Əsas Səhifə > Güney Press > Rusiyanı diz çökdürəcək qərar
Rusiyanı diz çökdürəcək qərarDünən, 17:25 |
Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi barədə razılığa gəliblər. İyulun 18-də razılaşdırılan paketdə Rusiya nefti üçün qiymət həddində endirim (hər barelə 60 ABŞ dollarından 47,6 dollara düşməklə) və 22 Rusiya bankının beynəlxalq SWIFT sistemindən xaric olunması nəzərdə tutulur. Aİ xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas paketi “Rusiyaya qarşı indiyədək ən güclü sanksiyalardan biri” adlandırıb. “Biz Kremlin hərbi büdcəsini daha da azaldır, daha 105 ədəd kölgə donanması gəmisinə və onların köməkçilərinə qarşı sanksiyalar tətbiq edir və Rusiya banklarının maliyyələşməyə çıxışını məhdudlaşdırırıq”, - o deyib. Onun sözlərinə görə, yeni sanksiyalar paketi Rusiya hərbi sənayesinə, Çin banklarına və “Rosneft”in Hindistandakı ən böyük neft emalı zavoduna təsir edəcək. Habelə, “Şimal axını” qaz layihəsinin fəaliyyəti və dron istehsalı texnologiyalarının ixracı da qadağan ediləcək. Bu sanksiyalar indiyə qədərki ən güclü sanksiyalar hesab olunur. Bu, Rusiyaya necə təsir edəcək? Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirib ki, bu sanksiyaların Rusiya iqtisadiyyatına təsiri kifayət qədər sarsıdıcı olacaq: “Hələ Avropa İttifaqı tərəfindən 17-ci sanksiyalar paketi qəbul olunanda, o vaxt komissar Kaya Kallas 18-ci paketin də qəbul olunacağı barədə bəyanat vermişdi. Hətta Kaya Kallasın bu bəyanatına bəzi beynəlxalq analitiklər və siyasətçilər nikbin yanaşaraq bildirmişdilər ki, 17-ci paketin müddəaları qəbul olunsa da, tam tətbiq olunmayıb, buna görə də 18-ci paket haqqında danışmaq hələ tezdir. Artıq 18-ci paket gündəmdədir. Bu qərar Rusiya iqtisadiyyatına və Rusiya ilə ticari əlaqələrdə olan dövlətlərə, şirkətlərə, bunlar həm Hindistan, Çin, Türkiyə və Honkonq şirkətlərinə böyük təsir göstərəcək. Paketin əsas müddəalarından biri 22-dən çox Rusiya bankının SWIFT sistemindən çıxarılmasıdır. SWIFT sisteminin mərkəzi Brüsseldə yerləşir, ABŞ-də deyil. Hətta Donald Tramp belə bir bəyanat vermişdi ki, əgər Rusiya Ukrayna ilə danışıqlar masasına oturarsa, onun banklarının SWIFT-ə qoşulması ilə əlaqədar ABŞ qərar verə bilər. Amma bunun açarı Avropa İttifaqına və Brüsselə aiddir”. Yusif Bağırzadə qeyd edib ki, bu sanksiyalar Rusiyanın tərəfdaş ölkələrlə, o cümlədən Hindistan, Çin və digər dövlətlərlə iqtisadi münasibətlərinə mənfi təsir edəcək: “Bundan əlavə, qeyd etmək lazımdır ki, “Rosneft”in Avropa İttifaqına üzv ölkələrlə yanaşı, Hindistanda da böyük neft emalı zavodu mövcuddur. Hətta bəzi iddialar yayılmışdı ki, həmin zavodun müəyyən Amerika şirkətləri tərəfindən alınması ilə bağlı danışıqlar aparılır. Eyni zamanda, əvvəllər də qeyd olunurdu ki, “Şimal Axını-1” və “Şimal Axını-2” boru kəmərlərinin operatorluğu və satın alınması ilə bağlı ABŞ-nin özəl şirkətləri ilə Rusiya arasında danışıqlar gedir. Bu baxımdan, yeni sanksiyalar paketi birbaşa olaraq Rusiyanın ticari əlaqələri və tərəfdaş dövlətlərlə münasibətlərinə ciddi zərbə vuracaq. Nəzərə almaq lazımdır ki, Rusiya ilə Ukrayna müharibəsində Donald Trampın Rusiya tərəfinə 50 günlük vaxt verib. Bununla əlaqədar Rusiyanın 700-750 min nəfərlik yeni ordu ilə Ukraynaya genişmiqyaslı hücum etməyə hazırlaşdığı iddiaları səsləndirilir. Təbii ki, bu paket Rusiyanın iqtisadiyyatına ciddi təsir göstərəcək və ehtimal ki, Rusiya ilə Ukrayna arasında danışıqlarda daha yumşaq mövqe ortaya çıxmasına səbəb ola bilər”. Politoloqun sözlərinə görə, əsas zərbə Rusiyanın bank sektoruna vurulacaq: “Qaldı ki, neftin qiymətinin 60 dollardan 47 dollara endirilməsi və ya Rusiyanın “kölgə donanması” vasitəsilə nefti gizli şəkildə satması məsələsinə, bu məsələ daim gündəmdə olub. Avropa İttifaqı və ABŞ bu barədə kifayət qədər məlumata malikdir. Ancaq onun çox elə əhəmiyyəti olmayacaq. Əsas məsələ 22 bankın SWIFT sistemindən çıxarılması və Rusiya ilə ticarət əlaqəsi olan Çin, Honq Konq, Hindistan kimi ölkələrin şirkətləri ilə bağlı sanksiya qərarlarıdır. Bu, Rusiya üçün ciddi məsələdir”. Geri qayıt |