Əsas Səhifə > Güney Press > “İranın Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək”
“İranın Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək”Bu gün, 19:03 |
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sabiq üzvü Mahmud Əhmədi Biqeşin son açıqlaması təkcə absurddur, yox – həm də riyakarlığın pik həddidir. İran rəsmisi deyib ki, “Tehran Qarabağ müharibələrində Azərbaycanın tərəfini tutmaqla strateji səhvə yol verib”. Biqeşə görə, guya bu mövqe Ermənistanın İrana olan etimadını zəiflədib və bölgədə İranın mövqelərini sarsıdıb. Bu açıqlama, əslində, İranın uzun illərdir yürütməkdə olduğu anti-Azərbaycan siyasətini “tərsinə çevirmə” cəhdidir. İran heç vaxt Azərbaycanın tərəfində olmayıb, əksinə, hər zaman Ermənistanın yanında yer alıb, onu silahla, siyasətlə, ideologiya ilə dəstəkləyib. Biqeşin dediyi kimi, “İran İlham Əliyevi açıq dəstəkləyib” fikri, ya tarixi bilməməkdir, ya da ictimai rəyi bilərəkdən çaşdırmaq cəhdidir. Reallıq isə tam fərqlidir və bunu sübut edən onlarla fakt var. İkinci Qarabağ müharibəsində Rusiya tərəfindən Ermənistana göndərilən silah-sursatın bir hissəsi İran ərazisindən keçməklə çatdırılıb. Hətta bəzi mərhələlərdə İran bu tranziti asanlaşdırmaq üçün öz infrastrukturundan istifadə etməyə razılıq verib. Digər tərəfdən, Xüdafərin istiqamətində Azərbaycan Ordusunun irəliləməsini İranın xüsusi təyinatlıları fiziki olaraq əngəlləyib və əməliyyatların ən azı bir gün gecikməsinə səbəb olublar. İranın daxili siyasi dairələri, dini çevrələri və rəsmi mediası isə müharibə boyu və sonrasında Ermənistanın haqlarından, "qırmızı xətlər"dən danışıb. Biqeşin “əgər biz Ermənistanın yerində olsaydıq, İrana etibar edərdikmi? Mən yox!” deməsi, əslində, İranın rəsmi etirafıdır – Ermənistan artıq İrana etibar etmir. Amma bu da yalandır. Çünki İrəvan–Tehran münasibətləri bu gün də davam edir, daha da möhkəmləndirilir və bu münasibətlərin əsas hədəfi Azərbaycan-Türkiyə ittifaqının qarşısını almaqdır. İran nə zaman Azərbaycanın tərəfində olub? Heç zaman! İran nə zaman Ermənistanı tənqid edib? Heç zaman! Əksinə, Tehran rejimi daim Azərbaycan dövlətinin bölgədə güclənməsindən narahat olub, Zəngəzur dəhlizi ideyasına qarşı çıxıb, Arazboyu hərbi təlimlər keçirib, sərhəddə gərginlik yaradıb. Bu siyasət açıq şəkildə göstərir ki, İranın Ermənidən daha çox ermənipərəst olması sadəcə ittiham deyil, sübut olunmuş reallıqdır. İndi isə İran cəmiyyətinə, region ölkələrinə və bəlkə də Azərbaycandakı bəzi “yumşaq” təbəqələrə mesaj ötürmək istəyirlər: guya biz vaxtilə Azərbaycanın tərəfində olmuşuq və bu, “səhv” imiş. Bu, sadəcə cılız və utanmaz təbliğatdır. Əgər İran həqiqətən də bir gün Azərbaycanın tərəfində dayanmaq istəsə, ilk növbədə Ermənistana verdiyi hərbi, iqtisadi, diplomatik dəstəyi durdurmalı, Zəngəzur layihəsini dəstəkləməli və İslam həmrəyliyi deyilən anlayışı sözlə yox, əməllə göstərməlidir. Amma bu baş vermir. Və Biqeşin bu açıqlaması sübut edir ki, Tehranın səmimi siyasəti yoxdur, yalnız hiyləgərliyi, qorxusu və ikili oyunu var. Musavat.com Geri qayıt |