İrəvan Zəngəzur dəhlizinə ABŞ-nin nəzarətini istisna etmir
Bu gün, 16:16
Bütün prinsiplərə əməl olunarsa, Ermənistan Sünik rayonunda (Qərbi Zəngəzur) yolun bir hissəsinə nəzarətin beynəlxalq şirkətə verilməsinin əleyhinə deyil.
AzVision.az xəbər verir ki, Ermənistanın Xarici İşlər nazirinin müavini Mnatsakan Səfəryan “Azatutyun” radiosuna müsahibəsində regional kommunikasiyaların blokdan çıxarılması funksiyalarının beynəlxalq təşkilatlara ötürülməsi variantını şərh edərkən belə deyib.
“Amerika tərəfinin təklifləri danışıqların predmetinə çevriləcəkmi?” sualı qarşılığında erməni diplomat bildirib ki, bu variant Ermənistanın bəyan etdiyi prinsiplərə tam uyğun gələrsə, həyata keçirilə bilər.
- Bir daha deyirəm: bu proses Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Əgər bu prinsiplərə uyğundursa, bəli, həyata keçirilə bilər. Bu, müzakirə mövzusudur, onun həyata keçirilməsində qarşılıqlılıq prinsipi təmin olunmalıdır”, - Safaryan vurğulayıb.
İrəvanın kommunikasiyaların açılması ilə bağlı Amerikanın təkliflərini nə vaxt alması barədə sualının cavabında Səfəryan deyib: “Konkret tarix demək mənim üçün çətindir, lakin təkliflər olub. Bir daha qeyd etmək istəyirəm ki, əgər bu, kommunikasiyaların açılması çərçivəsində Ermənistanın maraqlarına uyğundursa, o zaman bu təkliflərə baxıla bilər”.
Bundan əvvəl “Karnegi” fondu Vaşinqtonun Zəngəzur dəhlizinə nəzarətin Amerika şirkətinə həvalə olunması barədə təklif verdiyini açıqlamışdı.
Xatırladaq ki, iyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan danışıqlarda ikitərəfli münasibətlərin normallaşdırılmasının bütün aspektlərini ətraflı müzakirə edilib. Müxtəlif formatlarda danışıqların davam etdirilməsi ilə bağlı ümumi razılıq əldə olunub.