Əsas Səhifə > Güney Press > Ukrayna üçün Qarabağ ssenarisi
Ukrayna üçün Qarabağ ssenarisiBu gün, 10:29 |
“Suverenlik naminə Ukrayna müvəqqəti işğalı qəbul edə bilər”. Bunu BBC-yə müsahibəsində Çexiya Prezidenti Petr Pavel deyib. Dövlət başçısı qeyd edib ki, işğal olunmuş ərazilər heç vaxt Rusiya kimi tanınmayacaq. “İndi Ukrayna Qərbin bütün dəstəyi ilə işğal etdiyi əraziləri qısa müddət ərzində böyük insan itkiləri olmadan azad edə bilmir. Biz onun müstəqil suveren ölkə kimi yaşamasını istəyirik. Əgər onun yaşamasının əvəzi ərazisinin bir hissəsinin müvəqqəti olaraq işğal altında qalmasıdırsa, deməli, belə olacaq. Biz bunları heç vaxt qanuni olaraq tanımayacağıq”, - prezident əlavə edib. Yada salaq ki, Xankəndidəki media forumda çıxışı zamanı Azərbaycan lideri İlham Əliyev Ukrayna xalqını bir daha işğalla barışmamağa çağırıb. Bəs Ukrayna üçün Qarabağ ssenarisi mümkündürmü? Siyasi ekspert Ramiyə Məmmədova Ukrayna böhranının uzanacağını proqnozlaşdırır. Onun sözlərinə görə, keçmiş Qarabağ münaqişəsindən fərqli olaraq, bu müharibə qlobal mahiyyət daşıyır: “Təbii ki, Ukrayna hələlik ərazilərini geri almaq gücündə görünmür. Kollektiv Qərbin verdiyi dəstəyə baxmayaraq, Ukrayna müdafiə olunur. Doğrudur, Rusiya ərazilərinə dron zərbələri endirir, amma işğal edilmiş əraziləri azad etmək bu gün mümkün deyil. Çünki ABŞ və koalisiya müdafiə silahları verir. Bu da əks-hücum üçün yetərli deyil. O nöqteyi-nəzərdən təxmin etmək olar ki, Ukrayna üçün Qarabağ presedenti istisna deyil. Yəni yaxın illərdə torpaqlar işğal altında qalacaq. Əgər ABŞ işğalçı qüvvələri bombardman etməyə köməklik göstərsə, tezliklə Ukrayna ərazi bütövlüyünü bərpa edə bilər. Lakin bu savaşda Qərbin strateji hədəfi odur ki, nə Rusiya qalib gəlsin, nə Ukrayna məğlub olsun”. Analitikin fikrincə, Ukrayna üçün Gürcüstan variantı da var: “Söhbət Avropaya inteqrasiyadan gedir. Gürcüstan Rusiyanın himayə etdiyi Abxaziya və Cənubi Osetiya problemini gündəlikdə saxlamır, əvəzində mövcud əraziləri ilə Avropa Birliyinə üzvlüyü hədəfləyib. Ukrayna da şərq və cənub ərazilərini, yəni 20 faiz torpağını itirsə də, avrointeqrasiyanı sürətləndirə, inkişaf yolunu tuta bilər. Sadəcə, atəşkəs üçün ləyaqətli şərtlər olmalıdır ki, Ukrayna razılaşsın. Bu da olmadıqca hərbi əməliyyatlar davam edəcək. Şübhəsiz ki, 4 ildir döyüşən, təslim olmayan Ukrayna işğalla barışmadığını sübut edir. Azərbaycan da işğalla barışmadı və nəticə qazandı. Ukraynanın isə qarşısında birbaşa Rusiyadır və bu, vəziyyəti daha da ağırlaşdırır. Hər halda, indiki reallıqlar atəşkəsi şərtləndirir, döyüşə davam heç bir tərəfə qazandırmır”. Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlinin sözlərinə görə, Rusiyanın müttəfiqləri də işğal olunan əraziləri “Yeni Rusiya” kimi tanımır: “Dünya bu işğalla barışmır, eləcə də Ukrayna. Ukrayna ərazi bütövlüyünü bərpa etməli və Rusiya ordusu 1991-ci ilin sərhədlərinə qayıtmalıdır. Bu olmadıqca, müharibə davam edəcək, atəşkəs pozulacaq, işğal edilən ərazilərdə sabitlik bərqərar olmayacaq, Putin o regionlara əhali köçürə bilməyəcək. Azərbaycan Prezidentinin tövsiyəsi də təcrübədən irəli gələn bəyanat idi. Biz xalq olaraq işğala boyun əymədik və gücləndik, ən əlverişli şəraitdə torpaqların azad olunması əməliyyatlarına başladıq. Məncə, Ukrayna da torpaqlarını azad edəcək. Sadəcə, bu gün olmaya bilər”. S.Əsədli hazırda silahların susmasını vacib sayır, onun fikrincə, tökülən qanlar artıq dayandırılmalıdır: “Hər gün dinc insanlar qətlə yetirilir. Rusiya isə 4-cü ildir ki, davam edən savaşda itirdiklərinə baxsa, qazandıqlarına dəyməz”. Qeyd edək ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya gedib. TASS mənbələrə istinadən məlumat yayıb. Uitkoffu Vnukovo hava limanında Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev qarşılayıb. Məlumata görə, bu gün, ABŞ prezidentinin ultimatumunun bitməsinə iki gün qalmış Uitkoff ilə Rusiya nümayəndələri arasında danışıqlar aparılmalıdır. Yeri gəlmişkən, Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub. Ukraynanın dövlət başçısı Telegram hesabında yazıb. O, söhbət zamanı Ağ Ev rəhbərinə sülh istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib. Zelenski insan ölümlərinin mümkün qədər tez dayandırılmalı olduğunu açıqlayıb: “Həqiqətən də qətllərin qarşısını tez bir zamanda almaq lazımdır. Biz bunu dəstəkləyirik. Müharibə aylardır davam edir. Bu müddət savaş olmadan da keçə bilərdi”. Ukrayna Prezidenti amerikalı həmkarı ilə ölkələr arasındakı mövqelərin koordinasiyasını həyata keçirdiyini, eləcə də Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsini müzakirə etdiyini açıqlayıb. Tramp Rusiyanın Kiyevə zərbələri barədə də məlumatlandırılıb. Gündəmdə Niderland, İsveç, Norveç və Danimarkanın Ukraynaya silah yardımı üzrə qərarı, habelə ABŞ ilə müdafiə sahəsində əməkdaşlıq kimi məsələlər də olub. Zelenski rəsmi Vaşinqtonla müdafiə sektorunda tərəfdaşlığa dair sazişin mətninin hazır olduğunu da bildirib. “Yeni Müsavat” Geri qayıt |