Əsas Səhifə > Güney Press > Sumqayıt Bulvarında təmir planları təxirə salındı
Sumqayıt Bulvarında təmir planları təxirə salındıDünən, 10:59 |
Sumqayıt şəhərində bulvar ərazisinin abadlaşdırılması ilə bağlı nəzərdə tutulan iki satınalma prosesi iştirakçı çatışmazlığı səbəbindən ləğv olunub. FED.azxəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən "Sumqayıt Bulvar" MMC tərəfindən elan olunan hər iki tender eyni səbəbə əsasən dayandırılıb. Qanunun 36.1.1-ci maddəsinə görə, satınalmada iştirak etmək üçün zəruri sənədləri təqdim etmiş və müvafiq lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olduğu halda, müsabiqə hüquqi cəhətdən davam etdirilə bilməz. Bu səbəbdən hər iki satınalma dayandırılıb. Ləğv edilən ilk tender bulvardakı fontanların, su anbarlarının və çiləyici sistemlərin təmiri və bərpası ilə bağlı idi. Bu işlərin həyata keçirilməsi üçün nəzərdə tutulan ehtimal olunan qiymət 28.312,10 AZN təşkil edirdi. Müsabiqə 18 iyun 2025-ci il tarixində elan olunmuş, təkliflərin qəbulu isə 11 iyulda başa çatmışdı. İkinci ləğv olunan satınalma isə bulvar ərazisində işıqlandırma sisteminin təmirini əhatə edirdi. Bu istiqamətdə ehtimal olunan xərclər 85.547,17 AZN səviyyəsində qiymətləndirilmişdi. Hər iki tenderin açılış və təqdim olunma tarixləri eyni vaxtda – 11 iyul 2025-ci il, saat 15:00-da planlaşdırılmışdı. Bununla da, Sumqayıt Bulvarında nəzərdə tutulan mühüm abadlıq və texniki yenilənmə işləri – su infrastrukturu və işıqlandırma sisteminin bərpası – təxirə salınmış olur. Yeni tenderlərin elan edilib-edilməyəcəyi barədə hələlik məlumat yoxdur. Geri qayıt |