Əsas Səhifə > Güney Press > Ermənistana göndəriləcək səfirimiz kim olmalıdır?

Ermənistana göndəriləcək səfirimiz kim olmalıdır?


Bu gün, 10:52

Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflandı. İctimailəşdirilən sənəddə diqqətçəkən maddələrdən biri də yekun sülh sazişinin qəbul edilməsindən sonra ölkələrin qarşılıqlı diplomatik münasibət qurması ilə bağlıdır. Sazişin V maddəsində göstərilir ki, tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra müəyyən olunmuş gün ərzində öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-ci illərin) müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri quracaqlar.
Yəni sazişin bu maddəsinə əsasən demək olar ki, yaxın gələcəkdə Azərbaycanın Ermənistanda, həmçinin Ermənistanın Azərbaycanda səfirliyi açıla bilər. Əlbəttə, 30 ildən artıq davam edən münaqişə, düşmənçilik və nifrət təbliğatından sonra Bakıdan İrəvana göndəriləcək səfirin kimliyi, seçilmiş diplomat olması məsələsi də müzakirə predmetidir. Məsələn, sabiq xarici işlər naziri Elmar Məmmədyarov "modern.az"a deyib ki, Ermənistana təyin olunacaq səfirin erməni dilini bilməsi və bu xalqın xüsusiyyətlərinə bələd olması daha yaxşı olar. Onun sözlərinə görə, səfir təyin ediləcək şəxs təcrübəli diplomat olmalıdır. Keçmiş XİN başçısı İrəvanda səfir kimi çalışmağa hazır olub-olmadığı ilə bağlı suala belə cavab verib: "Sualın bir cavabı var: necə məsləhətdir".
 
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də "demokrat.az"a bildirib ki, ermənicə bilir, Ermənistanda böyüyüb:
"Desələr, əlbəttə ki, İrəvanda Azərbaycan səfiri işləməyə hazıram. Hara desələr, biz orada əsgər kimi hazırıq".
Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a açıqlamasında deyib ki, sülh sazişinin müvafiq maddəsinə əsasən, Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq. Ancaq alimin sözlərinə görə, bunun nə vaxt baş verəcəyi məlum deyil:
"Diplomatik əlaqələrin qurulması, səfirliklərin fəaliyyəti ilə bağlı proses tərəflərin yekun sülh sazişinin imzalanmasından sonra başlayacaq. Münasibətlər normallaşandan sonra qarşılıqlı şəkildə Bakıda və İrəvanda səfirliklərin açılması mümkün hala gələcək. Fikrimcə, Ermənistana göndəriləcək səfir məsələsi çox ciddi şəkildə müzakirə olunmalıdır. Azərbaycandan Ermənistana elə bir şəxs getməlidir ki, diplomatik münasibətləri yaxşı bilsin. Həm də həmin səfir erməni dilinə hakim olmalıdır ki, ermənilərin arasında baş çıxara bilsin. Nəzərə alaq ki, Ermənistanda bütün görüşlər, yazışmalar, əlaqələr ermənicədir. Bəzi erməni saytlarında səfir kimi Şahin Mustafayevin adı müzakirə olunur. Hazırda Azərbaycana səfir göndərilməsi məsələsi Ermənistanda da müzakirə olunur. Hətta bir nəfərin adını hallandırırdılar. Ancaq sonra həmin şəxsin sərxoş videoları yayıldı, içkiyə meyilli olduğu deyildi".
 
Q.Çaxmaqlının fikrincə, İrəvan hökuməti çalışacaq ki, Azərbaycana səfir göndərəcəyi şəxs Azərbaycanı, azərbaycanlıları yaxşı bilən, tanıyan şəxs olsun:
"Bizdən fərqli olaraq ermənilərdə Azərbaycan dilini bilməklə bağlı problem yoxdur. Ermənistanda azərbaycanşünaslar, türkoloqlar çoxdur. Yəni Ermənistanın Azərbaycana səfir göndərməsi üçün seçim imkanları çox olacaq. Dövlətlərarası münasibətlərdə səfirlərin kimliyi önəmli məsələdir. Əvvəl-axır iki ölkə arasında diplomatik münasibətlər qurulmalıdır. Səfirlər də iki dövlət və xalq arasında müəyyən problemlərin həllində mühüm rol oynaya bilər. Gələcəkdə konsulluq xidmətlərinin də fəaliyyəti mümkündür. Ola bilsin, Ermənistanda ayrı-ayrı yerlərdə, məsələn, Zəngəzurda konsulluq fəaliyyət göstərsin. Erməni tərəfi Gəncədə bir konsulluqlarının olmasını istəyir, bunu mediada müzakirə edirlər".

Geri qayıt