Əsas Səhifə > Güney Press > Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı
Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandıDünən, 16:58 |
ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı mümkün sanksiyalar üçün gözləmə müddətini 50 gündən 10-12 günə endirəcəyini bildirməsi, geopolitik zəlzələ effekti yaradıb. Ekspertlər bunun sırf iqtisadi məsələ olmadığını düşünür, daha çox siyasi amillərlə əlaqələndirir. Bununla belə, sözügedən bəyanat enerji bazarlarında da dalğalanma yaradıb. Ağ Ev rəhbərinin rusiyalı həmkarı Vladimir Putinlə bağlı dəyişkən mövqeyi nə ilə yekunlaşacaq? Globalinfo.az-a danışan Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, ABŞ lideri son qərarını sülh istədiyi halda, heç bir irəliləyişin olmaması ilə əsaslandırır: “Tərəflər İstanbulda görüşsə də, məhbus mübadiləsi istisna, çox cüzi məsələlər ətrafında razılığa gəliblər. Trampın məsləhətlərinə, lazım gəldikdə hətta “guruldamasına” baxmayaraq, Putin heç bir danışıqlarda iştirak etməyib. Ukrayna avqustun sonuna qədər prezident Zelenski-Putin zirvə görüşünün keçirilməsini təklif etsə də, Kreml bunun yalnız saziş imzalanacağı təqdirdə keçirilməsini məqsədəuyğun hesab edib. Görünür, Rusiya lideri indiki Ukrayna məsələsini, gələcəkdə isə yenidən Rusiyaya mane olacaq “sarmaşığı” kökündən kəsmək istəyir. Bir sözlə, Trampın son həftələrdəki şərhləri sülhpərvər mövqeyindən fərqlidir. Təxminən iki həftə əvvəl o, atəşkəs danışıqları başlamadığı təqdirdə, ABŞ-ın Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirəcəyini açıqlamışdı. İyulun 15-də NATO-nun Baş katibi Mark Rutte ilə görüş zamanı avropalı müttəfiqlərin Ukraynaya əlavə silah-sursat, o cümlədən Patriot raketdən müdafiə sistemləri alması ilə bağlı razılaşma da imzalanmışdı. Vəziyyətin bu məqamında, hətta ABŞ diplomatları Çindən ikili təyinatlı malların ixracını dayandırmasını da istəyib. Vaşinqton iddia edir ki, bu Rusiyanın hərbi sənaye bazasına töhfə verir”. Politoloq xatırladıb ki, uzun müddətdir gözlənilən Avropa İttifaqı (Aİ) və ABŞ arasında da mühüm ticarət razılaşması da imzalandı: “Aİ bloku mal və xidmətlər daxil olmaqla, ABŞ-dan sonra dünyada ikinci yerdədir. Tərəflərin ticarəti ildə təxminən 2 trilyon dollar dəyərindədir. Ona görə də Aİ sözügedən sazişin sabitlik gətirəcəyini düşünür. Təşkilatın əsas məqsədi Rusiyanın enerji təchizatından asılılığını azaltmaq və ABŞ-dan mayeləşdirilmiş təbii qaz, neft və nüvə yanacağına sərmayəni sürətləndirməkdir. Aİ Donald Trampın səlahiyyət müddətinin qalan hissəsi ərzində Vaşinqtondan 750 milyard dollar dəyərində enerji almağı planlaşdırır. Bunlara neftin spot alışları, LNG və nüvə texnologiyası üçün uzunmüddətli müqavilələr də daxildir. Qeyd edilən razılaşma, həm də mühüm məqama təsadüf edir. Belə ki, Aİ-nin Moskvaya qarşı sanksiyalar tətbiq etməsi Çin və Hindistanda Rusiya neftini dizelə çevirib yenidən Avropaya satan neftayırma zavodlarına təsir etdiyi zamanla toqquşur. Avropa itkini kompensasiya etmək üçün Vaşinqtona pənah gətirir. Deməli, əgər ABŞ hələ də Rusiya neftini alan ölkələrə daha çox sanksiyalar tətbiq etsə, güman ki, bu, tərəfləri daha da yaxınlaşdıracaq. Sözsüz ki, geosiyasi gərginlik fonunda bu cür gedişat qlobal təchizat zəncirlərinə və nizama əhəmiyyətli dərəcədə təsir edəcək. İqtisadi sabitlik və geosiyasi risklərə davamlılıq göstərmək lazımdır. Bu isə infrastrukturun inkişafından, ticarətin diversifikasiyasından və beynəlxalq əməkdaşlıq vasitəsilə uyğunlaşma qabiliyyətindən asılıdır”. Geri qayıt |