Əsas Səhifə > Güney Press > Paşinyan-Ter-Petrosyan davası yenə qızışıb
Paşinyan-Ter-Petrosyan davası yenə qızışıbBu gün, 15:59 |
Baş nazir Nikol Paşinyan eks-prezident Levon Ter-Petrosyana sərt cavab verib. “Cebheinfo.az”-ın məlumatına görə, Nikol Paşinyan bu barədə özünün “Facebook” səhifəsində yazıb: “Hörmətli Levon Ter-Petrosyan, siz 1996-cı ildə seçkilərin nəticələrindən, 1998-ci ildə hakimiyyətdən, 2008-ci ildə müxalifətdən qaçmısınız. Sizə ehtiyac yoxdur. Sadəcə sakitləşin və Ermənistan Respublikasında bərqərar olmuş dinc həyatdan həzz alın. Hamınıza yaxşı günlər arzulayıram”. Qeyd edək ki, Levon Ter-Petrosyan Nikol Paşinyanın Qarabağı könüllü tərk etmiş ermənilərin geri qayıtmayacağına dair açıqlamasını tənqid edib. Ermənistanla Azərbaycan arasında daim sülh tərəfdarı kimi tanınan Levon Ter-Petrosyanın sözügedən bəyanatı dolayısı ilə avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış razılaşmaya qarşı çıxması deməkdir. Azərbaycan əraziləri Ter-Petrosyanın presidentliyi dövründə işğal olunsa da sonradan o, bu münaqişənin Ermənistanın gələcəyi üçün ciddi problemlər yaradacağını bəyan edərək 1997-ci ildə“Mərhələli sülh planı” adlanan təkliflər paketini qəbul edərək işğal olunmuş əraziləri Azərbaycana qaytarmağa razılıq verib. Lakin Rusiyanın dəstəyi ilə radikal müxalifət onu impiçment edərək“Qarabağ klanı”nın lideri Robert Köçəryanı hakimiyyət başına gətirmişdi. Müxalifətdə olduğu illərdə də Ter-Petrosyanla“Qarabağ klanı” arasında siyasi düşmənçilik davam edib. Ermənistanın birinci prezidentinin Azərbaycanla sülh sazişinin paraflanmasından sonra fəallaşması onun Qarabağ ermənilərinə rəğbətindən daha çox sülh prosesini pozmaq cəhdi kimi şərh edilə bilər. Əslində, Levon Ter-Petrosyanın radikallaşması 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərinə hesablanıb. Yəni sabiq prezident ilk növbədə daxili ictimai rəyə yönəlik siyasi mesaj verir. Ermənistan cəmiyyəti birmənalı şəkildə Robert Köçəryanın və Serj Sarkisyanın hakimiyyətə qayıtmasına qarşıdır. Kilsənin başlatdığı etiraz hərəkatı da demək olar ki, nəticə vermədi. Bir sıra arxiyepiskopların və rusiyalı milyarder Samvel Karapetyanın həbsindən sonra hakimiyyətə əsas alternativ hesab edilən kilsənin siyasi mövqeyi xeyli zəifləyib. Görünür, Levon Ter-Petrosyan yaranmış siyasi boşluqdan istifadə edib müxalifət düşərgəsində təşəbbüsü ələ almağa çalışır. Ermənilərin Qarabağa qaytarmasına ehtiyac olmadığını deyən Nikol Paşinyanı Ter-Petrosyanın tənqid hədəfinə çevirməsi də revanşist müxalifətin elektoratını öz tərəfinə çəkmək cəhdidir. Bu baxımdan, Ter-Petrosyanın mesajı həm də Rusiyaya ünvanlanıb. Sabiq prezidentin liderlik etdiyi Ermənistan Milli Konqresi Rusiyaya bağlı siyasi qüvvə sayılır. Bu mənada, o, Qərbyönümlü Nikol Paşinyanı əvəz etməyə hazır olan və Rusiyanın strateji maraqlarını qoruyacaq fiqur kimi siyasi demarş etməkdədir. Ancaq aparılan rəy sorğuları Ter-Petrosyanın siyasi reytinqinin bir faizdən də az olduğunu göstərir. Bu göstərici ilə onun seçkilərdə qalib gəlmək şansı yoxdur. Ona görə də Ter-Petrosyanın radikal cinaha xas açıqlamalar verməsi yəqin ki, populist vasitələrlə reytinqini artırmaq məqsədi daşıyır. “Cebheinfo.az” Geri qayıt |