Əsas Səhifə > Güney Press > Zəngəzur dəhlizinə nəzarət edəcək ölkə
Zəngəzur dəhlizinə nəzarət edəcək ölkəBu gün, 10:36 |
“Vaşinqtonda İrəvan və Bakının memorandum imzalamasında Ankaranın mühüm rolu olub və gələcəkdə onun Zəngəzur dəhlizinin açılmasında iştirak dərəcəsi ABŞ-dən qat-qat yüksək olacaq”. “Yeni Müsavat” xəbər verir ki, bunu erməni türkoloq Mger Abramyan deyib. “Bu sənəddən ən çox razı qalan Türkiyədir. Belə desək, sənəd Türkiyənin istəklərinə uyğunlaşdırıldı və Ankara onun ABŞ-də imzalanmasını hər cür təşviq etdi. Əgər bu məsələyə Amerika tərəfindən hər cür şərait yaradılarsa, o zaman bu məsələyə aydınlıq gətiriləcək”, - ekspert bildirib (Teleqraf). Abramyana görə, dəhlizə Ankara nəzarət edəcək, çünki ABŞ və Türkiyə strateji müttəfiqdir və NATO-nun bir hissəsidir. Erməni analitik qeyd edib ki, NATO-nun son bəyanatları fonunda Türkiyənin regiondakı rolu artıb və ölkənin Avropanın təhlükəsizliyini təmin etməyə qadir olan Alyansın əsas dövlətlərindən biri kimi vurğulanır. Abramyana görə, regionda mövqeləri daha da güclənən Türkiyə Cənubi Qafqazda öz təsirini artırır, Rusiya və İranı sıxışdırır. O, Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın ABŞ-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmaların İrəvanla Ankara arasında münasibətlərin normallaşması üçün mühüm imkanlar açması barədə bəyanatını da şərh edib: “Bəyannamənin imzalanmasının Türkiyə ilə münasibətlərin normallaşmasına gətirib çıxaracağı ilə bağlı bəyanat yalnız ondan irəli gəlir ki, Ermənistan hakimiyyəti Ankaranın bütün tələblərini yerinə yetirir və yerinə yetirəcək. Ankara bütün şərtləri yerinə yetirdikdə İrəvanla münasibətlərini normallaşdıracaq”. Zəngəzur dəhlizində əsas söz sahibi kim olacaq? “Tramp yolu” nə dərəcədə uzunömürlü ola biləcək? Yaxud 8 avqust anlaşması post-Tramp dönəmində də öz qüvvəsini saxlaya biləcəkmi? Siyasi ekspert Züriyə Qarayeva Türkiyənin bu prosesi təşviq etdiyini düşünür və Ankaranın səhnə arxasında mühüm rol oynadığını hesab edir. Onun fikrincə, NATO-nun cənub cinahına nəzarət Türkiyəyə həvalə olunub və bu səbəbdən Ankaranın bu təşəbbüsün reallaşmasında müstəsna əməyi olub. “Paşinyanın İstanbul səfəri və cənab Ərdoğanla görüşü təsadüfi deyildi. Hələ o zaman deyilirdi ki, Ermənistana bəzi təlimatlar verilib və xüsusən də dəhliz mövzusu müzakirə edilib. Fikrimcə, ”Tramp yolu" İstanbulda dəyərləndirilib. Bunun ardınca Əbu-Dabi görüşü, sonra Vaşinqtonda tarixi anlaşma, təbii ki, qardaş ölkənin hadisələrdə müsbət fəaliyyətini ortaya qoyur. Amma dəhlizə nəzarətə gəlincə, bu logistika Türkiyənin birbaşa himayəsi altında olmayacaq. Göründüyü kimi, 99 illik Amerika şirkətinə icarəyə verilir. Ona görə cavabdeh ABŞ və Ermənistandır. Hətta Trampdan sonra başqa biri prezident olsa belə, nəticə dəyişməyəcək. Çünki yol Trampa deyil, Amerikaya icarə ilə verilir. Türkiyənin isə marağındadır ki, onun müttəfiqi ABŞ-nin nəzarəti altında Zəngəzur dəhlizi açılsın. Erməni ekspertlərin söylədiklərinə baxmayın, onlar ictimai rəyə təsir üçün belə fikirlər səsləndirir. Onsuz da dəhliz və sərhədlər açılandan sonra Türkiyənin Ermənistana təsiri artacaq. Necə ki, Gürcüstanda bunu görmək olar",- ekspert belə dəyərləndirib. Siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə, Türkiyə son gəlinən proseslərdə arxa kanal diplomatiyası ilə nəzərə çarpdı: “Əliyevlə Paşinyanın razılıqları, sözsüz ki, Türkiyə maraqlarını da ifadə edərək Ankaranın Vaşinqtonla Cənubi Qafqazdakı müştərək təmsilçilik münasibətlərini təşviq edir. Bundan irəli gələrək Azərbaycan, Türkiyə və ABŞ Yaxın Şərq regionunda, o cümlədən Suriyada, İraqda, Mərkəzi Asiyada üçtərəfli əməkdaşlıq modeli yarada bilərlər”. Xatırladaq ki, Naxçıvanla Azərbaycanın qalan ərazisini Ermənistan üzərindən birləşdirəcək bu 42 kilometrlik yol ABŞ şirkətinə həvalə ediləcək və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu adlanacaq. Prezident Tramp bildirib ki, yol 99 illiyinə icarəyə veriləcək, amma sonradan daha 99 il uzadılacaq. İkinci Qarabağ müharibəsi bitəndən bəri Azərbaycanla Ermənistan bu nəqliyyat yolu ilə bağlı heç cür ortaq məxrəcə gələ bilmirdi. Xüsusilə Rusiya 10 noyabr bəyanatına istinad edərək bu dəhlizə iddiasını hər fürsətdə ortaya qoyub. İranın mühafizəkar hakimiyyət qolu “Zəngəzur dəhlizi”ni özünün “qırmızı xətti” sayıb. Bu arada ABŞ Dövlət Departamenti “Tramp Marşrutu” adlanan və Azərbaycan-Ermənistan arasında Zəngəzur dəhlizi istiqamətində nəzərdə tutulan razılaşmanı pozmaq cəhdlərinə qarşı açıq mesaj verib. “Biz müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz və ya edə bilməyəcəyimiz barədə fərziyyələr qurmaq niyyətində deyilik. Bütün dünya bilir ki, Prezident Tramp ciddi qəbul olunmalıdır. Bu razılaşma onun üçün önəmlidir,” - Dövlət Departamentinin nümayəndəsi İran və ya Rusiya tərəfindən “Tramp Marşrutu”nun bloklanması ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib. Siyasi müşahidəçilər bildirirlər ki, bu açıqlama həm İrana, həm də Rusiyaya ünvanlanmış sərt xəbərdarlıqdır. Əgər Azərbaycan və Ermənistan arasında Trampın təşəbbüsü ilə formalaşan yol marşrutu - yəni klassik Zəngəzur dəhlizinin keçdiyi xətt - bloklanarsa, Vaşinqtonun reaksiyası çox sərt olacaq. Xüsusilə İran üçün bu mesajın əhəmiyyəti böyükdür. Tehran bundan sonra da Zəngəzuru özünün “qırmızı xətti” elan edərək açıqlamalar verərsə, qarşısında birbaşa Tramp Administrasiyasını görəcək. Ekspertlərin fikrincə, əslində artıq İranın “qırmızı xətt” anlayışı real məzmununu itirib: Tehranın, Təbrizin, Natanzın bombardmanından, İran Silahlı Qüvvələrinin komandanı və 25-dən çox generalının öldürülməsindən sonra bu ritorika beynəlxalq arenada ironik qarşılanır. Bu baxımdan Vaşinqtonun mesajı İrana açıq şəkildə bildirir ki, “qırmızı xətt”ini bir neçə yüz kilometr içəri çəksin, çünki regional layihələrin qarşısını almaq üçün artıq əlində real imkan qalmayıb. “Yeni Müsavat” Geri qayıt |