Əsas Səhifə > Güney Press / Partiya > "Putinin zamanı bir az da uzadaraq sonunda tam imtina etməsi gözləniləndir"

"Putinin zamanı bir az da uzadaraq sonunda tam imtina etməsi gözləniləndir"


Bu gün, 06:27

ABŞ Prezidenti Donald Tramp ölümündən sonra cənnətə düşmək istədiyini və buna Ukraynada müharibənin dayandırılması istiqamətində atdığı addımların kömək edə biləcəyini bildirib. Tramp bu barədə "Fox News"a müsahibəsində deyib. Ağ Ev rəhbəri qeyd edib ki, əgər hər həftə minlərlə insanın öldürülməsinin qarşısını ala bilsə, bu, böyük uğur olar: 
"Mən cənnətə düşmək istəyirəm və düşünürəm ki, münaqişənin həlli bu yolda səbəblərdən biri ola bilər". O, həmçinin qeyd edib ki, prezidentliyi dövründə Hindistan və Pakistan arasındakı gərginliyi danışıqlar yolu ilə azaldaraq mümkün müharibənin qarşısını alıb. Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya və Ukrayna prezidentlərinin görüşünün hələ planlaşdırılmadığını, lakin Vladimir Putinin sammit üçün gündəlik hazır olduqda Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib. Lavrov, həmçinin qeyd edib ki, hazırda görüşə uyğun gündəlik yoxdur.
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib ki, cənnətə getmək istəyən Trampın təkid etdiyi ikitərəfli Putin-Zelenski görüşü olmayacaq. Ekspertin fikrincə, iki düşmənin, bir-birilərinə sonsuz nifrət bəsləyən iki dövlət başçısının belə bir görüşü bütün sülh prosesini uzun müddətə poza bilər: 
"Vaxt udmağı əsas hədəfə çevirən Putin belə bir görüş haqqında düşünürmüş kimi qeyri-müəyyən açıqlamalar verir. Putinin zamanı bir az da uzadaraq sonunda tam imtina etməsi gözləniləndir. Hətta ABŞ-nin təkidi ilə belə bir görüş baş tutarsa, bu, heç nə həll etməyəcək. Əksinə, zəif ümidləri də öldürə bilər, çünki tərəflərin mövqeyi o qədər antoqonist, barışmazdır ki, konkret razılığa gəlmək qeyri-mümkündür. Amma belə görüşdən sonra Tramp da, Putin də Ukraynanı günahlandıracaqlar. Çünki hələ ki, nə Tramp, nə də Putin dəyişib. Ona görə də, baş tutmayacaq bir görüşün məkanı haqqında təxminlər, proqnozlar söyləməyin mənası yoxdur".
Siyasi şərhçi vurğulayıb ki, Tramp görüş siyasətindən imtina edib, təcili ən sərt sanksiyalar qəbul etməli, paralel olaraq Ukraynaya ən müasir silahlar verməli və Rusiya üçün konkret vaxt qoymalıdır: 
"Əgər Rusiya "X" zamana qədər müharibəni dayandırıb danışıqlara başlamazsa, həmin vaxt Avropa ölkələri tərəfindən Ukraynaya təhlükəsizlik zəmanətinin praktik şəkildə həyata keçirəcəyinin başlanğıc tarixi olacaq. Razı olmayan Rusiyanın sülh istəmədiyi bir daha dünyaya əyani şəkildə sübut olacaq. O zaman, yalnız Avropa deyil, Rusiyanın dünyadakı azsaylı məlum dostlarından başqa digər dünya dövlətləri də Rusiyaya təzyiq vasitəsi kimi Ukraynaya hərtərəfli yardımlar edəcəklər".

Geri qayıt