Əsas Səhifə > Güney Press > Trampın vasitəçiliyi ilə sülhə doğru

Trampın vasitəçiliyi ilə sülhə doğru


Bu gün, 13:05

“Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanması regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O, ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Prezident İlham Əliyevin Vaşinqtona səfərinin mümkün müsbət nəticələrini qeyd edib.

Deputat bildirib ki, avqustun 8-də Ağ Evdə baş tutacaq görüş çox mühüm və tarixi önəmə malik hadisədir:

“Trampın Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü onilliklərdir davam edən münaqişəni bitirmək, eyni zamanda sülh prosesini yekunlaşdırmaq məqsədi daşıyır. Prezident İlham Əliyevin Trampın dəvəti ilə Vaşinqtona səfəri yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də regional sülh prosesi üçün böyük önəm kəsb edir. Bu, Tramp administrasiyasının Cənubi Qafqaz regionuna olan strateji marağını və Azərbaycana xüsusi diqqətini nümayiş etdirir. Azərbaycana olan marağın əsas səbəblərindən biri ölkənin mühüm geosiyasi mövqeyidir”.

Onun fikrincə, Azərbaycan tarixən ABŞ və xüsusilə Respublikaçı administrasiyalar dövründə strateji əlaqələrə dəyər verib:

“ABŞ prezidentinin şəxsi mediatorluğu Cənubi Qafqazda uzunmüddətli sabitlik və sülhün təmin edilməsi üçün mühüm addım ola bilər. Trampın Azərbaycana marağı regionda ABŞ-nin nüfuzunu artırmaq və enerji təhlükəsizliyi baxımından da perspektivli görünür. Azərbaycan öz növbəsində strateji mövqeyini, enerji resurslarını və regional sabitlik üçün konstruktiv rolunu ABŞ ilə tərəfdaşlığın inkişafında istifadə edə bilər”.

“Trampın təşəbbüsü ilə belə bir görüşün təşkili özlüyündə diplomatik prosesin müsbət istiqamətdə inkişaf etdiyini göstərir. Bu tərəfdaşlıq həm ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həm də regional sülh və sabitliyin təmin edilməsi baxımından qarşılıqlı faydalı perspektivlər vəd edir. Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanması regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir”, – deyə o, fikirlərini tamamlayıb.


Geri qayıt