Əsas Səhifə > Güney Press > Azərbaycan Zəngəzur dəhlizi ilə

Azərbaycan Zəngəzur dəhlizi ilə


Bu gün, 11:25

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekunları üzrə birgə bəyannamə imzalayıblar.

Bəyannamədə qeyd edilir ki, Ermənistan ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi təşkil ediləcək. "Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik", - üçtərəfli sənəddə bildirilir.

Qeyd edək ki, TRIPP layihəsi (Zəngəzur dəhlizi) yalnız nqəliyyat üçün nəzərdə tutulmayıb. Tarixi Vaşinqton görüşündən sonra Prezident İlham Əliyev jurnalistlərə müsahibəsində deyib ki, Zəngəzur dəhlizində təkcə dəmir yolu nəzərdə tutulmayıb.

"Elektrik ötürücü xətləri, fiber-optik rabitə xətləri və gələcəkdə Xəzərin o tayındakı qonşularımızla birlikdə Azərbaycan enerji resurslarını nəql edə biləcək digər enerji infrastrukturunu da nəzərdə tuturuq",- ölkə başçısı deyib.

Modern.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, əslidnə bu məsələ ötən ildən məlumdur.

"Yadımdadır ki, 2024-cü ilin yanvarında Prezident Azərbaycan televiziya jurnalistləri üçün müsahibəsində qeyd etmişdi ki, Zəngəzur dəhlizi yalnız avtomobil və dəmir yolu infrastrukturundan ibarət olmayacaq. Hələ o zaman qeyd etmişdi ki, buradan Naxçıvana qaz kəməri olacaq, bundan əlavə yüksək gərginlikli elektrik xətləri çəkiləcək. Burada yenilik olaraq fiberobtiki gördüm. Bəli, Naxçıvanın internet və rabitə təminatı da oradan keçəcək. Ancaq digər yandan neft kəməri mənasızdır. Çünki Naxçıvanın yanacağa olan təminatı dəmir yolu ilə həyata keçiriləcək. İndi sadəcə İran üzərindən avtosisternlərlə bu nəql olunur və daha baha başa gəlir. Bax, bu, artıq daha ucuz ərsəyə gələcək. Qaz kəməri yalnız Naxçıvanın tələbatı üçün deyil. Bu ilin martında Naxçıvan-Iğdır qaz kəməri istismara verildi. Həmin kəmər elə layihələndirilib ki, Naxçıvanın tələbatından 3 dəfə çox qaz daşımaq gücünə malikdir. Mən hələ o zaman qeyd etmişdim ki, vaxtı çatanda Naxçıvanın qaz təminatı Azərbaycandan birbaşa Zəngəzur dəhlizindən keçməklə Naxçıvana boru kəməri çəkiləndə Iğdır-Naxçıvan kəməri əks istiqamətdə istifadə ola bilər. Çünki kəmərin 1,5 milyard kub metr onun buraxılışının gücü var. Naxçıvanın isə illik haradasa 400 milyon kub metrdən bir az artıq qaz tələbatı var. Demək yerdə qalan hissə Iğdır və ətraf rayonlar üçün yetərli ola bilər. Və bu Azərbaycandan gedəcək. Biz 1 ildə Gürcüstan üzərindən 10 milyard kub metr qazı Ərzuruma çatdırırıq. Oradan da gəlir. Ancaq bu yol daha qısa və kommersiya baxımından Azərbaycan, o cümlədən Türkiyədəki istehlakçılar üçün əlverişlidir".

İ.Şaban vurğulayıb ki, Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə Ermənistana da qaz verə bilər:

"Başqa bir tərəfdən nəzərə almalıyıq ki, 1 il ərzində Ermənistan 2,5 milyard kubmetr qaz istehlak edir. Bunun təxminən 500 milyon kubmetri İran üzərindən gəlir. Ermənistan ildə Rusiyadan 2 milyard kubmetr qaz alır və o qazın təminatçısı rolunda Azərbaycan da çıxış edə bilər. Vaxtilə 2007-ci ilə qədər Rusiya Gürcüstan bazarında monopolist idi. İndi isə 400-450 milyon kubmetr Rusiya qaz verir, yerdə qalan 2-2,1 milyardı, bəzən daha çox olur, Azərbaycandan gələn qazın hesabına həyata keçirilir. Bu baxından biz Zəngəzur dəhlizindən Ermənistana da qaz verə bilərik. Təbii ki, bunu istəsələr, istəməsələr, heç kəs onları məcbur edən deyil. Zəngəzur dəhlizinin enerji seqmenti kifayət qədər bölgə üçün əhəmiyyəti olacaq. Ancaq Qazaxıstanın, Türkmənistanın neftini, qazını Zəngəzur dəhlizindən keçirmək olmaz. Axı oradan o tərəfə yol mğvcud deyil, yenisini çəkməyin də mənası yoxdur. Çünki biz vaxtilə milyardlarla xərc qoyub Gürcüstan üzəindən bunu etmişik. Türkiyənin qaz paylayıcı sistemi də şərqi şimal hissədədir. Ancaq 5-10 il sonra ölkələrin də iqtisadiyyatı, iqtisadi coğrafiyası dəyişir. Nə olacaq? Bu o zamanın gündəmindən asılı olaraq dəyişə bilər. Heç bir şey mütləq deyil. Yəni nöqtə qoydum bitdi deyə bir şey yoxdur. İqtisadi, sosial həyat belədir ki, daim müxtəlif təsirlərin nəticəsində dəyişir".


Geri qayıt