Əsas Səhifə > Güney Press / Partiya > "Rusiya dövlətinə yazığım gəlir"
"Rusiya dövlətinə yazığım gəlir"Bu gün, 09:45 |
“Rusiyanın bəzi təxribatçı jurnalistləri və deputatları açıq şəkildə çağırışlar edirlər ki, guya Ukraynadan sonra Azərbaycana qarşı da “xüsusi hərbi əməliyyat” keçirilməlidir. Düzünü desəm, bu cür bəyanatları, reportajları görəndə Rusiya dövlətinə yazığım gəlir. Bu qədər böyük bir dövlətin rəsmiləri və təlimatlandırılmış media nümayəndələri özlərini elə aparırlar ki, adamda belə təəssürat yaranır – sanki hansısa kənddə iki qonşu qadın davaya çıxıb. Dövlət bu qədər acizləşə, bəsitləşə və yalnız “əzələ nümayişi” ilə üstünlüyünü göstərməyə çalışa bilərmi? Kim güclüdürsə, gücsüzün gözünü çıxarmalıdırmı? Bu, necə düşüncədir, bu necə imperiya yanaşmasıdır?!” Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Razi Nurullayev deyib. “Bəli, biz tərəfdən də bəzən sərt ifadələr səslənir. Amma onların çoxu sadəcə olaraq Rusiyadan yayılan qərəzli və məntiqsiz açıqlamalara verilən cavabdır. Bu gün Azərbaycan güclü və müstəqil dövlətdir. Heç kimin gücü çatmaz ki, haqsız yerə bizə barmaq silkələsin. Xalqımız bu məsələdə həmrəy və qətidir, heç bir xarici təcavüzə göz yumulmayacaq. Mən rəhbərlik etdiyim Milli Cəbhə Partiyası ilə birlikdə dövlətimizin yanındayam və Prezident İlham Əliyevin apardığı geopolitik və xarici siyasəti dəstəkləyirəm. Biz müxalifət olaraq bu məsələdə hakimiyyətin yanındayıq. Əminəm ki, Rusiya Azərbaycana qarşı hansısa təxribat addımı atarsa, ölkə daxilində ona dəstək verəcək bir nəfər belə tapılmayacaq. Kim olursa-olsun, xalq onu qətiyyətlə rədd edəcək. Azərbaycan dövləti və xalqı Rusiya ilə münasibətlərin gərginləşməsində maraqlı deyil. Biz hər zaman dinc qonşuluq və qarşılıqlı əməkdaşlıq tərəfdarı olmuşuq. Azərbaycan Rusiyaya qarşı heç bir təxribat xarakterli addım atmayıb. Əksinə, otuz ildən artıqdır ki, Rusiyanın yarıtmaz Cənubi Qafqaz siyasətinin real qurbanı olub. İndi isə öz gücünə yeni geopolitik reallıq yaradıb və Rusiyanın bunu qəbul etməsi vacibdir. Mən səmimi olaraq istəyirəm ki, Rusiya ilə münasibətlər düzəlsin, hər iki ölkənin vətəndaşları rahat, təhlükəsiz mühitdə yaşasın. Ümid edirəm ki, Rusiya Azərbaycana qarşı əsassız addımlar atmaqdan çəkinəcək və münasibətlər tezliklə normal məcrasına qayıdacaq. Bu həm Azərbaycan, həm də Rusiya üçün həyati əhəmiyyət kəsb edir”, - deputat bildirib. Geri qayıt |