
“Bir an belə sülhün əldə olunacağından şübhə etmədim. Çox şey yaşadıq, amma bu gün artıq rahat nəfəs ala bilərik. Bu, mənası zamanla daha da aydınlaşacaq tarixi bir hadisədir.
Artıq indidən görünür ki, Ermənistan və Azərbaycan üçün rifah və inkişaf vəd edən yeni bir münasibətlər dövrünə, yeni bir dünyaya qədəm qoyuruq”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında sülhməramlı təşəbbüsləri ilə tanınan erməni fəal, bloqer İşxan Verdyan.
Vaşinqton görüşünü şərh edən Verdyan, tarixi hadisənin iki ölkə üçün yeni qapılar açdığını qeyd edib:
“Hər kəsi bu tarixi uğura görə təbrik edirəm! Hörmətli Paşinyan və hörmətli İlham Əliyevə təşəkkürümü bildirir, hörmətli Trampın hüzurunda isə xüsusi olaraq baş əyirəm”.
Verdyan qeyd edib ki, Sülh Qovşağı, Tramp Qovşağı, Zəngəzur Dəhlizi — adlar o qədər də vacib deyil. Əsas olan, həyata keçirildiyi zaman Avrasiyanın həyat damarı ola biləcək, insanları və sivilizasiyaları birləşdirən sabit və etibarlı quru yoludur:
“İmzalanan razılaşmanın icrası ilə birlikdə Rusiya Cənubi Qafqazdakı qəti təsirini faktiki olaraq itirir və hegemon mövqedən, layihəyə qoşulmaq istəsə, sıravi iştirakçıya çevriləcək.
Bu barədə çox danışmaq olar, amma əsas məqam budur: Zəngəzur yolu mövcud dünya düzənini dəyişərək hazırkı oyunçuları zəiflədir və səhnəyə yenilərini çıxarır.
Bu, yeni bir başlanğıcdır və mütləq öz bəhrəsini verəcək”.
Ermənistandakı Rusiya hərbi bazasının bundan sonrakı taleyi barədə də danışan Verdyan bildirib ki:
“Ermənistandakı Rusiya bazası həlledici faktor deyil, çünki Rusiyadan quru təchizat xətti kəsilib və buna görə də baza Ermənistandan asılı vəziyyətə düşüb.
Bazanın ölkədə qanuni qalma müddəti 2045-ci ildə başa çatır və qanuni əsasla yerləşdiyi bir yerdən Rus hərbi bazasını kiminsə çıxara biləcəyini düşünmürəm.
Nəticədə, Rusiyanın, Azərbaycandan sülhməramlı qüvvələri çıxarmasında olduğu kimi, dövlət resurslarının lazımsız xərclənməsi səbəbilə bazanı öz istəyi ilə Ermənistandan çıxaracağına inanıram”.
Geri qayıt
|