Əsas Səhifə > Güney Press > Rusiya ilə böyük müharibə anonsu
Rusiya ilə böyük müharibə anonsuBu gün, 10:35 |
Bir müddətdir ki, NATO ölkələrinin Rusiya təhlükəsi əleyhinə hazırlıqları diqqət çəkir. Bildirilir ki, bu addımlar Alyansın şərq cinahını təhdidə qarşı daha dayanıqlı etməyi hədəfləyir. Digər tərəfdən, təşkilatın Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkiyeviç Çin və Rusiyanın 2027-ci ildə Alyansa üzv ölkələrə qarşı müharibəyə başlaya biləcəyini bəyan edib. Onun bu fikirləri “böyük müharibə anonsu” kimi qəbul edilir. Qrinkeviçin sözlərinə görə, Şimali Atlantika Alyansı belə nəticələrə hazırlaşmalı və arsenalında bütün lazımi resurslara malik olmalıdır. NATO ölkələrinin son hərbi hazırlıqları və şərq cinahında artan mövcudluğu necə dəyərləndirilməlidir? Dəfələrlə anonsu verilən böyük müharibənin başlanması prosesi sürətlənə bilərmi? Yoxsa bu addımlar sadəcə Kremlə qarşı siyasi təzyiq və güc nümayişidir? Globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, Rusiya dalana dirənmiş atəşkəs danışıqları fonunda yay kampaniyasını gücləndirib: “Prezident Donald Tramp bazar ertəsi Rusiyanın atəşkəs razılaşmasını qəbul etməməsindən məyus olduğunu əsas gətirərək, NATO-nun Baş katibi Mark Rutte ilə ABŞ-ın Ukraynaya daha çox hava hücumundan müdafiə sistemləri və silahları tədarük etmək barədə razılığa gəldiyini bildirdi. Paralel olaraq, 2027-ci ilin potensial alovlanma ili olacağı da deyildi. Bunu söyləyən isə ABŞ-ın Avropa Komandanlığının generalı Aleksus Qrinkeviç oldu. O, həm də “ABŞ-ın rəhbərlik etdiyi NATO Rusiya və Çinin Avropa və Sakit okeanda eyni vaxtda müharibəyə başlaya bilməsi ehtimalına hazırlaşmalıdır” ritorikası və qətiyyəti üzərində dayanır. Vəziyyəti kritik dəyərləndirən Qrinkeviç müttəfiqlərin hazırlaşmağa çox az vaxtının olduğunu bildirir. Bu fikirlərin səsləndirildiyi platforma da maraqlıdır. Belə ki, Qrinkeviç bunu ABŞ Ordusunun Avropa və Afrikada təşkil etdiyi konfransda deyib. Burada isə hərbi və sənaye liderləri 32 ölkənin NATO ittifaqı daxilində silah istehsalını artırmaq yollarını axtarmağa toplaşmışdılar. Müəmmalı məsələ həm də odur ki, Qrinkeviç nə ruslara, nə də başqalarına təhvil verəcəkləri silahların dəqiq sayını və ya nə vaxt baş verəcəyini açıqlamır. Yeganə bildiyi və vurğuladığı hazırlıqların getməsi ilə əlaqəlidir”. Politoloq qeyd edib ki, dünyaya Rusiya və Çin tərəfindən yaranan təhdidlərə ayrı çağırış kimi baxmamaq barədə xəbərdarlıq edilir: “Əvvəllər Köniqsberq (Kalininqrad) kimi tanınan şəhər İkinci Dünya müharibəsindən sonra “Potsdam” sazişinin şərtlərinə əsasən Sovet İttifaqının bir hissəsinə çevrildi. Bu gün o, NATO ərazisinin mərkəzində Rusiya gücünün forpostudur və Avropanın ən güclü möhkəmləndirilmiş bölgələrindən biridir. Kalininqrad Rusiyanın əhəmiyyətli quru qüvvələrinə, hava hücumundan müdafiə sistemlərinə və dəniz qüvvələrinə, o cümlədən nüvə silahı daşıya bilən raketlərin yerləşdirilməsinə, Moskvaya bölgədə irəli əməliyyat bazası verdiyinə və istənilən hərbi qarşıdurma riskinin artırılmasına ev sahibliyi edir. Göründüyü kimi Qərb ölkələri bir avazdan danışır, hərəkət edirlər. Məsələn, Fransanın Milli Strateji İcmalı da Rusiyanı Avropanın maraqlarına və sabitliyinə “ən birbaşa təhdid” adlandırır. Bütövlükdə, Qərb liderləri Rusiyanın nəzarətsiz təcavüzünün daha geniş Avropa münaqişəsinə çevrilə biləcəyi barədə davamlı xəbərdarlıqlar edirlər. Tərəflər bir-birlərinin hərəkətlərini və ritorikalarını təqib edirlər. Qərb hökumətləri Rusiyanın Ukraynada və NATO sərhədləri boyunca hərəkətlərini izləməkdə davam edir”. Qeyd edək ki, bundan əvvəl ABŞ generalı Kristofer Donahu Qərbin Kalininqrad bölgəsinə mümkün hücumunun III Dünya müharibəsinə səbəb ola biləyini bildirmişdi. “Kalinqrad vilayətinə hücum III Dünya müharibəsinin başlanğıcı olacaq və bu, qaçılmaz olaraq nüvə zərbələri mübadiləsinə gətirib çıxaracaq. Bu avantüranın nəticəsini heç bir təlimdə proqnozlaşdırmaq mümkün deyil”, – deyə o vurğulamışdı. Geri qayıt |