Əsas Səhifə > Güney Press > Zəngəzur sadəcə yol deyil
Zəngəzur sadəcə yol deyilDünən, 15:40 |
Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır. Bu barədə “Hraparak” məlumat yayıb. Qeyd olunur ki, Baş nazir Nikol Paşinyanın sözçüsü Nazeli Baqdasaryanın bugünkü açıqlaması dəhlizin açılacağı ilə bağlı heç bir şübhə yeri qoymayıb: "Bundan əvvəl autsorsinqdən söhbət gedirdisə, indi bu, dövriyyəyə buraxılır: icarə, lizinq, tikinti hüquqları... Və onun dediyi kimi, başqa məna ifadə edə biləcək digər nüanslar. Baqdasaryanın sözlərindən belə çıxır ki, (Qərbi Zəngəzurdan keçəcək) dəmir yolu, boru kəməri və elektrik xətlərinin idarəçiliyi kənar bir şirkətə verilə bilər. Başqa sözlə, artıq aydındır ki, Zəngəzur dəhlizinə minlərlə ad qoya bilərlər, amma fakt birdir: təhvil verilir". Mənbənin fikrincə, Paşinyanın sözçüsünün açıqlaması dəhlizin təhvil veriləcəyinin rəsmi anonsudur. N.Baqdasaryan bundan əvvəl dəhlizə nəzarətin xarici şirkətə verilməsi ilə bağlı KİV-lərdə yayılan iddianı şərh edərkən söyləmişdi ki, Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası heç vaxt və heç kimə verilə bilməz, amma avtomobil və dəmir yollarının, eləcə də digər infrastrukturun istismar və idarəçiliyi özəl şirkətlərə həvalə oluna bilər: “Bu, uzun illərdir tətbiq edilən normal bir praktikadır. Xatırladaq ki, daha öncə ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak bəyan etmişdi ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. Diplomat vurğulayıb ki, ABŞ tərəfindən Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub.
Erməni politoloq Qriqor Balasanyan da iddia edib ki, beynəlxalq aktorlar Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gəliblər. Ekspert bildirib ki, dəhlizin açılması Ermənistan-Azərbaycan sülh sazişi çərçivəsindən kənarda razılaşdırılıb: “Son hadisələr yolların açılması məsələsinin, əslində, Ermənistan-Azərbaycan sülh sazişi ilə heç bir əlaqəsi olmadığını göstərir. İlkin olaraq, yolların açılması məsələsinə tam başqa kontekstdə baxılırdı. Amma Azərbaycan sonradan 10 noyabr üçtərəfli bəyanatından kənarda yeni şərtlər irəli sürməyə başladı. Bu tələblərə 300 min azərbaycanlının geri qaytarılması, Ermənistanın 150 milyard dollar təzminat ödəməsi, həmçinin konstitusiyaya əlavə və dəyişikliklərin həyata keçirilməsi daxildir. Bakı danışıqlar prosesini məharətlə dəyişdi. İndi artıq görünür ki, beynəlxalq oyunçular Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən kənarda dəhliz məsələsində razılığa gəliblər”. Balasanyan vurğulayıb ki, Zəngəzur dəhlizinə nəzarət Ermənistanda olmayacaq: “Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl tələbləri nəticəsində bu məsələ danışıqlar prosesinin mərkəzi elementinə çevrilib”. Ekspert əlavə edib ki, İrəvan bundan əvvəl dəfələrlə “qəbuledilməz” olduğunu bəyan etdiyi Bakının bu tələbini də qəbul edib.
Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov Sherg.az-a açıqlamasında deyib ki, Zəngəzur dəhlizi çox vacib geosiyasi mahiyyət daşıyan, Avrasiyanın orta xəttində xəritəni dəyişəcək bir yoldur. Ekspertin fikrincə, bu yolun mahiyyətini anlayan regional və beynəlxalq aktorlar mütəmadi olaraq bəyanatlar səsləndirirlər:
"Hətta İran tərəfindən həftədə 3-4 dəfə dəhlizlə bağlı bəyanatlar səslənməkdədir. Eyni zamanda digər ölkələrdən də reaksiyalara şahidlik edirik. Zəngəzur dəhlizi açılacaq. Bunu hər kəs bilməlidir. Bu, artıq məqbul və razılaşdırılmış məqamdır. Digər məqam odur ki, Zəngəzur bizim üçün təkcə nəqliyyat imkanlarını genişləndirən bir layihə deyil, həmçinin, tarixi Azərbaycandır. Milli maraqlarımızın həyata keçirilməsi, dövlətçiliyimizin təhlükəsizliyidir. Gələcək inkişafımız üçün tarixi Azərbaycan torpaqlarında - Zəngəzur və Göyçə istiqamətində Azərbaycanın maraqları həyata keçməlidir. Zəngəzur dəhlizi gediş-gəliş, sülh, Ermənistanla münasibətlərin yeni səhifəyə çıxması, türk dünyasının birləşməsi, şimal və cənubun, şərqlə qərbin bir-birinə inteqrasiyasıdır".
Analitikə görə, Ermənistan hökumətinin Zəngəzur dəhlizi ilə bağlı tərəddüdü bir neçə səbəblə bağlıdır:
"Baxmayaraq ki, dəhliz Ermənistanın iqtisadi-siyasi maraqlarına cavab verir, amma bəzi məqamlar Paşinyan hökumətinin yekun qərar verməsini çətinləşdirir və gecikdirir. Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılması ilə bağlı de-fakto öz razılığını verib. ABŞ-nin də bu və ya digər şəkildə dialoqda iştirakı ilə Ermənistan müəyyən məqamlara razı gəlib. Baxmayaraq ki, Paşinyan komandası Rusiyaya səfəri fonunda vurğuladı ki, İrəvan dəhlizə nəzarətin ABŞ şirkətinə verilməsinə razı deyil, bundan imtina edir. Əslində isə bağlı qapılar arxasında İrəvan hökuməti bu təkliflə razılaşıb. Sadəcə olaraq indiki halda Rusiya və İranın mövqeyi tamam fərqlidir. Hər iki dövlət ABŞ şirkətinin bu platformada iştirakına razı deyil. Əgər məsələləri bu aspektdən təhlil etsək, o zaman ehtimal oluna bilər ki, 2026-cı ilin iyun ayındakı seçkilərədək Paşinyan qəti şəkildə bununla bağlı addım atmayacaq. Çünki Ermənistan rəhbərliyi Rusiya ilə siyasi alverə getməlidir. Ermənistan daxilində ciddi proseslər yaşanır. Kilsə Paşinyana qarşıdır, o cümlədən Samvel Karapetyan tərəfindən hakimiyyətə qarşı blok formalaşdırılıb. Qarabağdan getmiş ermənilər də baş nazirə qarşı birləşir. Belə olan təqdirdə Paşinyan üçün yeni "Saakaşvili-İvanaşvili" planına hazırlıq getdiyini görürük. Həmçinin, Zəngəzur dəhlizinin Ermənistandan keçəcək hissəsi az olsa da, İrəvan hələ həmin yolun inşasına başlamayıb".
Z.Məmmədov əlavə edib ki, Zəngəzur dəhlizi türk ölkələrini birləşdirir:
"Bir neçə gün əvvəl Qazaxıstan Prezidenti K.C.Tokayevin Türkiyəyə səfəri və Prezident R.T.Ərdoğanla görüşü oldu. Bundan əvvəl biz Özbəkistan-Türkiyə, Özbəkistan-Azərbaycan, Qırğızıstan-Türkiyə və Qırğızıstan-Azərbaycan arasında əməkdaşlıqda fəalllığı müşahidə etdik. Bu, türk dünyasının oyanışı deməkdir. Azərbaycanın və Türkiyənin başçılığı ilə Mərkəzi Asiyanın türk respublikalarının suverenliyinin genişlənməsi deməkdir. Əgər türk ailəsi bir-biri ilə yaxınlaşmasa, hərbi-siyasi əlaqələrini gücləndirməsə, türk dünyasının birləşməməsi, münasibətlərin korlanması üçün kənar ölkələr tərəfindən addımlar atılacaq.
Əslində, türk birliyini möhkəmləndirməyə çalışan Azərbaycandır. Biz Gürcüstan vasitəsilə də Avropaya, Qərbə çıxış əldə edirik. Gürcüstandan keçən layihələr çox uğurla fəaliyyətini davam etdirir. Bakı-Tbilisi-Qars dəmiryol xətti indiyədək Mərkəzi Asiya, Çin ilə Avropa arasında yükdaşımalarda xüsusi rol oynayır. Azərbaycan üzərinə düşəni edir. Bakı və ətrafda limanlar salır, nəqliyyat habını genişləndirir, sənaye mərkəzlərini açır və s. Top Mərkəzi Asiya ölkələrindədir. Onlar bu sahəyə daha çox yatırım etməli, ixrac imkanlarını genişləndirməlidirlər. Ümumən, qeyd edək ki, Mərkəzi Asiya, Cənubi Qafqaz və Anadolu, Şərqi Avropa arasında böyük logistikaya şahidlik etməkdəyik. Bu xətlə neft-qaz, "yaşıl enerji", kənd təsərrüfatı və sənaye məhsullarının ixracı nəzərdə tutulub. Yəni Bakı-Tbilisi-Qars və Zəngəzur layihələri bir-birinə rəqib deyil, bir-birini tamamlayan layihələrdir. Həmçinin, şimaldan keçən layihələrə, Suveyş kanalına alternativ deyil və mühüm yollardan biridir. Ümumi şəbəkənin tərkib hissələridir. Hansı yol hansı ölkəyə sərf edirsə, əlverişli və ucuzdursa, o yoldan istifadə edəcək".
Geri qayıt |