Əsas Səhifə > Güney Press > Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artırBu gün, 11:44 |
"Ermənistan Azərbaycanla sülh sazişi imzalandığı təqdirdə öz iqtisadiyyatına əhəmiyyətli xarici investisiya axınını təmin edə biləcək. Bunu Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan parlamentdəki çıxışında bildirib. Qalstyan deyib ki, sülh prosesi ilə bağlı beynəlxalq tərəfdaşlardan alınan siqnallar və cavablar çox müsbətdir:
"Əgər sülh sazişi imzalanarsa, Ermənistan mövcud riskləri əhəmiyyətli dərəcədə azalda və xarici investisiyaların əhəmiyyətli axınını təmin edə bilər". Mərkəzi Bankın rəhbəri bununla əlaqədar Ermənistanın iqtisadi artım göstəricilərinin yenidən nəzərdən keçirilə biləcəyini istisna etməyib. Ermənistanın Almaniyadakı səfiri Viktor Yenqibaryan da deyib ki, artıq Ermənistan və Azərbaycan üçün əməkdaşlıq və firavanlıq dövrü başlayıb. Səfir bundan sonra regionda münaqişə yox, sülh məntiqinin üstünlük təşkil edəcəyini vurğulayıb. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da vurğulayıb ki, sülh sazişinin paraflanması Qafqaz regionu üçün onilliklər boyu davam edən düşmənçilik və qanlı münaqişələrdən sonra tarixi bir mərhələdir. O bildirib ki, bu saziş ili ölkə arasındakı münasibətlərin normallaşmasında çox önəmli bir irəliləyişdir: "Hazırda bu irəliləyiş sadəcə sazişin paraflanmasıdır, yəni yekun imzalanma deyil. Daha irəli getmək üçün Ermənistanın konkret addımlar atması, xüsusən də Azərbaycan əleyhinə ərazi iddialarını aradan qaldırmaq məqsədilə Konstitusiyasını dəyişdirməsi lazımdır". Onu da qeyd edək ki, "Gellap"ın Ermənistan nümayəndəliyinin sentyabrın 5-də açıqladığı rəsmi hesabata əsasən, 25-30 avqust sorğusunda iştirak edən respondentlərin 42,1 faizi Vaşinqton bəyannaməsinə müsbət, 47,6 faizi mənfi münasibətdə olduğunu deyib. Ermənistandan keçən dəhlizin (Zəngəzur dəhlizi) yaradılması ideyasına sorğu iştirakçılarının 35,5 faizi müsbət rəy bildirib, 58,9 faizi əks fikirdə olub.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Sherg.az-a açıqlamasında deyib ki, statistik göstəricilərə görə, Ermənistan ictimaiyyətində son bir ayda sülhü istəyənlərin sayı artmaqdadır. Ekspert hesab edir ki, gələn ilin iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra Paşinyanın mövqeyi artan xətlə gedəcək:
"Sonuncu rəy sorğusunun nəticələrinə görə, Paşinyanın partiyası əvvəlki sorğularla müqayisədə 4 faiz səslə birinci yerdə qərarlaşıb. Digər partiyaların cəmi səs faizi hakim partiyanın səsi qədər olmayıb. Ümid edirik, münasibətlərin bu şəkildə inkişafı, Ermənistanın sülhə doğru atdığı addımlar erməni ictimaiyyəti tərəfindən dəstəklənəcək. Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin yaxın günlərdə görüşəcəyi, sərhədlərin açılması ilə bağlı müzakirələr aparılacağı deyilir. Bu məsələ Ermənistanın orta təbəqəsi üçün olduqca vacibdir. Son bir ayda Ermənistan mətbuatında dərc olunan materiallarda Zəngəzur dəhlizinin faydaları da ictimaiyyətin diqqətinə çatdırılır. Bununla bağlı aparılan sorğularda əhalinin 30 faizdən çoxu layihəni dəstəkləyib, 20 faiz respondent isə dəstəkləmək fikrində olduğunu deyib. Yəni iş gedir".
Ç.Qənizadə vurğulayıb ki, sülh prosesində Paşinyana mane olan qüvvələr var:
"Moskvadan dəstək alan, ölkənin siyasi-ictimai həyatını qarışdırmaq istəyən qüvvələr var. Paşinyan həm bu revanşist qüvvələrlə mübarizə aparmalıdır, həm də ölkə ictimaiyyətini maarifləndirməyə davam etməlidir. Vaşinqton razılaşmalarına imza atıldığı andan etibarən, ola bilməz ki, ABŞ prezidenti Ermənistan baş nazirinə təhlükəsizliklə bağlı qarant verməsin. Yəqin ki, Paşinyanın siyasi hakimiyyətində baş verən hadisələrin Ermənistan cəmiyyətinə çatdırılması və maariflənmə istiqamətində müəyyən dəstəklərdən istifadə olunacaq. Bu, QHT-lər, müəyyən fondlara yardım vasitəsilə ola bilər. Hələlik görünən odur ki, 8 avqustda Vaşinqtonda paraflanmış sənədin icrasının addım-addım uğurla davamı gedir".
Siyasi şərhçi diqqətə çatdırıb ki, Ermənistanda radikal müxalifət Paşinyan əleyhinə hər zaman onu əsas gətirirdi ki, baş nazir torpaqları Azərbaycana verir, suverenliyə təhdid yaradır və s. Amma paraflanmış sənəddə aydın göstərilir ki, Ermənistanın suverenliyinə toxunulmur:
"Bu reallığı Ermənistan rəsmiləri, deputatlar da dilə gətirirlər. Ermənistanın sıravi vətəndaşı başa düşür ki, radikal müxalifətin iddiaları həqiqətə uyğun deyil. Dəhlizlə bağlı məsələ tərəfləri qane edəcək şəkildə Vaşinqtonda öz həllini tapdı. Ona görə son bir ayda Ermənistanda radikal müxalifətin reytinqi xeyli aşağı düşüb. "Daşnaksütyun" kimi partiyalar, revanşistlərin siyasi təşkilatları çox cüzi səs toplaya biliblər. Zəngəzur dəhlizinin əleyhinə olan əsas məqamlar - suverenlik və ərazi bütövlüyü məsələləri aradan qaldırıldıqdan sonra revanşistlər ortaya ciddi faktor qoya bilmirlər. Ən əsası isə burada ABŞ Prezidenti Donald Trampın imzası var. Zəngəzur dəhlizinin adı da "Tramp yolu"dur. Adı nə olur-olsun, dəhliz bizim üçün Naxçıvana sərbəst gediş-gəliş, Türkiyəyə çıxış deməkdir. Ermənistanın isə iqtisadi göstəricilərinə ciddi təsir göstərən amil olacaq".
Geri qayıt |