Əsas Səhifə > Güney Press > Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər
Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilərBu gün, 11:06 |
Məlum olduğu kimi noyabrın 1-dən Ermənistan hakimiyyəti ölkə sərhədini keçənlərin pasportlarına vurulan möhürlərdən Ağrı dağının təsvirini yığışdıracaq. Müvafiq qərarı Ermənistan Nazirlər Kabineti qəbul edib. Hökumətin qərarı ilə 12 may 2011-ci il tarixli qərarda dəyişiklik edilib. Dəyişikliklərdə markanın təsvirində “Ararat” adı çəkilmir.
Bundan əlavə, Ağrı dağının da olmadığı hökumətin saytında möhür nümunəsi dərc edilib. Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşları Ermənistanın ən hündür nöqtəsinin Araqats (Alagöz və ya Ələyəz) dağı olduğunu tanımağa və Türkiyədə yerləşən Ararata diqqət yetirməməyə çağırıb. Daha sonra ofisinin divarını Alagöz dağının təsviri ilə bəzədib. Qeyd edək ki, Ağrı dağının təsvirinin Ermənistanın dövlət gerbində və digər rəsmi sənədlərində əks olunması ermənilərin Türkiyəyə məxsus bu əraziyə tarixi iddiası ilə bağlıdır. Ağrı dağının təsviri 1918-1920-ci illərdə mövcud olmuş Ararat Respublikasının, sonra Ermənistan SSR-in, müstəqillik dövründə Ermənistanın dövlət gerbində yer alıb. Ağrı dağının təsviri Ermənistanın 1992-ci ilin aprel ayında qəbul edilmiş “Dövlət gerbi haqqında” Qanunda da təsbit olunub. Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün gerbin dəyişdirilməsini İrəvan qarşısında əsas şərtlərdən biri kimi irəli sürür. Baş nazir Nikol Paşinyan, Ermənistan parlamentinin spikeri Alen Simonyan gerbin dəyişdirilməsinin vacibliyi məsələsini dəfələrlə gündəmə gətiriblər. Onlar gerbdəki təsvirlərin, o cümlədən Ağrı dağının Ermənistana aidiyyəti olmadığını, bu səbədən də dövlət rəmzinin dəyişdirilməli olduğunu bildiriblər. Lakin buna nail olmaq üçün ilk növbədə Ermənistanın konstitusiyasına dəyişiklik edilməlidir. Ermənistanın xarici pasportlar üçün dövlət möhürlərindən Ağrı dağının təsvirinin çıxarılması yeni konstitusiya layihəsinin mətnində Türkiyənin tələbinin yerinə yetirildiyini deməyə əsas verir. Çox güman ki, bu məsələ Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələrin sentyabrın 12-də keçirilmiş görüşündə də müzakirə olunub. Yəqin ki, referendumda qədər Ermənistanın yeni dövlət gerbinin layihəsi də ictimaiyyətə təqdim olunacaq və onun təsviri konstitusiyaya daxil ediləcək. Türkiyənin Ermənistan qarşısında irəli sürdüyü tələblərdən biri konstitusiyanın preambula hissəsinin ali qanunun mətnindən çıxarılması ilə bağlıdır. Ona görə də Ermənistan hakimiyyəti yalnız 21-ci maddəni dəyişməklə, yəni Ağrı dağının təsvirinin dövlət gerbindən çıxarılması ilə kifayətlənməməli, həm də preambula hissəsinin konstitusiyadakı mövcudluğuna hüquqi xitam verməlidir.
Millət vəkili Ceyhun Məmmədov Sherg.az-a açıqlamasında deyib ki, bəhs edilən nəticələr Azərbaycan liderinin rəhbərliyi ilə ölkəmizin uzun müddət Türkiyə ilə apardığı siyasətin nəticəsidir. Deputatın sözlərinə görə, əslində proses mürəkkəb olduğu üçün daha uzun müddət çəkə bilərdi:
"Ancaq məsələnin önəmli tərəfi odur ki, Ermənistan mərhələli şəkildə Azərbaycan və Türkiyənin tələblərini yerinə yetirir, öz iddialarından imtina edir. Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı tələbi var. Tələb edirik ki, Ermənistan digər dövlətlərə qarşı ərazi iddialarına son qoymalı, qanunvericilikdə bununla bağlı maddəni aradan qaldırmalı, dövlət rəmzlərində də qonşu ölkələrə məxsus bölgələr əsk olunmamalıdır. Ermənistan gerbində Ağrı dağının simvolunun əks olunması əslində Türkiyəyə qarşı da ərazi iddiası deməkdir. Artıq Ermənistan rəhbərliyi anlayır ki, utopik iddialardan əl çəkməlidir. Burada vacib məqam odur ki, biz Ermənistanı təcrid etmək yox, əksinə, normal qonşuluğa, regional əməkdaşlığa cəlb etməliyik. Əks halda Ermənistandan yenə də bölgədə kimlərsə alət kimi istifadə edəcək. Görünür, İrəvan hökuməti bu reallığı anlayır və lazımi addımları atır. Ermənistan əhalisinə gəldikdə isə, bilirik ki, bu cəmiyyət zərərli ideologiyalarla uzun müddət zəhərlənib. Əvvəlki hakimiyyətlərin, Kilsənin, diasporun siyasəti ermənilərdə bizə, türklərə qarşı düşmənçiliyi ciddi formada bəsləyib. Ona görə qısa müddətdə Ermənistanda xalq arasında ciddi dəyişikliyin baş verəcəyini gözləmək tezdir. Önəmlisi odur ki, artıq bu cür addımlar atılır, mərhələli şəkildə erməni cəmiyyəti sülh prosesinə hazırlaşdırılır".
Parlamentari diqqətə çatdırıb ki, Azərbaycanın və Türkiyənin yanaşması ondan ibarətdir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması yalnız Bakı-İrəvan arasında yekun sülh imzalandıqdan sonra baş verə bilər:
"Bu, çox önəmli məsələdir. Əslində Ermənistan uzun müddətdir çalışır ki, Türkiyə ilə sərhədləri açsın. İrəvan hökuməti Ankaraya təklif edirdi ki, gəlin, sərhədləri açaq, onsuz da Azərbaycanla danışıqlar gedir, sülh sazişinin imzalanması yaxındır və s. Amma Ankara və Bakı bunu qəbul etmir. Qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da olacaq. Türkiyə rəhbərliyi və digər rəsmilər də davamlı açıqlama verirlər ki, Ermənistanla sərhədlərin açılması Bakı-İrəvan arasındakı sülh prosesindən asılıdır. Ermənistan bunu nəzərə almalıdır. Yəni İrəvan hökuməti düşünməsin ki, əgər Türkiyə nümayəndə heyəti Ermənistan ərazisinə gedirsə, bu, sərhədlərin açılması deməkdir. Bu, olmayacaq".
Geri qayıt |