Əsas Səhifə > Güney Press > Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər

Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər


Dünən, 17:27

“İsrail-Suriya münasibətlərinin gərginləşməsi və İsrail qüvvələrinin Suriyaya zərbələr endirməsi fonunda Yaxın Şərqdə eskalasiya təhlükəsi var. Mən istisna etmirəm ki, bir müddət əvvəl Bakıda Suriya və İsrail rəsmiləri arasında aparılan müzakirələr zamanı hansısa razılaşma olub, sadəcə, sonradan bu razılaşma bəzi qüvvələrin maraqlarına uyğun gəlməyib. İndi ortaya çıxan budur ki, son qarşıdurmaya səbəb druz və bədəvilər arasında toqquşmalardır. İsrail faktiki olaraq druzları, Dəməşq hökuməti isə bədəviləri müdafiə edir”.

Bunu “Reytinq” qəzetinə müsahibəsində hərbi ekspert Azad İsazadə deyib.

A. İsazadə qeyd edib ki, İsrailin Dəməşqə endirdiyi zərbənin nə dərəcədə ağır olduğunu bilmsək də, İsrail tərəfi bunun xəbərdarlıq zərbəsi olduğunu və heç kimin zərər çəkmədiyini bildirir. Hərbi ekspertin sözlərinə görə, lazım gələrsə, İsrail daha ciddi addımlar atacaq: “Bu, İsrailin mövqeyidir, amma Suriya hökuməti hələlik ortaya real mövqe qoymayıb. Ümid edirəm ki, müharibə baş verməyəcək”.

A. İsazadənin fikrincə, İsrail-Suriya müharibəsinin baş verməməsi üçün müəyyən qüvvələr addım ata bilərlər: “O cümlədən Azərbaycan. Azərbaycan bu məsələdə danışıqlara ev sahibliyi edə bilər. Necə ki indiyə qədər edib və təcrübə mövcuddur. Düşünürəm ki, digər qüvvələrin də belə təşəbbüslə çıxış etməsi mümkündür”.

Müsahibimiz əlavə edib ki, ən pis ssenari Suriyada İsrail və Türkiyənin birbaşa üz-üzə gəlməsi olardı: “İndi tərəflər ləng olsa da, üz-üzə gəlmək təhlükəsinə doğru yaxınlaşırlar. İsrail Suriyanın şimalını nəzarət altına alıb, hansısa əraziləri işğal edib. Suriyanın cənubunda isə Türkiyə güclüdür. Aydındır ki, Dəməşq hökuməti də İsraillə müqayisədə Ankaraya daha yaxındır. Odur ki, İsrail və Türkiyənin günün birində Suriyada üz-üzə gəlmək riski var. Ancaq mən inanmıram ki, Türkiyə və İsrail birbaşa Suriyada döyüşmək xəttini seçsinlər”.

İsazadə sonda deyib ki, Yaxın Şərqdə təhlükəsizlik yarada biləcək iki qüvvə var - Türkiyə və İsrail: “Təəssüflər olsun ki, onlar birlikdə hərəkət etmir, daha çox üz-üzə gəlmək yolunu seçiblər. Halbuki regionun təhlükəsizliyini məhz bu qüvvvələr birlikdə təmin edə bilərlər. Hesab edirəm ki, onların üz-üzə gəlməsi ciddi nəticələrə yol aça, ümumilikdə Yaxın Şərq tam nəzarətdən çıxa bilər. Amma mən, məntiqi olaraq, həmin qüvvələrin bir-birinə qarşı müharibə aparacağına inanmıram”.


Geri qayıt