Əsas Səhifə > Güney Press > Tramp Əliyev və Paşinyanı qonaq edəcək

Tramp Əliyev və Paşinyanı qonaq edəcək


Bu gün, 15:59

ABŞ Prezidenti Donald Tramp cümə günü, avqustun 8-də Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə görüşəcək. “The Washington Post”un mənbələrə istinadən yaydığı məlumata görə, tərəflər sülh sazişini elan edə bilər. Nəşr qeyd edir ki, Vaşinqton uzun müddətdir davam edən münaqişənin nizamlanmasına nail olmağa çalışır.

“Tramp uzun müddətdir ki, davam edən münaqişə vəziyyətində iki ölkə arasında sülh razılaşmasına nail olmaq istəyən Azərbaycan və Ermənistan liderlərini cümə günü Ağ Evdə qəbul edəcək və ola bilsin ki, görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişi elan olunsun”, - qeyd olunub.

Bundan əvvəl Ermənistan hakimiyyəti sazişin ABŞ-da mümkün imzalanması ilə bağlı məlumatları təkzib etməyib. Ölkənin Xarici İşlər Nazirliyi bəyan edib ki, sazişin mətni artıq razılaşdırılıb, lakin imzalanma yeri və vaxtının müzakirəsi tələb olunur.

Bakı sərhəddə atəşkəs və Ermənistanda konstitusiya dəyişiklikləri də daxil olmaqla şərtləri yerinə yetirməkdə israrlıdır. Azərbaycan da ATƏT-in Minsk Qrupunun de-yure buraxılmasını tələb edir. İrəvan Bakının iddialarını rədd edir, lakin Paşinyan sülh prosesi ilə paralel olaraq konstitusiya islahatlarına və Minsk Qrupunun taleyi ilə bağlı müzakirələri mümkün sayır.

Bu arada, İlham Əliyev qeyd edib ki, Bakı ilə İrəvan arasında danışıqlar yekun mərhələdədir və tərəflər tarixi atəşkəs sazişi bağlamağa yaxındırlar. O həmçinin vurğulayıb ki, Bakı hələ də İrəvandan iki şərti yerinə yetirməyi tələb edir.

Xatırladaq ki, 2022-ci ildə Ermənistan və Azərbaycan Rusiya, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə gələcək sülh müqaviləsi üzrə danışıqlara başlayıb. Müzakirələr zamanı tərəflər vaxtaşırı sənədin mətni ilə bağlı təkliflər mübadiləsi aparıblar.

İki ölkənin liderləri keçən ay Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) sülh sazişini müzakirə etmək üçün bir araya gəliblər. Lakin sənəd layihəsinin əldə olunduğu barədə xəbərlərə baxmayaraq, yekun razılaşma açıqlanmayıb.

Müəllif: Ayna.az


Geri qayıt