Əsas Səhifə > Güney Press / Ana xəbər > Dollarla bağlı mühüm proqnoz
Dollarla bağlı mühüm proqnozBu gün, 09:22 |
Bir müddətdir qızılın qiyməti ilə bağlı müxtəlif fərziyyələr irəli sürülür. Məsələn, “Goldman Sachs Group Inc” şirkətinin proqnozuna görə, Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyi zərbə alsa və investorlar ABŞ Xəzinə istiqrazlarında saxladıqları vəsaitin kiçik bir hissəsini belə qızıla yönəltsələr, onun qiyməti bir unsiya üçün təxminən 5000 dollara yüksələcək. Belə bir ssenari mümkündürmü? Bu halda dolların aqibəti necə olacaq? Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, sözügedən ehtimal ekstremal görünür: “Qızılın dəyəri bir sıra amillərdən asılıdır. Son dövrlərdə FED-in müstəqilliyinə təzyiqlər artıb. ABŞ Prezidenti Donald Trampın bəzi addımları maliyyə sabitliyini zəiflədib. Əgər bu müstəqillik və sabitlik daha da pozularsa, investorların alternativ yatırım kimi qızıla üz tutması, nəticədə qiymətin yüksəlməsi mümkündür. Digər tərəfdəinflyasiyanın artacağı ehtimalı gücləndikcə, qızıla tələbat da artır. “Goldman Sachs Group Inc.”in analitikləri bildirirlər ki, Trampın siyasəti ilə bağlı ziddiyyətli proqnozlar mövcuddur. Bir qrup inflyasiyanın yüksələcəyini, digərləri isə sabit qalacağını düşünür. ABŞ maliyyə sisteminə inamın azalması da qızıla tələbi artıran əsas səbəblərdəndir”. İqtisadçı qeyd edib ki, geosiyasi risklər, xüsusilə müharibə dövrləri həmişə qızılın qiymətini yüksəldib: “Risklər artanda həm qızıla, həm də kriptovalyutalara maraq artır. Belə vəziyyətlərdə investorların istiqrazlardan imtina edib qızıla yönəlməsi qiymətin kəskin bahalaşmasına səbəb ola bilər. Tarixi təcrübə göstərir ki, qızılın qiyməti artanda dollar adətən ucuzlaşır. FED-ə və ABŞ dollarının qlobal rezerv statusuna inam azaldıqda, dollardan kütləvi imtina onun dəyərini ciddi şəkildə sarsıdır. Bu isə qısa müddətdə qızılın daha da bahalaşmasına yol aça, uzunmüddətli dövrdə isə investorların digər valyutalarda aktivlərə üstünlük verməsinə gətirib çıxara bilər”. Ekspert əlavə edib ki, qızıl əsasən sığorta aləti kimi qəbul edilir: “Azərbaycan Dövlət Neft Fondu və digər investisiya fondları da portfellərində müəyyən faizlə qızıla sərmayə edirlər. Böhran dövrlərində bu faiz artır, sabitlik dövrlərində isə azalır. Yəni qeyri-sabit şəraitdə qızıla yatırım edənlər, sabit dövrlərdə isə istiqraz və səhmlərə üstünlük verənlər daha çox qazanırlar. Nəticə etibarilə, qızılın 5000 dollaradək yüksəlməsi yalnız qlobal maliyyə bazarlarında güclü inamsızlıq və yeni böhran yaranacağı halda mümkündür. İstənilən halda, bütün investisiya portfellərində riskləri balanslaşdırmaq üçün müəyyən həcmdə qızıla sahib olmaq ənənəvi qaydadır”. Geri qayıt |