Əsas Səhifə > Güney Press > "Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..."

"Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..."


Bu gün, 10:38

İyulun 21-də həyatımda unudulmaz bir səhifə yazıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görüldüm. Bu ad — təkcə bir titul, təkcə bir kağız üzərində yazılan rəsmi ifadə deyil. Bu ad illərin gərgin zəhmətinin, susan səslərin sədasına çevrilmək cəhdlərinin, kimsəsizlərin səsini ictimaiyyətə çatdırmaq istəyinin, bəzən yorğun, bəzən qırıq, amma vicdanlı jurnalistikanın ifadə formasıdır.

Bunu Pravda.az-a açıqlamasında “Konkret.az” xəbər portalının baş redaktoru Fadil Paşayev bildirib.

F.Paşayev qeyd edib ki, jurnalistika onun üçün heç vaxt, sadəcə, bir peşə olmayıb: “O, mənim həyat tərzim, nəfəsim, baxış bucağım oldu. Çünki söz məsuliyyətdir. Bu adı mənə verən prezidentimə təşəkkür edirəm. Həm də mənimlə bu yolda birgə addımlayanlara — yazdıqlarımı oxuyan, dəstəkləyən, tənqid edən, düşündürən hər kəsə minnətdaram. Bu fəxri ad həm də yeni bir öhdəlikdir. Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək. Bilirsiniz, bu fəxri ada layiq görülmək mənim üçün, sadəcə, bir mükafat deyil — bu, sözə və həqiqətə sədaqətin rəsmi təsdiqidir. Jurnalistika mənim üçün peşədən daha artıqdır. Bu, tərcümeyi-halımın özüdür. Hər zaman hesab etdim ki, jurnalist yalnız informasiyanı ötürən deyil, həm də zamana şahidlik edən, cəmiyyətin ağrısını yazıya çevirən, unudulanların adını tarixə salan şəxsiyyət olmalıdır. Bu mükafat həm də bir öhdəlik yaradır — Dövlətə və xalqıma bundan sonra da sədaqətli olmaq. Əslində bu fəxri ad, təkcə mənim yox, bu yolda birlikdə addımladığım yüzlərlə insanın, oxucuların, həmkarların, həqiqətə inananların payıdır. Milli mətbuatımızın 150 illik yubileyinin belə təntənəli keçirilməsinə görə aidiyyəti məsul şəxslərə də ayrıca minnətdaram. Çünki bütün bunlar mənə təkcə yol göstərmir, eləcə də yoluma işıq salır. İşıqlı yolda isə yola davam etmək can rahatlığıdır, könül xoşluğudur, enerjidir. O enerji ki, hələ yazılacaq həqiqətlərin ifadəsinə çevriləcək".


Geri qayıt