
Bakıda sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Şamxal Bayramovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 7 ay 23 günü müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 31 mart 2025-ci il tarixdə, saat 22:38-də Bakı şəhəri, Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, Şamxal Bayramov BMW markalı avtomobillə Məhəmməd Hadi küçəsi ilə “Ukrayna” dairəsi istiqamətində 60-70 km/saat sürətlə sərxoş vəziyyətdə idarə edərkən yolu sağdan sola keçən piyada, zərərçəkmiş Bahar Qurbanovanı (soyadı şərtidir) vuraraq ölüdürb.
Hadisədən sonra Şamxal Bayramov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd: Şamxal Bayramov İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nizami rayon Sukanal İdarəsində qanunsuz istifadə və debitor borclarla iş qrupunun mühəndisi, qrup rəhbəri vəzifəsində işləyir.
Mərhum Bahar Qurbanovanın həyat yoldaşı keçmiş hərbçi, I və II Qarabağ müharibəsinin iştirakçısı olub.
Xatırlatma: Şamxal Bayramovun qəza törətdiyi BMW markalı avtomobil isə ASC-lərdən birinin mülkiyyətində olub. O, həmin nəqliyyat vasitəsini "xxxx" ASC-nin mülkiyyətindəki 15 aprel 2025-ci il tarixədək qüvvədə olan etibarnamə ilə «BMW» markalı, «328İ» modelində olan **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edirmiş.
Geri qayıt
|