Əsas Səhifə > Güney Press > Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır
Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayırBu gün, 17:55 |
Ermənistan həm təhlükəli, həm də taleyüklü mərhələyə sürətlə yaxınlaşır. Belə ki, gələn ilin yayında Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Bu ölkədə gərgin siyasi atmosferin formalaşdığı bir vaxtda, həmin seçkilərin yalnız daxili siyasi mübarizə ilə məhdudlaşacağı isə qətiyyən inandırıcı görümür. Paşinyan hakimiyyətinin seçki kampaniyası ilə bağlı dolaşan müəmmalı iddialar, Rusiyanın informasiya məkanında gündəmə gətirilən təhlükəli ssenarilər və Kremlin regiondakı strateji maraqları Ermənistanda seçkiləri həm daxili, həm də xarici qüvvələrin toqquşma səbəbinə çevirir. Və bu baxımdan, Paşinyan hakimiyyətinin gələcək taleyi üçün real təhlükənin mövcudluğu qətiyyən şübhə doğurmur. Onu da qeyd etmək lazımdır ki, Kremlə bağlı Rusiya mediasında yayımlanan materiallarda baş nazir Nikol Paşinyanın siyasi komandası seçkilərdə ənənəvi “siyasi texnologiyalar”a söykənməkdə ittiham olunur. Belə ki, əsas iddialara görə, Paşinyan hakimiyyəti indiyə qədər qəbul etdiyi bütün qərarları “xalqın iradəsi” ilə əlaqələndirməyə çalışacaq. “Qarabağdan imtina” və Zəngəzur dəhlizi kimi məsələlərdə güzəştlər “sülh naminə” strategi uğur kimi təqdim olunacaq. Paşinyan hakimiyyətinə qarşı istənilən tənqid “sabitliyə və sülhə təhlükə” kimi göstəriləcək. Digər tərəfdən, Rusiya mətbuatı iddia edir ki, Paşinyan hakimiyyəti seçkilər ərəfəsində saxta sorğularla hökumətin legitimliyini sübut etməyə, beynəlxalq tərəfdaşlara siyasi kursun doğru olduğunu göstərməyə çalışacaq. “Yeni Ermənistan” və “Gələcəyin erməniləri” kimi emosional şüarlarla yanaşı, seçicilərə “Biz getsək, müharibə başlayacaq” mesajı ötürüləcək. Və Ermənistanda Paşinyan hakimiyyətinin real strateji alternativləri məhdud olduğu üçün “klassik” vasitələrə üstünlük verilməsi tamamilə mümkündür. Maraqlıdır ki, Rusiya mediası Paşinyan hakimiyyətinin Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmasını Ermənistanı parçalayacaq sənəd kimi təqdim edir. Əslində, Kremlin bu manipulyativ ritorikası qətiyyən təsadüfi deyil. Çünki Zəngəzur dəhlizinin açılması Ermənistanın tranzit asılılığını Rusiyadan məhz Azərbaycan- Türkiyə xəttinə keçirə bilər. Paşinyan hakimiyyəti elə indidən bu önəmli layihəni “sülh və gələcək naminə strateji zərurət” kimi ictimaiyyətə təqdim etməyə başlayıb. Rusiyanın uydurma “narrativlər”ində isə bu proses “Böyük Turan” layihəsinə xidmət kimi təqdim olunaraq, həm Ermənistan cəmiyyətində, həm də erməni diasporunda qorxu mühiti yaradılmasına hesablanıb. Ona görə də, hazırda əsas sual ondan ibarətdir ki, Rusiya Ermənistan daseçkilərə hansı səviyyədə müdaxilə edə bilər? Böyük ehtimalla Kreml informasiya və diaspora şəbəkələri, eləcə də, erməni kilsəsi və biznes oliqarxiyası vasitəsilə Ermənistanda ictimai rəyi çaşdırmaqda davam edəcək. Rusiya tərəfindən, seçki prosesinə lokal agentura şəbəkələri, saxta sorğular və hətta kiberhücumlar ilə texniki müdaxilə cəhdləri də göstərilə bilər. Əgər, bütün bunlardan Rusiyanı qane edən nəticə çıxmazsa, Kremlin Ermənistan ordusu və təhlükəsizlik qurumları üzərindən Paşinyan hakimiyyətini devirmək üçün hibrid savaşa başlaması, ölkədə siyasi sabitliyin pozulmasına cəhd göstərə biləcəyi də qətiyyən istisna deyil. Və Ermənistanda son vaxtlar çevriliş planları ilə bağlı həbslərin olması da bu ssenarilərin sadəcə, “nəzəriyyə” deyil, məhz real təhlükə kimi mövcudluğunu göstərir. Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya siyasi kursu, xüsusilə də, ABŞ və Avropa Birliyi ilə yaxınlaşma cəhdləri Rusiyanın strateji maraqlarına ziddir. Kreml Ermənistanı itirmək istəmir və seçkilər Rusiyanın bu ölkədə öz təsir imkanlarını sınaması baxımından, əsas faktor olacaq. Çünki Kremlin strateji hədəfi məhz Ermənistanı yenidən Rusiyanın orbitinə qaytarmaq və buna paralel olaraq da Zəngəzur dəhlizi layihəsinin əngəllənməsindən ibarətdir. Və hazırda yalnız Azərbaycan və Türkiyə üçün Paşinyan hakimiyyətinin mövcud kursunun qorunması regionda tranzit layihələrin reallaşdırılması baxımından, cəlbedici xarakter daşıyır. Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti üçün siyasi risk indikatorlarının sırası da kifayət qədər genişdir. Belə ki, son vaxtlar baş nazir Nikol Paşinyanın təhlükəsizlik strukturlarında qəfil kadr dəyişiklikləri etməsi risk səviyyəsinin artdığını göstərir. Çünki Kreml tərəfindən Ermənistanın seçki sistemlərinə yönələn kibertəhlükəsizlik insidentlərinin törədiləcəyi artıq qətiyyən şübhə doğurmur. Rəsmi İrəvanın Rusiyanın agentira şəbəkəsində yer alan radikal-revanşist qüvvələrə, erməni kilsəsinə və biznes oliqarxiyasına qarşı hüquqi təzyiqləri artırması isə Ermənistanda vəziyyətin qəliz olduğuna şübhə yeri buraxmır. Bütün bunlar onu göstərir ki, Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri yalnız ölkədaxili siyasi mübarizə deyil, həm də Rusiya və Qərb arasında amansız nüfuz savaşı kimi də diqqəti çəkəcək. Qərbə inteqrasiya və regionda iqtisadi-ticari əməkdaşlıq kursuna üstünlük verən Paşinyan hakimiyyətinin birmənalı şəkildə Rusiyanın hədəfində olacağını elə indidən təxmin etmək mümkündür. Kremlin informasiya manipulyasiyaları, diaspor, erməni kilsəsi, biznes oliqarxiyası, eləcə də, radikal revanşistlər və s. kimi hibrid alətlərlə seçki prosesinə müdaxilə edərək, Paşinyan hakimiyyətini devirməyə çalışacağı qətiyyən şübhə doğurmur. Elçin XALİDBƏYLİ, Geri qayıt |