Əsas Səhifə > Güney Press > Azərbaycanda autizmli uşaqların sayı niyə artır?

Azərbaycanda autizmli uşaqların sayı niyə artır?


Dünən, 12:22

Azərbaycanda son illər autizm diaqnozu qoyulan uşaqların sayı kəskin şəkildə artıb.

Bir vaxtlar nisbətən nadir hesab olunan bu xəstəlik, hazırda bir çox ailənin gündəlik həyatına təsir edən reallığa çevrilib. Autizmin artma səbəbləri barədə müxtəlif fikirlər irəli sürülsə də, hələ də bu sualın dəqiq cavabı yoxdur.

Autizm uşaqların inkişafına fərqli istiqamətdə təsir edən bir nevroinkişaf pozuntusudur. Uşaqların gözlənilən inkişaf mərhələlərindən geri qalması, nitq ləngimələri, sosial əlaqələrdən uzaq durması və təkrarlanan davranışları valideynlərdə narahatlıq doğurur.

Autizm spektr pozuntusunun yaranmasında genetik meyllərdə çox mühüm rol oynayır. Genetikasında nevroinkişaf problemləri olan uşaqlarda autizm riski daha yüksək ola bilir. Həmçinin vaxtından əvvəl və ya çəkisi az doğulan uşaqlarda sinir sistemi tam inkişaf etmədiyi üçün bəzi problemlərin, o cümlədən autizmin yaranma riski daha yüksək olur.

Uşaqlarda autizmin müalicəsi həm psixoloji, həm də fiziki cəhətdən uzun, çətin və mürəkkəb bir prosesdir. Müalicə xüsusi təhsil və komanda işi tələb edir və komandanın tərkibinə uşağın öz həkimi, xüsusi pedaqoq, nitq mütəxəssisi, uşaq psixiatrı və ya uşaq nevroloqu daxil olmalıdır.

Bu prosesdə valideynlər müalicənin mütləq şəkildə nəticə verməyəcəyini bilməlidirlər. Autizm tam olaraq sağalan bir xəstəlik olmasa da, doğru yanaşma ilə autizmli uşaqlara həyatlarını daha rahat yaşamaq üçün böyük dəstək göstərmək mümkündür. Əsasən autizm spektr pozuntularında sosial bacarıqların inkişafına yönəlmiş davranış terapiyaları və psixiatriya dəstəkləri əsas müdaxilələr hesab edilir.

“Cümhuriyət”-ə mövzu ilə bağlı açıqlama verən pediatr Aytən İsmayilzadə bildirib ki, uşaqlarda autizmin yaranmasına səbəb xəstəliyin əvvəlcədən aşkarlanması üçün metodların olmamasıdır:

“Son vaxtlar autizmli uşaqların sayı artmaqdadır və gün keçdikcə onların reabilitasiyası üçün lazım olan mərkəzlərin də sayı çoxalır. Autizmin erkən mərhələdə aşkar edilməsi üçün hər hansı analiz mövcud deyil, diaqnoz uşaq psixiatrı tərəfindən uşağın müşahidəsi, ailəyə bəzi sualların verilməsi və inkişaf testləri vasitəsilə qoyulur.

Uşaqlarda 1 yaşına qədər göz təmasının qurulmaması, reaksiyalarının düzgün olmaması, yaşına uyğun səslərin çıxarılmaması, həmçinin hərəkətlərində dinamikanın zəif olması və böyüdükcə təkrarlayıcı hərəkətlərin olması inspektr pozuntusu əlamətlərindən xəbər verir.

Uşaqlar üç ayından etibarən göz təması qurmalı, öz yaxınlarını tanımağı bacarmalıdır. 6-7 ayından isə özgə və yaxını ayırd etməlidir. On ayından sonra sözləri hecalamağı bacarmalıdır. Körpə böyüklərin nitqinə bənzəyən, lakin başa düşülməyən sözlər ardıcıllığı yaratmalı, bir yaşından sonra isə sözləri tək-tək deməlidir. Əgər bu nizam pozulursa, uşaq yaşıdlarının etdiyi bu sıralamanı edə bilmirsə, ailəsi autizmdən şübhələnilməlidir.

Uşaqlarda nitq ləngiməsini, az ünsiyyət qurmasını, sözləri düzgün tələffüz etməməsini, eyni zamanda təhlükəni hiss etməməsini, adına reaksiya verməməsini görürüksə bu ilkin əlamətlərdən xəbər verir. Həmçinin uşaqlar oyuncaqlardan düzgün istifadə etməyi bacarmırsa, hərəkətlərində ləngimə, əlləri ilə çırpıcı hərəkətlər edirsə, bu inspektr pozuntusu ola bilər”.

Pediatr qeyd etdi ki, autizm konkret səbəbi bilinməyən, bir çox amilin təsiri ilə yaranan nevroinkişaf pozuntusudur:

“Autizmin artmasının səbəbi bir çox hallarla əlaqələndirilir. Məsələn, deyirlər ki, peyvənd olunan uşaqlarda autizmə daha çox rast gəlinir, lakin sübut olunub ki, peyvənd olunmayan uşaqlarda da kifayət qədər autizm əlamətlərinə rast gəlinir və bu bətn daxilində hamiləlik dövründən qaynaqlanan nevroinkişaf pozuntusudur.

Autizm müalicə olunur uşaq tam düzəlir deyə bilmərik, lakin onu inkişaf etdirən faktorları aradan qaldırmaq, ümumi bədən sağlamlığı təmin edilə bilər. Erkən yaşda intensiv təhsil proqramları və davranış terapiyaları uşaqlara özünə qulluq, sosial və iş bacarıqları qazanmağa kömək edir.

Autizm əvvəldən özünü bəlli edir, yəni valideynlər deyə bilməz ki, əvvəl heç nə yox idi, indi yaranıb. Bətn daxilində isə buna təsir edə bilər, ətraf mühit faktorları, şüalanmanın çox olması, telefonların radiasiyası, düzgün qidalanmama, ətraf mühitin çirklənməsi, dərmanlar, psixi-emosional gərginlik, stress və bir sıra başqa amillər təsir edə bilir. Lakin autizmin yaranmasında konkret səbəblər hələ də yoxdur, əgər belə hallar aşkar edilə bilsəydi, aradan götürülərdi”.


Geri qayıt