Əsas Səhifə > Güney Press > Bakıdan Paşinyana çağırış
Bakıdan Paşinyana çağırışDünən, 10:52 |
İyulun 12-də İrəvanın Azadlıq meydanında “Artsax Müdafiə Şurası” mitinq təşkil edib. Amma mitinq də nə mitinq, 100-200 separatçı tör-töküntünün toplaşdığı bir piket səviyyəsində baş tutub. Revanşist media onların toplaşmasını bəlağətlə təqdim edib. Aksiya iştirakçıları arasında deputat Aram Sarksiyanı da görmək olar. Ümumilikdə isə ciddi bir nümayiş olmayıb. “Yeni Müsavat” bildirir ki, etirazçılarla polis arasında kiçik bir gərginlik də yaşanıb, sonra danışıqlar nəticəsində su və ədyal əraziyə buraxılıb. Erməni cəmiyyətinin böyük əksəriyyətinin dəstək vermədiyi bu aksiya da növbəti fiaskolardan biri sayılmalıdır. Baş nazir Nikol Paşinyanın Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək danışıqlar aparmasının ardınca İrəvanda bu mitinqin sönük keçməsi ictimai rəyin reaksiyasını gözlər önünə sərir. Yəni erməni xalqı “artsax-martsax” oyunlarını dəstəkləmir və sülh prosesinin sürətlənməsinin tərəfdarıdır. Bununla belə, hələ də belə aksiyaların təşkili, buna şərait yaradılması, separatçı-revanşist qrupların birlikdə hərəkətlənməsi onu göstərir ki, Ermənistanda Qarabağ mövzusunu tam qapanmağa imkan vermirlər. Bu da Azərbaycana qarşı ərazi iddialarını gündəmdə saxlamağa xidmət edir. Halbuki Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. O zaman bu qüvvələrin fəaliyyətini məhdudlaşdırmaq üçün hakimiyyət niyə addımlar atmır? Belə aksiyalar nəyin göstəricisidir? Üstəlik, Ermənistanda həbslər aparılır və rusyönümlü qüvvələr sıradan çıxarılır. Belə vaxtda Qarabağa aid aksiya keçirilməsi də Rusiyanın növbəti “ev tapşırığı” ola bilərmi? Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Paşinyan daim ikili oyuna üstünlük verir. Onun sözlərinə görə, Azərbaycanla sülh danışıqları aparan və ərazi bütövlüyümüzü tanıdığını bəyan edən Paşinyanın İrəvanda “artsax” tör-töküntülərinə şərait yaratması nonsensdir. Q.Hüseynli vurğuladı ki, “artsax” tör-töküntüləri Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı fəaliyyət göstərir: “Onların İrəvanda keçirdikləri kütləvi aksiya da birbaşa Azərbaycana qarşıdır. Nikol Paşinyan istəsə, onların qarşısını tamamilə ala bilər. Lakin bunu etmir. "artsax" tör-töküntülərinə İrəvanda “nümayəndəlik” ofisinin fəaliyyəti üçün şərait yaradır. Beləliklə, Xankəndində 30 ildən artıq fəaliyyət göstərən “şeytan yuvası” İrəvana yerləşmiş olub. Paşinyan hakimiyyətinin onlara bu şəraiti yaratmasının arxasında bir neçə məqsəd var. Birincisi, Paşinyan onlara şərait yaratmaqla erməni diasporundan, xaricdəki erməni milyarderlərdən, bir sıra ermənipərəst, anti-Azərbaycan fondlardan “qaçqın ermənilərə maliyyə yardımı” adı altında Ermənistana maliyyə dəstəyi almaq istəyirlər. Bu maliyyə dəstəyi artıq verilir. İkinci məqsəd Azərbaycana sülh danışıqlarında dolayısı ilə təzyiq etməkdir. Paşinyan Qarabağdan köçmüş erməni quldurlarına fəaliyyət imkanı yaratmaqla Azərbaycana “separatçılar hələ də pusqudadır və mən hakimiyyətdə olmasam, mənimlə uzlaşmasanız, yeni hakimiyyət iş başına gəlsə Azərbaycana yeni hücum dalğası olacaq” kimi mesaj verir. Paşinyan “artsax” tör-töküntülərinə həm də ona görə aksiya keçirmək imkanı yaradır ki, ölkəsində sərbəst toplaşmaq azadlığının olduğunu beynəlxalq birliyə nümayiş etdirsin". O ki qaldı Ermənistan daxilində revanşistlərin, Qarabağdan getmiş erməni cinayətkarların aktivləşməsində Rusiya amilinin olmasına, Q.Hüseynli dedi ki, bu faktor həmişə olub: “Ermənistanda revanşist qüvvələrin, həmçinin cinayətkar Qarabağ klanının, Qarabağdan könüllü köçmüş ermənilərin arxasında həmişə Rusiya dayanıb. Rusiya lazım olanda həmin qüvvələrdən həm Ermənistan hakimiyyətinə, həm də Azərbaycana təzyiq aləti kimi istifadə edir. Revanşistlərin və keçmiş "Qarabağ klanı"nın başçısı Xocalı canisi Robert Köçəryan bəyan edib ki, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalasa, Zəngəzur dəhlizini açsa belə, onlar hakimiyyətə gələrsə, həmin müqavilələri və dövlət razılaşmalarını ləğv edəcək. Əbu-Dabi görüşünün nəticələri, Rusiyanın sülh danışıqlarından kənarda qalması Moskvanı o qədər narahat edib ki, öz tulası olan Robert Köçəryana bu bəyanatı dərhal səsləndirmək göstərişi gəlib". Politoloq vurğuladı ki, Paşinyan Qarabağdan könüllü köçmüş cinayətkar dəstəyə İrəvanda əl-qol açmağa şərait yaratmaqla əslində çox böyük səhvə yol verir: “Rusiyadan və başqa xarici güclərdən qidalanan həmin dəstə Paşinyan hakimiyyətinə qarşı saatlı bomba kimidir. Onlar Paşinyana qarşı sui-qəsd ssenarilərindən tutmuş, çevriliş ssenarilərində iştiraka qədər ən ağılagəlməz planların tərkib hissəsi rolunda çıxış edə bilərlər. Ona görə də Paşinyan nə qədər ki, gec deyil o quldur dəstəsinin ipini tamam yığmalıdır. Eyni zamanda Köçəryan, Sərkisyan, Ohanyan, Balasanyan, Babayan kimi caniləri həbs etməlidir. Hətta iradə nümayiş etdirib onları Azərbaycana təhvil verməlidir. Yoxsa bu quldur dəstəsi xarici havadarlarının dəstəyi və göstərişi ilə Ermənistanda hakimiyyəti ələ keçirməyə cəhd edəcək və buna nail olsalar, Ermənistanı yenidən Azərbaycanla müharibəyə cəlb edəcəklər”. Geri qayıt |