Əsas Səhifə > Güney Press > Qazaxıstan neftinin Rusiyadan yan keçməklə nəqli: Azərbaycan nəqli məhdudlaşdıracaq

Qazaxıstan neftinin Rusiyadan yan keçməklə nəqli: Azərbaycan nəqli məhdudlaşdıracaq


Dünən, 11:34

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iyulun 29-da Ankaraya rəsmi səfər edəcək. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlarda hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edən məsələlər, o cümlədən Qazaxıstan neftinin şaxələndirilməsi və onun Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəqlinin artırılması müzakirə olunacaq. Üstəlik, daha əlverişli investisiya və turizm mühitinin yaradılması səyləri çərçivəsində Qazaxıstan Türkiyə ilə vizasız rejimi genişləndirir.

Reyting.az
xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.

Rusiya nəşrinin təhlilində qeyd olunur:

Türkiyə və Qazaxıstan liderləri həmçinin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını keçirəcəklər və burada iqtisadi inteqrasiya, rəqəmsal transformasiya, müdafiə təşəbbüsləri və türk birliyinin gücləndirilməsinin əsas aspektlərini müzakirə edəcəklər.

Xatırladaq ki, dördüncü görüş Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana səfəri çərçivəsində 2022-ci ildə keçirilib. O zaman Türkiyə lideri bəyan etmişdi ki, Türkiyə-Qazaxıstan münasibətlərinin qabaqcıl strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iki xalqın ortaq tarix, din, dil və mədəniyyətə əsaslanaraq, ticarət dövriyyəsinin həcmini 10 milyard dollara çatdırmaq kimi iddialı məqsəd qoymuşdu. İlk dəfə 2016-cı ildə açıqlanan bu rəqəm bu gün də əhəmiyyətli olaraq qalır.

REA Beynəlxalq İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitutu Mərkəzi Asiya sektorunun rəhbəri Stanislav Pritçinin sözlərinə görə, Qazaxıstan və Türkiyə arasında iqtisadi əməkdaşlığın tempi hər iki ölkə rəhbərliyinin istədiyi kimi sürətlə artmır.

Ekspert qeyd edir ki, hərbi sahə (keçən il Qazaxıstanda pilotsuz təyyarələrin istehsalına dair saziş imzalanıb, lakin hələ də qüvvədə deyil), enerji, müştərək nəqliyyat layihələrində iştirak, o cümlədən mədəniyyət və təhsil sahəsi və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində qarşılıqlı əlaqələri əhatə edən geniş ikitərəfli gündəliyə baxmayaraq, əməkdaşlıq potensialı məhdud olaraq qalır.

"Belə geniş gündəmə malik Qazaxıstan və Türkiyənin bir sıra məhdudlaşdırıcı amilləri var.

Birincisi, bu, ölkələrin coğrafi məsafəsi ilə bağlıdır.

İkincisi, rəsmi ideoloji yaxınlığa baxmayaraq, Qazaxıstan və Türkiyə mövqelərində və bir çox digər parametrlərdə ciddi fərqlərə malikdir.

İqtisadi baxımdan Türkiyə Qazaxıstanın 10 ən böyük ticarət tərəfdaşı sırasında olsa da, türk sərmayələri əsasən tikinti və xidmət sektorunda cəmləşib".

Eyni zamanda, mədəni yaxınlıq ikitərəfli münasibətlərin möhkəmlənməsi amili olmaqla yanaşı, həm də türkdilli dövlətlər arasında çoxtərəfli əlaqələrin inkişafı üçün əsas rolunu oynayır. Onların arasında Türkiyə və Qazaxıstan pantürk birliyi ideyasının ən fəal tərəfdarlarıdır.

2012-ci ildən Qazaxıstanda Beynəlxalq Türk Akademiyası, o cümlədən türk universitetləri, kollec və liseyləri fəaliyyət göstərir. Türkiyə tərəfi bu təhsil ocaqlarını 2016-cı ildə yaradılmış “Maarif” Təhsil Fondunun nəzarətinə keçirməyə çalışır. Fond Türkiyə təhsil sisteminin xaricdə gözdən salınması cəhdinə cavab olaraq yaradılıb. Türkiyə rəhbərliyi “Gülən məktəbləri”ni təhsil məkanından sıxışdıraraq çıxarıb, onların yerinə dövlət fondunun nəzarətində olan təhsil ocaqlarını qoyub.

Buna baxmayaraq, Stanislav Pritçinin qeyd etdiyi kimi, "Türkiyə ilə təhsil əməkdaşlığı həcmcə bu sahədə Rusiya, Çin və Qərb ölkələri ilə əməkdaşlıqla müqayisə edilə bilməz. Məsələn, "Bolaşak" sistemi (Qazaxıstan prezidentinin beynəlxalq təhsil təqaüdü) çərçivəsində qazaxıstanlı tələbələr hazırda Türkiyədə təhsil almırlar".

Lakin milli ədəbi əsərlər vasitəsilə nəsildən-nəslə ötürülən gənclərdə vahid tarixi şüurun, ümumi coğrafi ideyaların və mədəni dəyərlərin formalaşdırılması istiqamətində fəal iş aparıldığı üçün bu vəziyyət tezliklə dəyişə bilər. Bu istiqamətdə atılan mühüm addım 2020-ci ildə Türkiyə, Qazaxıstan və Azərbaycan üçün “Türklərin ümumi tarixi” adlı vahid məktəb dərsliyinin tətbiqinə başlanılıb.

Ekspertin fikrincə, Qazaxıstanla Türkiyə arasında münasibətlər obyektiv çətinliklərdən də xali deyil. Türk birliyi ideyasında ixtilaf var. Apreldə Səmərqənddə keçirilən “Mərkəzi Asiya - Avropa İttifaqı” sammitindən sonra, Qazaxıstan da daxil olmaqla, region ölkələri Avropa İttifaqı ilə əlaqələrin inkişafına üstünlük verərək, Ankaranın israrla irəli sürdüyü “ortaq türk gündəmi”nə məhəl qoymadan öz geosiyasi üstünlüklərini açıq şəkildə nümayiş etdirdilər. Bu, həm Türkiyənin proqramlarını əhəmiyyətli dərəcədə üstələyən Avropa İttifaqı ilə əməkdaşlıq həcmində, həm də Ərdoğanın dəstəklədiyi Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanımamaqla yanaşı, Kipr Respublikasının (adanın yunan hissəsi) suverenliyini tanımaq istəyində özünü göstərdi.

Enerji ixracı marşrutlarının şaxələndirilməsinə gəlincə, Stanislav Pritçin qeyd edib ki, Rusiya ərazisindən keçən Xəzər Nəqliyyat Marşrutunun (XNM) əvəzedicisi yoxdur.

Xatırladaq ki, Qazaxıstan 2025-2040-cı illər üçün Neft Emalı Sənayesinin İnkişafı Konsepsiyası təsdiq edib - bu, təkcə daxili ehtiyacları ödəməli, həm də ölkəni neft məhsullarının ixracı üzrə regional liderlərdən birinə çevirməli olan sektorun transformasiyası üçün iddialı plandır. Buna görə də Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyəyə neft nəqlini artırmaq niyyətindədir və İran limanları vasitəsilə Hindistana ixrac imkanlarını araşdırır.

Qazaxıstan ehtiyat edir ki, Qərb enerji sektorunda Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər ki, bu da Qazaxıstanın neft sənayesinə zərbə vuracaq. Xüsusən də bu yaxınlarda Qazaxıstan neftinin XNM vasitəsilə ixracı dayandırılıb. Amma bu dəfə səbəb xarici gəmilərin Rusiya limanlarına daxil olması üçün FSB-dən icazə almalı olduğu yeni Rusiya qaydaları idi.

Stanislav Pritçin hesab edir ki, bu, yaxın gələcəkdə həll olunacaq texniki məsələdir və XNM vasitəsilə neft ixracının illik nəticələrinə qlobal təsir göstərməyəcək.

BTC boru kəmərinə gəlincə, burada bir sıra obyektiv və subyektiv məhdudiyyətlər var.

"Türkiyədən keçən marşrut bir sıra çətinliklərlə bağlıdır. Bu, xeyli bahadır, infrastruktur hazır deyil. Bundan əlavə, Qazaxıstan neftinin keyfiyyəti aşağıdır, “Brent”ə endirimlə, Azərbaycanın “Azeri Lights”ı isə yüksək qiymətə satılır. Buraxılan qazax neftinin həcminin artırılması Azərbaycan neftinin keyfiyyətini pisləşdirəcək və onun qiymətini aşağı salacaq. Qazaxıstan çətin ki, Azərbaycanın itkisini kompensansiya etsin, on görə də Azərbaycan BTC ilə Qazaxıstan neftinin nəqlini məhdudlaşdıracaq”, - ekspert vurğulayıb.


Geri qayıt