Əsas Səhifə > Güney Press > İranın Zəngəzur dəhlizi narahatlığı tam absurddur
İranın Zəngəzur dəhlizi narahatlığı tam absurddurBu gün, 11:48 |
Ermənistan və İran xarici işlər nazirləri Ararat Mirzoyan və Abbas Araqçı arasında telefon danışığı baş tutub. Telefon danışığı əsasən Zəngəzur dəhlizi ilə bağlı olub. Araqçı bildirib ki, bu marşrut regionun geosiyasətində dəyişikliklərə gətirib çıxarmamalı və İranın digər kommunikasiya marşrutlarına çıxışını kəsməməlidir və hər bir qərar və hərəkətdə ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə tam hörmət olunmalıdır. O, Zəngəzur dəhlizinə qarşı xüsusi irad bildirməməsi, sadəcə, İranın maraqlarının qorunması gərəkdiyini ifadə etməsi ilə diqqət çəkib. İran hökumətinin sözçüsü Fatimə Mühacirani də deyib ki, Zəngəzur dəhlizi kimi tanınan bu bölgə İran-Ermənistan sərhəd xəttinin yalnız kiçik bir hissəsidir:
"İran üçün bölgədə sabitliyin təmin olunması, ölkələrin ərazi bütövlüyünün qorunması və mövcud suverenliklərin pozulmaması əsas prioritetlərdəndir. Xarici aktorların bölgəyə müdaxiləsi bizi narahat edir və bu prosesləri çox yaxından izləyirik".
Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı diplomatik izahatlar verdiyini açıqlayan Mühacirani qeyd edib: "Media məsələni elə təqdim edir ki, sanki İran bütün şimal sərhədini itirib. Reallıqda bu bizim üçün ciddi sərhəd itkisi anlamına gəlmir". Qeyd edək ki, A.Araqçıdan fərqli olaraq, İranın dini lideri Əli Xameneinin müşaviri, sabiq xarici işlər naziri Əli Əkbər Vilayəti davamlı olaraq Zəngəzur dəhlizinə qarşı aqressiv və kəskin iddialar səsləndirir, hətta Tehranın dəhlizin açılmasına imkan verməyəcəyindən bəhs edir.
Politoloq Oqtay Qasımov Sherg.az-a açıqlamasında deyib ki, İranın narahatlıqlarının heç bir əsası yoxdur. Ekspert vurğulayıb ki, İranda dini rəhbər və onun ətrafındakı qruplaşma, SEPAH generalları, ümumiyyətlə, mühafizəkar adlandırılan cinahın nümayəndələrinin yanaşması başdan-başa yanlışdır:
"Onlar hesab edirlər ki, guya Zəngəzur dəhlizinin açılacağı təqdirdə İran blokadaya düşəcək. Anlamaq mümkün deyil. Quru sərhədləri 6 min kilometr olan ölkənin cəmi 42 km-lik ərazisindən dəhlizin keçməsi bu ölkəni necə mühasirəyə salır?! Tamamilə absurddur mövqedir. Sadəcə olaraq manipulyasiya və bəhanələrdən ibarət bir yanaşmadır. Ermənistanın İranı inandırması üçün ciddi çətinlik çəkəcəyini düşünmürəm. İran reallıqları qəbul etməlidir və Ermənistanın suverenliyinə hörmət göstərməlidir. Zəngəzur tarixi Azərbaycan ərazisi olsa da, faktiki beynəlxalq hüquqda Ermənistan Respublikasına aiddir. Ona görə də həmin ərazi üzərində qərarı İrəvan hökuməti verməlidir. İranın hansısa mollası, generalı, diplomatı bu məsələyə müdaxilə edə bilməz. Bir il öncə Nikol Paşinyan İran prezidentinin andiçməsinə qatılarkən dini lider Xomenei ilə də görüşmüşdü. Xomenei həmin görüşdə Paşinyana demişdi ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın zərərinə olar. Ancaq niyə zərərinə olar, bunun izahını vermirlər".
Siyasi şərhçi diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin açılmasından Ermənistan ciddi şəkildə bəhrələnəcək:
"İldə dəhliz vasitəsilə daşınacaq 10 milyon tondan artıq yükə, nəqliyyat vasitələrinin hərəkətinə görə, yüz milyonlarla dollar qazanc götürəcək. Ermənistan dəhlizdən istifadə edərək dünyaya, Orta Asiyaya açılacaq. Azərbaycan Ermənistana dəhliz vasitəsilə öz yüklərini daşımağa imkan verəcək. Hələ sovetlər zamanında mövcud olmuş Culfadan İrana gedən dəmiryol xətti işə düşəcək. Bu, İranın özü də üçün ciddi çıxış deməkdir. Sadəcə olaraq İrandakı rejimin iki niyyəti var. İran dəhlizin açılmasına ona görə qarşı çıxır ki, özünün geopolitik maraqları var. İran heç bir halda Türkiyənin Azərbaycanla, Cənubi Qafqazla əlaqələrinin genişlənməsində maraqlı deyil. Tehran Türkiyəni özünə rəqib sayır. İran Türkiyənin Orta Asiya ilə əlaqələrinin qurulmasını istəmir. Digər yandan açılacaq dəhlizin öz ərazisindən keçməsini arzulayır. Bütün daşınmalar İran ərazisindən keçərsə, ildə təxminən 350-400 milyon dollar vəsait qazanacaq. İran məhz bu səbəblərdən Zəngəzurdan keçəcək dəhlizin əleyhinədir. Hazırda İranda iki mövqe sərgilənir. Daha praqmatik düşünən, islahatçı qanadın yanaşması nisbətən pozitivdir. Məsələn, Pezeşkian və hökumət üzvlərinin mövqeyi o yöndədir. İkinci cinah isə 46 ildir ölkədə hakimiyyəti əllərində cəmləyən, ölkənin siyasi-iqtisadi və ictimai həyatına hakim kəsilmiş, sanksiyalardan milyardlar qazanan dairələrdir. İranın dalanda qalması, qonşularla problemlər yaşaması həmin dairələrin işinə yarayır. Baxmayaraq ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ ABŞ və Ermənistan arasında həll olunub, Əli Əkbər Vilayəti kimi tiplər dolayısı yolla Azərbaycanı ittiham edirlər. İranın indiki durumda olmasının, dünyadan təcrid olunmasının səbəbkarı məhz həmin düşərgədir. Vilayəti xarici işlər naziri işləyib və 1992-ci ildə onun müəllifliyi ilə qəbul edilmiş xarici siyasət doktrinasında Azərbaycan üçün təhdid olaraq göstərilib. O, Azərbaycanı düşmən obrazında görür".
O.Qasımov əlavə edib ki, İranın Hindistanla birlikdə Ermənistan üzərindən "Avropaya çıxış" adlı utopik layihə var idi:
"Əslində, bu layihənin reallaşması mümkün deyildi. Həm maliyyə, həm də coğrafi baxımdan çox mürəkkəb və rentabelli olmayan məsələ idi. Amma İran Zəngəzur dəhlizinə dəstək verməklə rahat şəkildə dəhlizin imkanlarından yararlanar və Qara dənizə çıxışını təmin edər. Zəngəzurdan keçəcək dəhlizin İrana heç bir aidiyyəti yoxdur. O kommunikasiya xətti 1990-cı ildə Ermənistan tərəfindən bağlanıb. İşğal dövründə Horadizdən Ağbəndə qədər olan ərazidə, o cümlədən Mehridə dəmiryol relsləri sökülüb. O zamanadək İran həmin yolun işləməsindən narahat deyildi. O vaxt sərhədləri pozulmurdu, indi "pozuldu"?! Bu, məntiqsizdir. Söhbət Ermənistan ərazisindən keçən və işğal dönəmini çıxmaqla tarixən işlək olan kommunikasiyadan gedir. İndi bunun yenidən bərpasına qərar verilib. İranın sərhədlərinin bu məsələyə dəxli yoxdur. İran bir qədər ağıllı olarsa, uğurlu layihələrdən faydalanar. Azərbaycan İranla "Araz yolu" layihəsini də reallaşdırır. Bu da işlək dəhliz olacaq. Çindən Avropaya daşınacaq yüklərin həcminə baxsaq, mənzərə aydın olar. Ələt Beynəlxalq Dəniz Limanının yük ötürücülük qabiliyyəti 15 milyondan 25 milyon tonadək artırılıb. Zəngəzur dəhlizindən il ərzində təxminən 10-12 milyon ton yüklərin daşınması nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmiryolu ilə daşınacaq yüklərin həcmi də 5 milyon tona çatdırılıb. Qalan yüklər isə "Araz yolu" ilə daşına bilər. Yəni burada Gürcüstanın da, İranın da narahatlığına əsas yoxdur. İranda "ağa qara deyənlər" bunu görmək istəmirlər".
Politoloq bəyan edib ki, Pezeşkian sələflərindən fərqli olaraq İranın ən ciddi problemlərini qabardır:
"Ona səs vermiş insanların əksəriyyəti mövcud rejimin təzyiqlərindən usanmış azərbaycanlılar və digər etniklərdir. Pezeşkiana səs vermiş insanlar İranın dəyişməsini, islahatların aparılmasını, dünyaya açılmasını istəyirlər. Pezeşkian daxili potensiala söykəndiyi üçün bir qədər rahat davranır. İran elitasında da müasirləşməyə meyillənmə hiss olunur. İndiyədək İranda dini liderin ətrafı, SEPAH prezidentlərə ciddi təzyiq ediblər. Hətta İranın elə prezidentləri olub ki, 10-15 gün küsüb evdə oturublar, etiraz olaraq vəzifələrini icra etməyiblər. Pezeşkian isə daha cəsarətlidir. İnanmıram ki, mühafizəkar qanaddan gələn təzyiqlərə boyun əysin. Prezident çox gözəl bilir ki, radikal siyasət və yanaşma İranı müharibəyə sürükləyir, dünyadan təcrid edir və qonşularla münasibətləri gərginləşdirir. Pezeşkian yeni bir doktrina təklif edir".
Geri qayıt |