Əsas Səhifə > Güney Press > “Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir”

“Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir”


Dünən, 12:35

Musavat.com xəbər verir ki, son zamanlar sosial şəbəkələrdə və müxtəlif platformalarda süni intellekt vasitəsilə müqəddəs şəhidlərimizin “dirildilməsi”, onlara müxtəlif fikirlərin “dedizdirilməsi” cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. İlk mərhələdə bu addım bəzi insanlarda emosional təsir yaratsa da, sonradan prosesin kütləvi hal alması, məzmunun fərqli istiqamətlərə yönləndirilməsi və şəhidlərimizin adlarının fərdi maraqlar naminə istifadə olunması ciddi narazılıq doğurub.

Amerikada yaşayan tanınmış jurnalist və diaspora nümayəndəsi Zaur Bayramlı məsələ ilə bağlı Musavat.com-a açıqlamasında bu cür addımların yolverilməz olduğunu vurğulayıb. O bildirib:

“Süni intellekt vasitəsilə şəhidlərimizin ‘danışdırılmaları’ heç yaxşı bir şey deyil. Hətta pisdir. Hətta və hətta iyrəncdir! Hər kəs ürəyindən keçənləri şəhidlərimizə ‘dedirtməyə’ qalxsa, ortalıqda dəyər adına, müqəddəslik adına heç nə qalmaz.”

Zaur Bayramlı hesab edir ki, bu məsələdə ən böyük zərbəni şəhid ailələri alır və onların buna qəti şəkildə etiraz etməsi vacibdir:

“Şəhid ailələrimizin buna ciddi və qəti şəkildə etiraz etmələri lazımdır. Eyni zamanda, dövlətimizin şəhid adının, şəhidlik təsisatının qorunmasını təcili olaraq qanunvericilik çətiri altına alması lazımdır.”

Jurnalist həmçinin sosial şəbəkələrdə “layk” və izləyici qazanmaq üçün bu mövzudan istifadə edənləri sərt şəkildə tənqid edib:

“Etməyin, eyləməyin! İP üçün, lənətə gəlmiş ‘layk’ üçün dəyərlərimizlə və dəyərlilərimizlə oynamayın. O ailələrin onsuz da qapanmayan yaralarının qaysaqlarını murdar dırnaqlarınızla qoparmağa çalışmayın!”

Beləliklə, süni intellekt vasitəsilə şəhidlərin “danışdırılması” mövzusu ictimai rəydə ciddi narazılıqla qarşılanır. Zaur Bayramlının da qeyd etdiyi kimi, bu istiqamətdə həm cəmiyyətin, həm də dövlətin daha ciddi mövqe ortaya qoyması tələb olunur.

Musavat.com


Geri qayıt