Əsas Səhifə > Güney Press > Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi"

Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi"


Bu gün, 14:48

Bakının Yasamal rayonunda 2008-ci il təvəllüdlü Namiq mübahisə zamanı əvvəllər tanımadığı Vüqar və onun dayısı oğlu Ceyhuna (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə 23 may 2023-cü ildə Yasamal rayonunda baş verib.

Bakı şəhər sakini Namiq həmin gün Moskva prospektində “20 Yanvar” metrostansiyasına doğru piyada keçidi ilə hərəkətdə olarkən əvvəllər tanımadığı və heç bir münasibətinin olmadığı Vüqarın və Ceyhunun onun bacısı Xumarla qonşuları Səidəyə sataşdıqlarını, Vüqarın əli ilə bacısının çiynindən tutub saxlamağa çalışdığını görüb.

Dərhal oğlanlara yaxınlaşıb, qızlardan birinin bacısı, digərinin qonşusu olduğunu deyib, belə əxlaqa uyğun gəlməyən hərəkətlərə görə onlara irad tutub. Daha sonra həmin şəxslərə heç kəsin olmadığı sakit yerdə söhbət etməyi məsləhət göprüb. Kənara çəkildikdə Namiq dayı və bibioğlanlarından bacısına sataşmalarına aydınlıq gətirmələrini tələb edib.

Ceyhun özlərinə haqq qazandırıb, onun azyaşlı olması səbəbilə irad tutmağa ixtiyarının çatmadığını deyib.

Yaranmış mübahisə zamanı Namiq Ceyhunun sifətinə yumruq vurub və ona burun sümüklərinin sınıqları xəsarəti yetirib.

Ardınca Vüqarın da sifət nahiyəsindən vurub, o da müxtəlif dərəcəli xəsarətlər alıb.

“Bacım onları narahat etdiyini dedi”

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə izahat verən Namiq ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, 11 ildir cüdo idman növü ilə məşğuldur:

“Hadisə günü, yəni 2023-cü ilin mayın 23-də idmana getmək məqsədi ilə "20 Yanvar" metrostansiyası tərəfdə 114 nömrəli avtobusdan düşdüm. Metroya düşəndə bacımın arxasında iki oğlanın dayandığını, sonradan Vüqar adı ilə tanıdığım şəxsin bacıma əl atdığını gördüm. Onlara yaxınlaşaraq nə baş verdiyini soruşdum.

Bacım həmin şəxslərin onların arxasınca düşdüyünü, narahat etdiklərini dedi. Həmin iki oğlana kənara çəkildim, məsələni aydınlaşdırmağı təklif etdim.

Kənara çəkildik, onlardan nəyə görə belə davrandıqlarını soruşdum. “Sən uşaqsan, uşaq işi ilə məşğul ol, yaxşı eləmişik” dedilər. Bu sözdən sonra onların hərəsinə bir zərbə vurdum”.

“Mənə sərt şəkildə “sən uşaqsan” dedilər”

Təqsirləndirilən şəxs qeyd edib ki, əvvəlcə Ceyhunu vurub: “Ağzına vurmaq istəsəm də, zərbə burnuna dəydi. Daha sonra Vüqarın gözünə zərbə vurdum. Sonra da çantamı götürüb getdim.

Hadisə zamanı yanımda iki dostum vardı. Hadisəni onların görüb-görmədiklərinə fikir vermədim. Ceyhun mənim bacıma əl atmayıb. Amma bacım həmin şəxslərin hər ikisinin onları narahat etdiklərini dedi.

Mən Vüqara tək yaxınlaşdım, əlimi onun çiyninə atdım. Ətrafda çox adam olduğu üçün məsələni bayırda aydınlaşdırmağı təklif etdim. Təxminən 20 metr aralıda köşk var. Zərərçəkmiş şəxslər mənə sərt şəkildə “sən uşaqsan” dedilər”.

“Tanış olmaq istədiyimi bildirdim”

İş üzrə zərərçəkmiş Vüqarın sözlərinə görə, Laçın rayonunda hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi komandir vəzifəsində işləyib: “10 günlük məzuniyyət götürüb rayona getdim, bir neçə gün qaldıqdan sonra Bakı şəhərində qohumumun evinə gəldim. Bibimoğlu Ceyhunla şəhərə çıxdıq. “Sahil” metrostansiyası tərəfdə iki qız gördük.

Mənim qızların birindən, bir qədər çəkili olan qızdan xoşum gəldi. Lakin cürət edərək yaxınlaşa bilmədim. Yolumuz “20 Yanvar” metrostansiyası istiqamətindəydi. Qızlarla eyni anda metroya daxil olduq, “20 Yanvar”dan çıxanda Ceyhuna bir dəqiqə sonra qayıdacağımı dedim. Bibim oğluna zəng gəldi. O, qapı tərəfdə telefonla danışdı.

Mən qızlardan birinə yaxınlaşdım, onunla tanış olmaq istədiyimi bildirdim. Qızlar mənimlə tanış olmaq istəmədiklərini bildirdilər. Üzr istəyib uzaqlaşmağa hazırlaşdım.

Bu zaman Namiq gəldi, əlini çiynimə qoyaraq məni kənara çəkdi. Ceyhun da baş verənləri gördü. Namiqin yanında daha iki nəfər vardı. Məni qapıya söykədilər. Namiq mənimlə üzbəüz, digər iki nəfər yanımızda durdular.

Onlardan üzr istədim, yaşda böyük olduğumu dedim. Həmin sözü deyən kimi Namiq bizi vurdu. Mən gözümü xəstəxanada açdım. Başqa heç nə xatırlamıram”.

“Qardaşım bizi gördü”

İş üzrə şahid qismində danışan Xumarın ifadəsinə görə, hadisə günü rəfiqəsi ilə şəhərə çıxıb: “Dənizkənarı bulvarda gəzişdikdən sonra kimlərinsə arxamızca səsləndiyini eşitdik, amma fikir vermədik. “Sahil” metrostansiyasının yaxınlığında mağazaya girdik. Arxamızca gələnlərin gedəcəklərini düşündük.

20-25 dəqiqə mağazada dayansaq da, küçəyə çıxanda onlar yenə də arxamızca gəldilər. Metroya düşəndə biri digərinə “bizə fikir vermirlər, gəl çıxaq gedək” dedi. Digəri isə “narahat olma, mənlikdir” deyə cavab verdi.

“20 Yanvar”dan çıxanda adının Vüqar olduğunu sonradan bildiyim şəxs yaxınlaşaraq mənim belimə toxundu. O biri oğlan kənarda dayanıb güldü. Bu zaman təsadüfən qardaşım gələrək bizi gördü”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Namiq 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum şəxsin vəkili apellyasiya şikayəti verib, müvəkkilinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzanın şərti hesab olunmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət qismən təmin olunub və məhkum olunan şəxsin cəzası 3 il 2 ay 28 günə endirilib.


Geri qayıt