Əsas Səhifə > Güney Press / Partiya > " “Qafqaz Evi” ideyası praktikada mümkün deyil..."
" “Qafqaz Evi” ideyası praktikada mümkün deyil..."Bu gün, 06:11 |
"Bizim üçtərəfli formatımız mövcuddur, yəni Türkiyə, Gürcüstan və Azərbaycan. Hesab edirəm ki, bu format düzgün və faydalıdır. Və ölkələrimiz arasında münasibətlərimizi inkişaf etdirməyimiz üçün daha məqsədəuyğundur. Müəyyən bir dövrdən sonra isə bu formatı inkişaf etdirmək və erməniləri də bu formata daxil edib dörd tərəfli formata çevirmək olar. Yaxud..."
Azad Vətən Partiyasının sədri Akif Nağı Moderator.az-a verdiyi açıqlamada hazırkı durumda 3 Cənubi Qafqaz respublikasının - Azərbaycan, Ermənistan və Gürcüstanın birləşərək Rusiyanın imperiyapərəst niyyətlərinə qarşı “Qafqaz Evi” yaratması ideyasının qarşısında duran maneələri şərh edib. Akif Nağı bu məsələyə dair özünün mülahizələrini bölüşüb və ideyanın praktikada həyata keçirilməsinin mümkün olmadığını vurğulayıb:
Akif Nağı: “Qafqaz Evi” ideyasının tarixi kökləri və müasir reallığı
“Mən həmişə “Qafqaz Evi” ideyasının əleyhinə olmuşam. Bu ideya ilk dəfə 1918-1920-ci illərdə ortaya çıxmışdı və təxminimcə, onun nəticələrindən biri olaraq Zaqafqaziya Federasiyası – Zaqafqaziya Seymi yaradıldı, lakin o da özünü doğrultmadı. Sonra Sovetlər Birliyi Azərbaycana və digər iki respublikaya qarşı işğalçı siyasət yürütdü və nəticədə Moskvanın nəzarəti altında bu üç Cənubi Qafqaz respublikası "Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası" adı altında yenidən birləşdirildi. 1936-cı ildən isə həmin respublikalar yenidən ayrıldılar. Ona görə də, tarixi təcrübədən çıxış edərək demək olar ki, bu üç respublikanın bir yerdə fəaliyyət göstərməsi ideyası mənə elə gəlir ki, sadəcə bir məcazi, simvolik mənada “Qafqaz evi” ideyası kimi səsləndirilə bilər, amma praktikada buna heç bir ehtiyac yoxdur, çünki bu bir çox problemlərə yol aça bilər.”
Ermənilər və xarici qüvvələrin təsiri
“Hesab edirəm ki, ermənilərin olduğu bir mühitdə hansısa müsbət nəticə gözləmək çox çətindir. Ona görə ki, tarix də sübut edir: ermənilər həmişə hansısa problemlər yaradır və onlarla birgə yol getmək cəhdi bizə yenə də baş ağrısı gətirəcəkdir. Məsələn, azərbaycanlılarla gürcüləri müəyyən bəhanələr və təxribatlarla bir-birinə qarşı qoyacaqlar. Müəyyən məsələləri Türkiyənin üzərinə yıxacaqlar. Və s. və i.a. Bu onların təbii xüsusiyyətləridir. Həmçinin xarici qüvvələr də, məsələn, Avropa, İran və ya Rusiya, bu prosesdə müxtəlif intriqalar yaratmaq istəyəcək və nəticədə “Qafqaz Evi” ideyasının xeyrindən çox ziyanı olacaqdır. Ona görə də hesab edirəm ki, bu o qədər də dərk edilən və perspektivli bir ideya deyil.”
“Qafqaz Evi” ideyasının 90-cı illərdəki aktuallığı və müasir reallıq
“Bilirsiniz ki, “Qafqaz evi” ideyası 1990-cı illərdə qaldırılmışdı. O dövrdə Azərbaycan demokratları, demokratik qüvvələr, o cümlədən Xalq Cəbhəsi bu məsələdə iştirak edirdilər. Lakin mən o vaxt da deyirdim və indi də düşünürəm ki, bu ideyaya boş və mənasız yerə vaxt və enerji itirməyə dəyməz. Biz ermənilərlə birgə yol gedə bilmərik, heç getmək də istəmirik və bunun heç bir faydası yoxdur. Əslində, gürcülərlə də yol gedilməsi müəmmalıdır. Çünki onların da müəyyən maraqları var və bəzi problemlər ortaya çıxa bilər. Bununla belə, münasibətlərimizin normal şəkildə saxlanılması vacibdir.”
Üçtərəfli formatın perspektivi
“Bizim üçtərəfli formatımız mövcuddur, yəni Türkiyə, Gürcüstan və Azərbaycan. Hesab edirəm ki, bu format düzgün və faydalıdır. Və ölkələrimiz arasında münasibətlərimizi inkişaf etdirməyimiz üçün daha məqsədəuyğundur. Müəyyən bir dövrdən sonra isə bu formatı inkişaf etdirmək və erməniləri də bu formata daxil edib dörd tərəfli formata çevirmək olar. Yaxud Azərbaycan, Gürcüstan və Ermənistan birlikdə iqtisadiyyat, xarici siyasət və ya müdafiə məsələləri ilə bağlı yeni bir üçtərəfli format yarada bilərik. Və Ermənistanın bu formatda iştirak etməsi bizə əlavə çətinliklər gətirməyəcəyi halda, “Qafqaz evi” əvəzinə bu cür formatlardan istifadə etmək daha məqsədəuyğundur.”
Geri qayıt |