Əsas Səhifə > Güney Press > SEPAH-ın Azərbaycana “Pakistan döyüşçüləri” böhtanı
SEPAH-ın Azərbaycana “Pakistan döyüşçüləri” böhtanıDünən, 16:29 |
İranın mühafizəkar dairələrinə yaxın mərkəzlər Azərbaycanın ünvanına daha bir absurd iddia səsləndiriblər. Guya Pakistanın puştu və pəncab mənşəli 50 min döyüşçüsü muzdlu kimi Azərbaycana göndərilir, onların köçürülməsi də Türkiyə və İsrail xüsusi xidmət orqanlarının iştirakı ilə həyata keçirilir. Musavat.com xəbər verir ki, bu həyasız və absurd iddiaları SEPAH-ın telegram kanalları həyata keçiriblər. Əslində isə bu məlumatlar heç bir mənbə ilə təsdiqlənmir və tamamilə böhtan xarakteri daşıyır. Siyasi müşahidəçilərin fikrincə, bu cür uydurma iddialar İran daxilindəki mühafizəkar dairələrin sülh prosesinə qarşı sabotaj xəttinin bir hissəsidir. Məqsəd həm Azərbaycan–Pakistan, həm də Azərbaycan–Türkiyə münasibətlərini kölgə altına salmaq, eyni zamanda Pezeşkian hökumətinin həyata keçirdiyi barışıq addımlarını ləkələməkdir. Xatırladaq ki, bu ilin iyununda İsrailin İrana genişmiqyaslı hücumları zamanı ən qətiyyətli dəstəyi məhz Pakistan və Türkiyə nümayiş etdirmiş, Azərbaycan da İranın bombalanmasını sərt bir dillə pisləmişdi. Azərbaycan rəhbərliyi hətta İsrailə müraciət edərək, İranın Güney Azərbaycan ərazilərinin hədəfə alınmamasını istəmişdi. Yəni bugünkü böhtanların hədəfi əslində bu həmrəyliyi dağıtmaq və Azərbaycan–Pakistan–Türkiyə üçlüyünün yaxınlaşmasını əngəlləməkdir. Regiondakı yeni geosiyasi reallıq isə göstərir ki, nə SEPAH-ın dezinformasiyası, nə də konservativ dairələrin bu tip kampaniyaları Azərbaycan–Pakistan–Türkiyə əməkdaşlığını dayandıra biləcək. Əksinə, bu üç dövlətin strateji tərəfdaşlığı getdikcə güclənir və İranın böhtan siyasəti yalnız özünü daha da təcrid vəziyyətinə salır. Geri qayıt |