Əsas Səhifə > Güney Press > Ağ Evdə Ukrayna müzakirələri:

Ağ Evdə Ukrayna müzakirələri:


Bu gün, 13:00

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş olub. İki ölkə liderləri söhbətini bağlı qapılar arxasında davam etdirərək yekunlaşdırıblar. Ümumilikdə ictimai söhbət təxminən 25 dəqiqə davam edib.

Zelenski ABŞ Prezidentinə və xanımına Ukrayna böhranının həllində göstərdikləri sülhməramlı səylərə görə təşəkkür edib.

Məlumatda qeyd olunub ki, Ukrayna lideri amerikalı həmkarı ilə onların əvvəlki görüşündə olduğu kimi ingilis dilində danışıb.

ABŞ lideri bildirib ki, Ukrayna Şimali Atlantika Alyansının üzvü olmayacaq: “Ukraynanın NATO-ya üzvlüyünün yolverilməzliyi Rusiya Prezidenti Vladimir Putindən çox əvvəl müzakirə olunub”.

Eyni zamanda, Kiyev üçün təhlükəsizlik zəmanətlərinin verilməsini şərh edən Tramp münaqişənin sülh yolu ilə həlli çərçivəsində Ukraynaya “çox yaxşı müdafiə” vəd edib.

“Biz onları çox yaxşı qoruyacağıq, çox yüksək səviyyədə təhlükəsizliklə təmin edəcəyik”, - deyə bildirib.

KİV nümayəndəsinin Ukrayna üçün təhlükəsizlik təminatlarının NATO Nizamnaməsinin 5-ci maddəsində əks olunanlarla oxşar olub-olmayacağı ilə bağlı sualına cavab olaraq ABŞ Prezidenti deyib ki, onların bu şəkildə müəyyən edilə biləcəyini bilmir. Amerika lideri həmçinin qeyd edib ki, Avropa ölkələri də Kiyevə müvafiq təminatların verilməsinə yardım etmək istəyini ifadə ediblər.

Tramp etiraf edib ki, Ukrayna üzrə sülh sazişi hərbi əməliyyatlar zamanı razılaşdırıla bilər: “Məncə, atəşkəsə ehtiyac yoxdur. Atəşkəs tərəflərdən birinə öz qüvvələrini bərpa etməyə imkan verən strateji üstünlük verə bilər”.

ABŞ lideri vurğulayıb ki, o davamlı sülh üçün danışıqlara köklənib: “Biz əmin olmaq niyyətindəyik ki, sülh əldə olunarsa, bu, uzunmüddətli olacaq”.

Zelenski Ukraynadakı seçkilərdən danışıb və ərazi güzəştləri ilə bağlı suala cavab verməkdən yayınıb. Jurnalistlərdən biri Kiyevdən mümkün ərazi güzəştləri barədə sual verib. Ukrayna lideri suala birbaşa cavab verməyib.

Görüş zamanı Ukraynadakı seçkilər mövzusu qaldırılıb. Zelenski münaqişə bitdikdən sonra seçkilərin keçiriləcəyini deyib: "Əlbəttə. Amma bizə təhlükəsizlik lazımdır, ədalətli seçkilər lazımdır. Müharibədə biz seçki keçirə bilmərik".

ABŞ rəhbəri ruslara və ukraynalılara sevgisini etiraf edərək, münaqişənin tezliklə həllini istədiyini vurğulayıb.

“Mən ukraynalıları sevirəm, hamını sevirəm, rusları da. Mən bu müharibənin bitməsini istəyirəm”, Tramp vurğulayıb.

Tramp Putin və Zelenskini görüşə çağırıb. Onun sözlərinə görə, Ukraynada münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün belə danışıqlara ehtiyac var.

Daha sonra ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri və Avropa liderləri ilə görüşüb. Prezident görüşdən sonra açıqlama yayıb. Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb ki, görüşün əsas mövzusu Ukrayna üçün təhlükəsizlik zəmanətləri olub və bu zəmanətlər Avropa ölkələri tərəfindən ABŞ ilə koordinasiyalı şəkildə təqdim ediləcək.

Prezident bildirib ki, görüşün sonunda o Vladimir Putinə zəng edib və Rusiya liderinin Zelenski ilə görüşünün təşkilinə başlanılıb.

Görüşün yeri yaxın günlərdə müəyyənləşdiriləcək.

Bundan sonra isə Tramp, Putin və Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur.

"Bu, dörd il davam edən münaqişə üçün çox yaxşı bir ilkin addımdır", — deyə Tramp qeyd edib.

O həmçinin vurğulayıb ki, prosessdə vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Uitkoff Rusiya və Ukrayna ilə əlaqələndirməni həyata keçirirlər.

AYNA.AZ


Geri qayıt