Əsas Səhifə > Güney Press > Neftçalanın sabiq icra başçısının cinayət işi üzrə bankın qaldırdığı iddia təmin edilib

Neftçalanın sabiq icra başçısının cinayət işi üzrə bankın qaldırdığı iddia təmin edilib


Bu gün, 17:51

Ali Məhkəmə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və rayonun digər sabiq vəzifəli şəxslərinin cinayət işi üzrə “Xalq Bank”ın qaldırdığı mülki iddianı təmin edib.

“Report”un məlumatına görə, bu barədə qərar hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə verilib.

Belə ki, sözügedən məsələ ilə bağlı bank mülki iddia qaldıraraq İsmayıl Vəliyevin banka borclu olduğunu və bu borcu qaytarmaq üçün onun dövlət nəfinə müsadirə edilmiş əmlaklarının bir qismini borcun ödənilməsinə yönəldilməsini istəyib. Məhkəmə bankın iddiasını təmin edib.

Xatırladaq ki, sabiq icra başçısı İsmayıl Vəliyev və digərləri DTX tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıblar.

İsmayıl Vəliyev və digərlərinə AR Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Vəliyev 10 il, Rayonun İcra Hakimiyyətinin başçısının keçmiş birinci müavini Vurğun Əkbərov 9 il, icra başçısının digər müavini Gültəkin Sadıqova 6 il 6 ay, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev 8 il, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov 8 il 6 ay, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov 8 il, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov isə 8 il 3 ay azadlıqdan məhrum edilib.

Daha sonra Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə İsmayıl Vəliyevin cəzası 9 il 6 aya, Əjdər Kərimovun cəzası 8 ilə, Gültəkin Sadıqovanın cəzası isə 6 ilə endirilib.

Daha sonra Ali Məhkəmənin qərarı ilə İsmayıl Vəliyevin cəzası 6 il 2 aya, Vurğun Əkbərovunku 6 ilə, Əjdər Kərimovun cəzası 5 il 10 aya, Vüqar Nağıyevinki 5 il 8 aya, Telman Zahidov və Anar Cəfərovun cəzaları 5 il 6 aya, Gültəkin Sadıqovanın cəzası isə 4 il 6 aya endirilib


Geri qayıt