Əsas Səhifə > Güney Press > Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir
Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdirBu gün, 14:54 |
Cənubi Qafqazda baş verən siyasi dəyişikliklər yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılması bütün region üçün əhəmiyyətlidir. Xüsusilə Ermənistan üçün bu, uzun illər davam edən təcrid vəziyyətindən çıxmaq və beynəlxalq nəqliyyat şəbəkələrinə qoşulmaq baxımından böyük fürsətdir. Zəngəzur dəhlizinin açılması ilə Ermənistan həm İrana, həm də Rusiyaya dəmir yolu bağlantısı əldə edə, Orta dəhliz vasitəsilə Asiya və Avropa bazarlarına çıxış imkanı qazana bilər. Eyni zamanda, Türkiyə ilə sərhədlərin açılması da Ermənistanın iqtisadi inkişafına töhfə verəcək. Bütün bu proseslər isə bölgədə sülh və sabitliyə xidmət edə, əməkdaşlıq üçün yeni yollar aça bilər.
Millət vəkili Azər Badamov Sherg.az-a yekun sülh müqaviləsindən sonra Ermənistanın əldə edəcəyi iqtisadi və siyasi imkanlardan danışıb:
"Zəngəzur dəhlizinin və Azərbaycanla yekun sülh müqaviləsi bağlanılaraq bütün kommunikasiyaların açılması Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir. Uzun illər Azərbaycana qarşı apardığı düşmənçilik siyasətinə görə Ermənistan dünyadan təcrid olunmuşdu. Kommunikasiyaların açılması İrəvana beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçısı imkanını qazandıracaq. Belə ki, Ermənistan Naxçıvan üzərindən İrana və Fars körfəzinə qədər dəmir yolu bağlantısı əldə edə biləcək. O cümlədən Azərbaycanın üzərindən Rusiya ilə dəmir yolu vasitəsilə daşmaların edilməsi, Asiyadan Xəzər dənizi üzərindən reallaşmış Orta dəhlizin iştirakçısı olmaq imkanına malik olacaq".
Parlamentari Ermənistanın Azərbaycanla yekun sülh müqaviləsinin imzalanmasından sonra Türkiyə ilə də qapılarının açılacağını söyləyib:
"Türkiyə üzərindən Avropaya qədər dəmir yolu bağlantısı meydana gələcək. Qısa olaraq deyə bilərik ki, kommunikasiyaların açılmasından ən çox qazanan ölkələrdən biri Ermənistan olacaq. Təbii ki, bizim üçün əsas hədəf Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla birləşməyimizdir. Bu məsələnin də yaxın zamanlarda reallaşacağının şahidi olacağıq. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanandan sonra biz qonşu ölkələr olaraq yenidən inteqrasiya olunacağıq. Bu da gələcəkdə Azərbaycandan neft və qazın idxalı üçün Ermənistana yeni imkanları qazandıracaq".
Geri qayıt |