Əsas Səhifə > Güney Press > Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır

Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır


Dünən, 12:00

Rusiya-Ukrayna müharibəsinin nizamlanması məsələsində ən mühüm hədəflərdən biri Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında birbaşa görüşün baş tutmasıdır. Bu görüşün reallaşması, münaqişənin dinc yolla həllinə yönəlik diplomatik səylərin zirvəsi kimi qiymətləndirilir.
 
Bu sözləri Sherg.az-a açıqlamasında Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.
Politoloqun sözlərinə görə, tarixi baxımdan belə görüşlər beynəlxalq münasibətlərdə gərginliklərin yumşaldılması və sülh proseslərinin irəliləməsi üçün vacib addım hesab olunur:
“Bir müddət əvvəl Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə Putin arasında keçirilən görüşdən qısa müddət sonra ABŞ Prezidenti Ağ Evdə Ukrayna Prezidenti və Avropa liderləri ilə görüşüb bu istiqamətdə müzakirələr apardı. Bu görüşlər Rusiya-Ukrayna münaqişəsinin həllində dialoqun vacibliyini göstərən önəmli siqnallar kimi qəbul edildi. Hətta həmin görüşdə Putin ilə Zelenski arasında bir görüşün təşkil olunmasına hazırlıq getdiyi də bildirilmişdi. Lakin sonradan Rusiya rəsmiləri Prezident Putinin belə bir görüşdə iştirak planının olmadığını bəyan etdi. Ukrayna tərəfi isə dəfələrlə bu görüşdə maraqlı olduğunu bəyan edib. Zelenski üçün bu, həm beynəlxalq aləmdə mövqeyini gücləndirmək, həm də daxili auditoriyada liderliyini təsdiqləmək baxımından strateji əhəmiyyət daşıyır. Görüşün baş tutmaması isə müharibənin müddətinin uzanmasına, neqativ proqnozların artmasına və diplomatik təşəbbüslərin səmərəsinin
zəifləməsinə səbəb olur”.
 
İ.Hüseynovun sözlərinə görə, Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır:
"Xatırlayırsınızsa, Tramp ilə Putin arasındakı Alyaska görüşündə Rusiya prezidenti tərəfindən növbəti görüşün Rusiyada keçirilməsi fikri irəli sürüldü və Tramp bu təklifə etiraz etmədi. Lakin yaxın perspektivdə belə bir görüşün reallaşacağını real hesab etmirəm".
Politoloqun sözlərinə görə, müharibə şəraitində olan dövlətlər arasında görüşün keçirilməsi məsələsi yalnız iştirakçıların iradəsi ilə məhdudlaşmır. Eyni zamanda, görüşün yeri də strateji əhəmiyyət kəsb edir: “Belə bir görüş üçün neytral bir məkan seçilməsi vacibdir. Tarixi təcrübələr göstərir ki, belə vəziyyətlərdə tərəflərin hər biri üçün qəbul edilə bilən və beynəlxalq aləmdə tərəfsiz hesab olunan məkanlar daha məqsədəuyğundur. Məsələn, Rusiya ABŞ Prezidenti ilə görüşün əvvəlcə Birləşmiş Ərəb Əmirliklərində keçirilməsini təklif etmişdi, lakin ABŞ tərəfi Alyaska seçimində üstünlük qazandı. Bu nüans, görüşün həm simvolik, həm də praktiki əhəmiyyətini ortaya qoyur. Nəticə olaraq, Zelenski və Putin arasında birbaşa dialoqun təşkili, münaqişənin həllində mühüm addım ola bilər. Lakin hazırkı vəziyyət onu göstərir ki, görüşün baş tutması üçün diplomatik səylərin davam etdirilməsi, neytral məkanın seçilməsi və tərəflərin kompromisə hazır olmaları əsas şərtlərdir. Bu görüş yalnız müharibənin gedişatını dəyişmək deyil, həm də beynəlxalq münasibətlərdə sülhə yönəlik mesajların çatdırılması baxımından kritik əhəmiyyətə malikdir”.

Geri qayıt