sonra polisə çağırılanda Elmiradan baş verənlərlə bağlı niyə mənə və ya əmisinə demədiyini soruşdum. Elmira Göyçaydan gələndən sonra əmisi ilə və ya mənimlə tək qalanda ona verilmiş işgəncə barədə bizə deyə bilərdi. Amma o mənə heç nə demədi”. “Qızımın fikirlərini qarışdıran xalasıdır” Mehdi qeyd edib ki, dekabrın 31-də evdə olub, hər şey normal idi: “Səhər 9-da evdən çıxırdım, axşam saat 8-9-da qayıdırdım. Evə gələndə övladlarımı görürdüm. Əsmərlə bağlı kimdənsə nəsə soruşmamışam, mənə məlumat verilməyib. Elmiranı ciddi məsələyə görə bir dəfə cəzalandırmışam. Rəfiqələri ilə ad günü keçirib, oradan gecə saat 4-ə işləmiş gəldiyi üçün əsəbləşmişəm, ona bir şillə vurmuşam. Bu hadisə ötən illərdə olub. Qızımla münasibətim yaxşıdır, ata kimi daim oğlumun da, onun da arxasında olmuşam. Sadəcə qızımın fikirlərini qarışdıran xalası Ülkərdir. Hazırda Əsmərlə münasibətlərim yaxşı deyil. Səbəb qızımla rəftarıdır”. Analığın cəzası nə oldu? Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Əsmər Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib. Amma cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona qeyd olunan maddə ilə cəza təyin edilməyib, cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib. Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxsin barəsində Suraxanı Rayon Məhkəməsinin 4 fevral 2025-ci il tarixli qərarı cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Dövlət ittihamçısı qeyd edib ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf etməsini, həmin əməlin baş verdiyi vaxtdan 2 ildən artıq bir müddət keçməsini nəzərə alıb: “Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilib və Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinin tələblərinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün barəsində cinayət təqibinə xitam verməli idi. Lakin məhkəmə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilib, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin etməməklə cinayət təqibinə xitam verib. Beləliklə, məhkəmə cinayət qanununun normasının düzgün tətbiq etməyib”. Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Şikayətləri araşdıran hakimlər heyəti prokurorun protestini təmin ediblər. Suraxanı Rayon Məhkəməsinin 4 fevral 2025-ci il tarixli qərarı dəyişdirilib. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə icraata Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Suraxanı Rayon Məhkəməsinin qərarının nəticə hissəsinin birinci abzasındakı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona qeyd olunan maddə ilə cəza təyin edilməməsi, cinayət təqibinə xitam verilməsinə dair müddəalar qərardan xaric edilib. Geri qayıt |