Əsas Səhifə > Güney Press > Azərbaycanda internet tam kəsiləcək?
Azərbaycanda internet tam kəsiləcək?Bu gün, 15:18 |
Xəbər verdiyimiz kimi, dünən ölkə ərazisində internetlə bağlı ciddi problemlər yaşandı. Problem həm provayderlərdə, həm də mobil operatorlarda müşahidə edilirdi. Bəzi istifadəçilər sosial şəbəkələrə qismən daxil ola bilsələr də, digərləri internet resurslarına çıxış əldə edə bilmirdi. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamasına görə, yaranmış problemlər ölkənin əsas magistral internet provayderlərindən biri olan“Delta Telekom”-a qarşı həyata keçirilmiş DDoS tipli kiberhücum nəticəsində yaranıb. Nazirlik bildirib ki, internet xidmətlərinin davamlılığını təmin etmək üçün trafik dərhal digər“backbone” operatorlara - “Azertelecom” və “Aztelecom” şəbəkələrinə yönləndirilib. Bununla yanaşı, yaranan problemin Rusiyadan qaynaqlana biləcəyi ehtimalı da irəli sürülüb. Son hadisə kiberhücumların dövlətlərarası münasibətlərdə təzyiq alətinə çevrildiyini göstərir. Baş verənlər bir daha ölkənin“rəqəmsal suverenliyi” məsələsini gündəmə gətirdi. Bəs bu, sadəcə texniki nasazlıq idi, yoxsa məqsədli kiberhücum? Trafikin digər provayderlərə yönləndirilməsi internet təhlükəsizliyi baxımından yetərlidirmi? Mövzu ilə bağlı “Cebheinfo.az”a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, bu, məqsədli şəkildə xaricdən həyata keçirilən mütəşəkkil kiberhücumdur: “Bu hücumun arxasında böyük maliyyə dəstəyi olan xarici mənşəli bir neçə kiberqrup dayanır. Azərbaycanda hazırda bir neçə “backbone” mövcuddur. Bunlardan biri “Baktelecom”, digəri “Azeronline”, eləcə də “Aztelekom”un yeni çəkdiyi xəttdir. Bundan başqa, Azərbaycan yaxın vaxtlarda yeni transmilli xətt də çəkəcək. Ona görə də ölkədə internetin tamamilə kəsilməsi mümkün deyil”. Elvin Abbasov qeyd edib ki, Azərbaycanda internetin tamamilə dayandırılması mövzusu artıq aktual deyil: “Belə bir halın baş verməsi mümkün deyil. Bu, əvvəlki dövr idi ki, bir xətt vardı. Bütün yük həmin xəttin üzərində idi və o xətdə problem yarananda internet tamamilə sıradan çıxırdı. İndi isə vəziyyət dəyişib. Problem olanda, maksimum 5 dəqiqə ərzində trafik digər xəttə yönləndirilir, yəni bunlar yetərlidir. Hazırda Azərbaycanda alternativ “backbone” provayderləri var. Bu səbəbdən internetin tamamilə dayandırılması nəinki Azərbaycanda, ümumiyyətlə, heç bir ölkədə aktual deyil. Belə bir məsələ artıq gündəmdən çıxıb”. Geri qayıt |