Əsas Səhifə > Güney Press / Partiya > “Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə...
“Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə...Bu gün, 10:17 |
Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli Fransanın RFI radiostansiyasının rus xidmətinə müsahibə verib. Haqqın.az yazır ki, AXCP sədri müsahibəsində bir sıra ziddiyyətli bəyanatlar və açıq-aşkar manipulyasiya xarakterli şərhlər səsləndirib. Maraqlıdır ki, RFİ jurnalisti müsahibədə Azərbaycan əleyhinə qərəzli mövqeyi ilə seçilib. Məsələn, Azərbaycan Prezidentinin Vaşinqtona səfərindən az sonra dərc olunmuş ABŞ Dövlət Departamentinin “siyasi məhbuslar” hesabatına çoxlu istinadlar edib. “Əlbəttə, "siyasi məhbuslar" mövzusu Ə.Kərimlinin də ürəyincə olan mövzudur, çünki radikal müxalifət bu mövzuda beynəlxalq strukturların diqqətini və qrantlarını cəlb etmək vasitəsi kimi istifadə olunur", - deyə Haqqın.az yazır. Müsahibəyə gəlincə, Ə.Kərimli “Azərbaycan müxalifətinin sıxışdırılması və siyasi meydanda zərərsizləşdirilməsi” barədə ağızdolusu danışır, amma ölkədə siyasi dialoqun təşəbbüskarının məhz Azərbaycan hakimiyyəti olduğunu ya “unudur”, ya da bilərəkdən görməzlikdən gəlir. Rusdilli sayt bu mövzudakı şərhində yazır ki, AXCP ardıcıl olaraq hakimiyyətin dialoq təşəbbüsü rədd edib, konstruktiv əməkdaşlıq proseslərində iştirak edən qüvvələri isə tənqid edib və təzyiq göstərib. AXCP sədri hakimiyyətə iddialı olduğunu desə də, yenə də unudur ki, uzun illər ardıcıl olaraq bütün səviyyələrdə seçkiləri boykot edib. Əslində Ə.Kərimli seçkilərdə iştirakdan imtina etməklə bu prosesi gözdən salmaq üçün çalışıb. Nəhayət, AXCP sədrinin indilikdə hakimiyyətə qarşı yenidən “boy göstərmək cəhdi” Vaşinqton görüşündən narahat olan Rusiya və Fransanın anti-Azərbaycan mövqeyinə dəstək kimi qiymətləndirilə bilər. Hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki təmsilçilərindən olan Aydın Mirzəzadə “Yeni Müsavat”a dedi ki, AXCP sədrinin açıqlamaları təəccüblü deyil: “Radikal müxalifətçi Əli Kərimli heç vaxt Azərbaycanı sevməyib. Onun fəaliyyəti dövründə özünü hüquqşünas, demokrat müxalifət kimi göstərsə də, əslində əsas məqsədi Azərbaycan iqtidarına deyil, ümumilikdə Azərbaycana müxalif olmaqdır. Torpaqlarımız 30 ilə yaxın müddətdə işğal altında qalanda bir dəfə də olsun ki, işğaldan, bir milyona yaxın məcburi köçkün faktorundan, onların acınacaqlı həyatından danışmayıb. Ermənistanı heç zaman pisləməyib. Azərbaycana qarşı xaricdən olan siyasi təzyiqlərdən də danışmayıb. Vətən müharibəsi dövründə Fransa və bir neçə digər dövlətin ölkəmizə qarşı təzyiqlərinə susub. İndinin özündə də işğaldan azad olunan torpaqlarda görülən işlərdən, Türk dünyasının birliyinin yaradılması üçün Azərbaycanın göstərmiş olduğu fəaliyyətdən heç zaman söz açmayıb. O, həmişə Azərbaycana müxalif olaraq, beynəlxalq birlikdə ölkəmizi mənfi qələmə verməyə çalışıb. Əli Kərimli olmayan məsələləri şişirtməyə, eyni zamanda onu zorla Azərbaycana diktə etməyə çalışır. Siyasi məhbus məsələsindən danışır. Halbuki ölkəmizdə siyasi əqidəsinə görə həbs edilən bir nəfər də yoxdur. Bütün məhkəmə prosesləri açıq şəkildə keçirilir. Əgər Azərbaycanda radikal müxalifət sıxışdırılırsa, niyə Əli Kərimli sərbəst gəzir? Necə olur ki, bu gün Azərbaycan iqtidarını Əli Kərimlidən də sərt tənqid edən Qüdrət Həsənquliyev, Fazil Mustafa və digərləri ölkə parlamentində fəaliyyət göstərirlər? Əli Kərimli Fransa mətbuatına verdiyi müsahibədə Fransanın Azərbaycana qarşı ədalətsiz mövqeyinə, Parisin İrəvanın işğalçılıq siyasətinə nədənsə heç bir fikir bildirmədi. Eyni zamanda nədən Azərbaycan Prezidentinin Vaşinqtona uğurlu səfərinə və bu səfər nəticəsində bədnam "907-ci düzəliş"in dayandırılması barədə ABŞ Prezidentinin sərəncamına toxunmadı? Amerika ilə Azərbaycan arasında strateji əməkdaşlıq barədə sazişin imzalanmasına hazırlığın getməsinə nə üçün toxunmur? Əli Kərimlinin indi Fransa radiosuna müsahibə verməsi mümkündür ki, xaricdən gələn tapşırıqdır. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, ABŞ kimi ölkə ilə Trampın gəlişindən sonra münasibətlərin əvvəlki konstruktiv həddə çatması həmin dairələri narahat edir. Əli Kərimli vasitəsilə onlar buna kölgə salmağa çalışırlar. Əvvəlki sədr Əbülfəz Elçibəydən təhvil aldığı siyasi partiyada Elçibəy dövründə fəaliyyət göstərən şəxslərdən kimsə qalmadı. Onların hamısını partiyadan uzaqlaşdırdı. Mətbuatda da göründüyü kimi, onun rəhbərlik etdiyi təşkilatda şəxsiyyətəpərəstlik yaranıb. Onu tənqid etmək, fərqli fikir söyləmək mümkün deyil. Qurultay qabağı namizədliklərini verəcək insanlar təcili partiyadan xaric olunur. Onun partiyasında özündən başqa kimsə Azərbaycan siyasətində tanınmır. Öz təşkilatında tərəfdarlarına nümunə olmayan bu gün Azərbaycan cəmiyyətinə nə nümunə verə bilər?" AMİP liderinin köməkçisi Əli Orucov Ə.Kərimlinin islahını qeyri-mümkün sayır: “Heç kim inkar etmir ki, partiyaların və mətbuatın, eləcə də vətəndaş cəmiyyəti institutlarının tam sərbəst fəaliyyət göstərməsində çatışmazlıqlar qalır. ABŞ Dövlət Departamentinin yaydığı hesabatda Azərbaycanla bağlı hissəsində əksini tapanlar şişirdilib. Bu, Azərbaycanı istəməyən və təzyiq altında saxlamaq istəyən qüvvələrə pas ötürməkdir. Azərbaycan elə bir geopolitik məkanda yerləşir ki, mərkəzi hakimiyyət möhkəm olmasa, indiki mürəkkəb dönəmdə idarə etmək və təhlükəsizliyini, maraqlarını qorumaq çətin olardı. Demokratiya adı altında anarxiya Azərbaycanı uçuruma aparardı və əldə edilən böyük zəhmət və səylər hesabına uğurlar da puç olardı. Dünya dəyişir, mübarizənin üsulları və metodları də dəyişir. Ancaq AXCP və onun lideri Əli Kərimli hələ də 90-cı illərdə qalıb. Elə zənn edir ki, Azərbaycanı xarici ölkələrə, xüsusən də Fransa kimi bizə münasibəti neqativ olan dövlətin mediasında pisləməklə nəyəsə nail ola biləcək. Problemlərin olduğunu heç kəs inkar etmir, ancaq bu problemlər daxildə dialoq və dəyirmi masa arxasında müzakirəyə çıxarılıb həll edilir. Fransa ermənidən betərdir. AXCP lideri bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə, demək, onun islahı qeyri-mümkündür”. Geri qayıt |