Əsas Səhifə > Güney Press > Tramp-Putin görüşünə Zelenski niyə çağrılmadı?

Tramp-Putin görüşünə Zelenski niyə çağrılmadı?


Bu gün, 11:05

ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında avqustun 15-də Alyaskada keçiriləcək görüş öncəsi maraqlı detallar üzə çıxıb. Ağ Evin sözçüsü Karolina Levittin bildirdiyinə görə, görüş Putinin Trampa birbaşa müraciətindən sonra təşkil olunub. Bu, təşəbbüsün Rusiya tərəfdən gəldiyini və Trampın diplomatik üstünlük qazana biləcəyini göstərir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sammitə dəvət olunmaması beynəlxalq mediada suallar doğurub. Analitiklər bunu Ukraynanın mövqeyinin zəifləməsi və ABŞ–Rusiya münasibətlərində yeni mərhələnin başlaya biləcəyinə işarə kimi dəyərləndirirlər. Görüşdə yalnız iki liderin iştirakı, Cənubi Qafqaz da daxil olmaqla müxtəlif geosiyasi məsələlərlə bağlı ikitərəfli qərarların qəbul olunacağı ehtimalını artırır.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Zelenskinin görüşə dəvət edilməməsinin bir neçə səbəbi ola bilər:

“Zelenski Putinin istəyi ilə sammitə dəvət edilməyib. Putin əvvəlcədən aparılan danışıqlarda onun iştirak etməsini istəmədiyini açıq şəkildə bildirib. Trampın bu şərti qəbul etməsinin əsas səbəbi isə görüşün baş tutmasına nail olmaqdır”.

Politoloqun sözlərinə görə, Putin Zelenskinin prezidentlik müddətinin başa çatdığını əsas gətirərək onun iştirakına qarşı çıxır:

“O bu barədə bir neçə dəfə bəyanat verib. Həmçinin Putin onunla bir masada əyləşmək istəmir. Həqiqətən də, Zelenskinin görüşdə iştirakı bu prosesi təhlükəyə sala bilərdi. Zelenski Trampın dəstəklədiyi sülh planını qəbul etmir. Putin və Zelenskinin irəli sürdüyü şərtlər tamamilə fərqlidir. Zelenski Avropa İttifaqı və Trampın təklif etdiyi, Putinin razılaşa biləcəyi ehtimal planı qəbul etmir”.

Ə.İbrahimovun fikrincə, bu plan Ukrayna torpaqlarının işğalını leqallaşdıra bilər:

“Zelenski isə buna razı deyil. Əsas sual budur: Ukraynanın taleyini Putin və Tramp həll edə biləcəkmi? Dövlət başçılarının danışıqlar masasına əyləşməsi üçün ortada qarşılıqlı razılıq olmalıdır. Hazırda isə bu razılıq yoxdur. Bu səbəbdən də tərəflərin yalnız formal danışıqlar üçün görüşdüyü təəssüratı yaranır”.

Politoloq qeyd edib ki, Cənubi Qafqaz məsələsinin müzakirə edilib-edilməyəcəyi hələlik bəlli deyil:

“Müzakirə olsa belə, İrəvan və Bakı artıq razılaşıblar və imzalarını geri götürməyəcəklər. Ona görə də mümkündür ki, bu məsələyə dair danışıq sadəcə texniki xarakter daşısın”.


Geri qayıt