Əsas Səhifə > Güney Press > Dünya Çempionatında tamaşaçı fiaskosu

Dünya Çempionatında tamaşaçı fiaskosu


Bu gün, 10:38

FİFA rəhbərliyi ABŞ-də keçirilən və başa çatan 2025 Klublararası Dünya Çempionatını uğurlu adlandırsa da, turnir müxtəlif istiqamətlərdən sərt tənqidlərə məruz qalıb.
Yeniavaz.com
“Forbes” nəşrinə istinadən xəbər verir ki, turnirin ən ciddi problemlərindən biri tribunaların yarıya qədər boş qalması olub.
ABŞ tamaşaçıları təşkilatçıların gözlədiyi marağı və coşğunu göstərməyiblər. Bu səbəbdən FİFA turnirin sonuna yaxın bilet qiymətlərini 10, hətta bəzi hallarda 35 dəfə endirmək məcburiyyətində qalıb.
Maraqlı faktlardan biri odur ki, turnirin orta tamaşaçı sayı 39 min 547 nəfər olub. Bu, digər turnirlərlə müqayisədə pis göstərici deyil. Məsələn, UEFA Çempionlar Liqasında bu göstərici 44 min, İngiltərə Premyer Liqasında isə 40 min nəfərdir. Amma Klublararası Dünya Çempionatı üçün bu say az hesab olunur, çünki istifadə olunan stadionlar daha böyük tutuma malik olub.
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) əvvəlcədən bu turnirdə ümumilikdə 3,7 milyon tamaşaçı gözləyirdi, yəni orta hesabla hər oyuna 58 min 730 azarkeş. Amma gerçəklik fərqli olub – ümumilikdə 63 oyuna 4 milyon bilet satılsa da, cəmi 2,49 milyon azarkeş iştirak edib. Arenaların orta doluluq faizi 61,96% təşkil edib. ABŞ-də bu il keçirilən Amerika Kubokunun orta tamaşaçı sayı belə bu turnirdən yüksək – 49 min 121 nəfər olub.
Pley-off mərhələsində maraq nisbətən artsa da, bu da kifayət etməyib. Turnirin birinci yarımfinal oyunu üçün biletin başlanğıc qiyməti 473 dollar olsa da, satışlar zəif olub. Hətta “Fluminense”-“Çelsi” yarımfinalına maraq o dərəcədə zəif olub ki, FİFA minimum bilet qiymətini 13,40 dollara endirib. Bu ilkin qiymətdən 35 dəfə aşağı olub.
Bildirilir ki, FİFA turnirin dinamik qiymət sistemini tətbiq etməyə çalışsa da, bu da uğursuz olub. Plan bilet qiymətlərinin mərhələlər irəlilədikcə artması olsa da, əksinə, qiymətlər aşağı salınıb. “PSJ” və “Real Madrid” arasında keçirilən yarımfinal matçına bilet qiymətləri 199 dollardan başlasa da, satışlarda uğur qeydə alınmayıb. Yalnız final matçında – “Çelsi” və “PSJ” arasında keçirilən qarşılaşmada stadion tam dolub – 81 118 nəfər iştirak edib.
Statistika da uğursuzluğu təsdiqləyir. 63 matçdan 27-də stadionun yarısı belə dolmayıb.
Stadionların doluluq faizləri aşağıdakı kimi olub:
90%-dən çox doluluq – 16 matç (8-i pley-offda);
80-89,9% — 6 matç (1-i pley-offda);
70-79,9% — 4 matç (2-si pley-offda);
60-69,9% — 2 matç;
50-59,9% — 8 matç;
40-49,9% — 13 matç (2-si pley-offda);
30-39,9% — 6 matç (1-i pley-offda);
20-29,9% — 5 matç (1-i pley-offda);
20%-dən az – 3 matç.


Turnirdə aşağı tamaşaçı sayının qeydə alınmasının səbəblərdən biri də FİFA-nın uğursuz yayım siyasəti olub. Bəzi matçlar digər qitələrə uyğunlaşdırılaraq ABŞ vaxtı ilə saat 12:00 və 15:00-da keçirilib. Həftə sonları bu saatlarda stadionlara gəlmək mümkün olsa da, iş günləri bu, müşkülə çevrilib. Məsələn, iyulun 2-də San-Fransiskoda keçirilən CONCACAF Qızıl Kubokunun yarımfinalında 71 000 tamaşaçı iştirak edib – oyun saat 19:00-da başlanıb. ABŞ və Meksika arasında keçirilən final 70 900 azarkeş toplayıb. Klublararası Dünya Çempionatında isə yalnız 4 oyun bu göstəricidən yüksək nəticə göstərib.
Tamaşaçılar əsasən məşhur Avropa klublarına üstünlük veriblər. İlk 20 ən çox izlənilən oyunun hamısı Avropa komandalarının iştirakı ilə keçirilib. Cənubi Amerika klublarına isə demək olar ki, maraq göstərilməyib. “Real Madrid”in bütün 6 oyunu ilk 13 sırada yer alıb və klub bu səbəbdən FİFA-ya hər iki ildən bir belə turnirin keçirilməsi təklifini verib. Lakin FİFA bu ideyanı rədd edib. Növbəti turnirin 2029-cu ildə keçirilməsi planlaşdırılır. Həmçinin, iştirakçıların sayının 48 komandaya çatdırılması nəzərdən keçirilir.
FİFA bu turnirə PR məqsədilə cəmi 50 milyon dollar xərcləyib. Bu məbləğ ümumi təşviqat üçün az hesab olunur və nəticədə reklamçılar və azarkeşlər arasında marağın aşağı düşməsinə səbəb olub.
İndi isə diqqətlər 2026-cı ildə ABŞ-da keçiriləcək milli komandalar arasında Dünya Çempionatına yönəlib. Bu daha yüksək səviyyəli və maraqlı turnir olsa da, erkən oyun saatları, iqlim şəraiti və sərtləşmiş immiqrasiya qaydaları səbəbindən azarkeş sayına yenə də mənfi təsir edə bilər.
ÜTT-nin hesablamalarına görə, 2025 və 2026-cı illərdə keçiriləcək dünya çempionatlarının ABŞ iqtisadiyyatına təsiri 47 milyard dollara çata bilər. Amma, bildirilir ki, 2025 Klublararası Dünya Çempionatından sonra bu proqnozlara da artıq ehtiyatla yanaşmaq lazımdır. Çünki Klublararası Dünya Çempionatı gözlənilən uğuru gətirməyib.


Geri qayıt