Əsas Səhifə > Güney Press > Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir

Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir


Bu gün, 10:41

ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcəyi gözlənilir. Hətta iddia edilir ki, Bakı və İrəvan Vaşinqtonda sülh sazişi imzalama niyyətini bu həftə elan edə bilər.
Qeyd edək ki, bu barədə rəsmi təsdiq hələlik yoxdur.
 
Siyasi şərhçi, hazırda ABŞ-də yaşayan hüquq müdafiəçisi Əhməd Şahidov deyib ki, Donald Trampın Ağ Evdə 8 avqust İlham Əliyev və Nikol Paşinyanla görüşü təsadüfi deyil. Onun sözlərinə görə, bu görüş sıradan diplomatik protokol deyil:
"Trampın ötən həftə Rusiya rəhbərliyinə verdiyi 10 günlük möhlətin başa çatması ilə eyni vaxta düşməsi də təsadüf sayıla bilməz. Aydındır ki, bu görüşün arxasında konkret plan və siyasi məqsədlər dayanır. İstisna deyil ki, 8 avqustda tərəflər arasında ya yekun sülh sazişi, ya da bu sənədə aparan yol xəritəsi və ilkin memorandum imzalanacaq. Əks halda Tramp bu görüşü Ağ Ev səviyyəsinə qaldırmazdı. ABŞ prezidenti seçki öncəsi verdiyi “Müharibələri dayandıracağam” vədini yerinə yetirmək üçün real və cəsarətli addımlar atır. Son günlər region və dünya siyasətinə dair verdiyi bəyanatlar da göstərir ki, bu görüş düşünülmüş, planlaşdırılmış və mühüm nəticələrə hesablanmış addımdır. Bölgədə 30 ildən artıq davam edən bir münaqişənin həllində Ağ Evdə yeni bir səhifə açıla bilər".
 
Politoloq Məhəmməd Əsədullazadə də Sherg.az-a deyib ki, Donald Tramp Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün təşəbbüs göstərir. Onun sözlərinə görə, ötən həftə ABŞ-nin yüksək səviyyəli diplomatları Prezident D.Trampın tapşırığı ilə Bakıda olublar:
"Görünür, amerikalı rəsmilər Bakının ardınca İrəvana da səfər ediblər. Bu xüsusi missiyanın əsas məqsədi Azərbaycan və Ermənistan arasında sülh prosesini sürətləndirməkdir. Tərəflər Vaşinqton görüşündə sülh müqaviləsinin mətnini paraflaya bilərlər. Yekun sülh sazişinin bağlanması isə Ermənistan Konstitusiyasına dəyişikliklər və ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması ilə müşayiət oluna bilər. Vaşinqton görüşü baş tutarsa, Minsk qrupunun buraxılması barədə birgə bəyanat imzalanması real variantlardan biridir. ABŞ-nin Cənubi Qafqazda fəallaşması həm də regionda öz geosiyasi mövqelərini gücləndirməyə yönəlib. Bunun tərkib hissəsi olaraq Ermənistanda keçirilən birgə hərbi təlimlər də Rusiyanın mümkün təxribatlarının qarşısını almağa hesablanıb".

Geri qayıt