Əsas Səhifə > Güney Press > Əliyevin sözləri Avropada əks-səda doğurdu:

Əliyevin sözləri Avropada əks-səda doğurdu:


Dünən, 17:16

Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər dünya mətbuatında böyük əks-səda doğurub. Dövlət başçısının Ukraynaya yönəlik “heç vaxt işğalla barışmayın” mesajı yalnız Avropada deyil, post-sovet məkanında – o cümlədən, Gürcüstan və Moldovada da diqqətlə qarşılanıb.

Bu çağırış, xüsusən də Rusiya tərəfindən zaman-zaman təzyiqlərlə üzləşən Qazaxıstan üçün əhəmiyyətli siqnal kimi dəyərləndirilir.

İlham Əliyevin bu mesajının əhəmiyyəti nədir? Xüsusilə postsovet ölkələrində bu, necə qəbul edilir?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Ukraynaya ünvanlanan mesaj ümumilikdə yeni bir fikir deyil:

“Prezident İlham Əliyev Azərbaycan təcrübəsi haqda danışarkən həmişə vurğulayıb ki, biz heç vaxt işğalla barışmamışıq. Digər tərəfdən, dövlət başçısının bu yanaşması bütün münaqişələr və əraziləri işğala məruz qalan ölkələr üçün bir formuldır. Çünki hansısa dövlət faktiki olaraq müəyyən şəraitdə torpaq itirə bilər, lakin, ərazi bütövlüyünün bərpası ilə bağlı hüququ özündə saxlamalıdır – istər 10, istər 20, istərsə də 30 il. Bu yanaşma, bütün işğala məruz qalmış ölkələri gələcəkdə öz ərazi bütövlüyünü bərpa etmək üçün hüquqlarını qorumağa çağıran bir mesajdır”.

Politoloqun sözlərinə görə, bu formul Azərbaycan nümunəsi əsasında artıq sübuta yetirilib:

“Xüsusilə 2020-ci ildə baş verən 44 günlük müharibə və 2023-cü ildə keçirilən antiterror əməliyyatları, belə məqsədlərə onilliklər sonra da çatmağın mümkünlüyünü nümayiş etdirir. Bu, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi əzm və iradənin bariz nümunəsidir. Prezidentin Ukraynaya məsləhəti də məhz Azərbaycanın təcrübəsindən irəli gəlir. Əraziləri işğal edilən bütün dövlətlər bu təcrübəni nəzərə almalıdırlar. Azərbaycan təcrübəsi digər ölkələr üçün də bir örnək olaraq, uzunmüddətli mübarizənin və strateji səbrin müvəffəqiyyət gətirəcəyini göstərir”.


Geri qayıt