Əsas Səhifə > Güney Press > “Ədalət”i səngərdə çıxarmışam
“Ədalət”i səngərdə çıxarmışamDünən, 11:52 |
"Ədalət" qəzetinin ilk nömrəsinin işıq üzü görməsindən 35 il ötür. 1990-cı il iyulun 1-də Mərkəzi Komitə "Ədalət" qəzetinin fəaliyyətinə rəsmi icazə verib. Qəzetin ilk nömrəsi iyulun 26-da işıq üzü görüb. Bu münasibətlə Modern.az qəzetin təsisçisi, Milli Məclisin deputatı Aqil Abbasla əlaqə saxlayıb və qəzetin 35 illik fəaliyyətinə dair təəssüratlarını öyrənib. O bildirib ki, “Ədalət” qəzeti fəaliyyətə başladığı gündən bu günə qədər dövlətçiliyin, xalqın, millətçiliyin və ədalətin tərəfində dayanıb: "Əslində biz Molla Nəsrəddin və Üzeyir Hacıbəylinin keçdiyi yolu keçmişik. Qəzet hər zaman dövlətin, xalqın yanında olub və bu yolla da davam edirik. “Ədalət” Azərbaycan mətbuatına bir sıra yeniliklər gətirib. Məsələn, əvvəllər qəzetlərdə xəbərlər sonuncu səhifədə yer alırdısa, biz onları birinci səhifədə verirdik. Bu, o dövrdə hamını təəccübləndirmişdi”. Həmsöhbətimiz əlavə edib ki, “Ədalət” qəzeti eyni zamanda Mirzə Cəlil məktəbi idi: “Bəzən görürdüm ki, başqa qəzetlər bizi təqlid etməyə çalışırlar. Mənə gülməli gəlirdi. Yazırdım ki, “a bala, mən Mirzə Cəlilin gözündən içmişəm, siz isə arxdan içirsiniz”. Gedin, Mirzə Cəlili yaxşı oxuyun, onun kimi yazmağa çalışın”. Müsahibimiz onu da qeyd edib ki, “Ədalət” qəzetini səngərdə - müharibə şəraitində çap etdirib: "1991-1993-cü illərdə qəzet faktiki olaraq yalnız əsgərlərin qəzeti idi. Döyüş bölgələrindən reportajlar hazırlayırdıq. Məsələn, İsmət Qayıbovun vertolyotu vurulanda hadisə yerinə birinci bizim müxbir çatmışdı.O elə yerindəcə, reportaj hazırlayıb dərhal təqdim etmişdi”. O, həmçinin söyləyib ki, qəzetdə güclü bir kollektiv də formalaşmışdı: “Sonradan həmin əməkdaşların bir qismi redaktor oldu, jurnallar təsis etdilər, mətbuatın müxtəlif sahələrində çalışdılar. Elə bu səbəbdən “Ədalət” bir məktəb idi". A.Abbas vurğulayıb ki, “Ədalət” qəzeti Azərbaycanda müstəqillik dövründə rəsmi şəkildə nəşrinə icazə verilən ikinci qəzet idi: "Birinci “Azadlıq”, ikinci "Ədalət”, üçüncü isə “Ayna” qəzeti idi. Həmin dövrdə “Yeni Müsavat” da çap olunurdu, amma hələ rəsmi qeydiyyatdan keçməmişdi. Ümumilikdə isə Azərbaycanda müasir mətbuat ənənəsi Sabir Rüstəmxanlının rəhbərlik etdiyi “Azərbaycan” qəzetindən də bəhrələnib”. Qəzetin gələcəyi ilə bağlı danışan Aqil Abbas bu sahədə bəzi narahatlıqlarını da dilə gətirib: “Ədalət”in gələcəyi ilə bağlı xüsusi arzum yoxdur, bu günə qədər gəlib çıxmışıq. Amma zaman dəyişir. Ola bilər ki, gələcəkdə qəzetlər heç kimə lazım olmasın. Hazırda da qəzetə tələbat çox azdır. Mən düşünürəm ki, onlayn media heç vaxt ictimai şüuru formalaşdıra bilməz. Buna görə də qəzetlərin mövcud olması daha yaxşı olar”. Geri qayıt |