Əsas Səhifə > Güney Press > Məsud Pezeşkiana hücumlar

Məsud Pezeşkiana hücumlar


Dünən, 15:41

İran Prezidenti Məsud Pezeşkian bu günlərdə ABŞ-nin aparıcı telejurnalisti Taker Karlsona müsahibə verib. Ona İran-İsrail müharibəsindən sonrakı vəziyyət, ABŞ-İran münasibətləri, İslam Respublikasının nüvə proqramı və başqa bu kimi suallar verilib.

Bu müsahibə İranda mühafizəkar xəttin nümayəndələri arasında etirazla qarşılanıb. Xüsusilə, onlar Taker Karlsonun “Amerikalıların çoxu İrandan qorxur. Siz deyirsiniz ki, qorxmursunuz, amma onlar qorxurlar. Onlar (amerikalılar) İranın ABŞ-yə nüvə silahı ilə hücum edəcəyinə inanırlar. Onlar iranlıların “Amerikaya ölüm” şüarları səsləndirdiyi videoları görürlər. Siz nə düşünürsünüz? Biz İrandan qorxmalıyıq?” sualına Məsud Pezeşkianın cavabından narahatlıqlarını bildiriblər.

İran Prezidenti cavabında deyib: “Bu, tamamilə yanlış təsəvvürdür. İran son 200 ildə heç bir ölkəyə hücum etməyib. Bizimkilər “Amerikaya ölüm” deyəndə nə xalqı, nə də hakimiyyəti nəzərdə tutur. Onlar müdaxiləçi siyasətə, cinayətə, qeyri-sabitliyə və müharibəyə ölüm deyirlər. Siz heç iranlının amerikalını öldürdüyünü görmüsünüz? İrandan olan bir terrorçu nə vaxtsa ABŞ-də hücum həyata keçirib? Heç vaxt. Əslində, sizin öz prezidentiniz deyib ki, Amerika İŞİD-i yaradıb. Biz insanlara ölüm demirik; zülmə, təcavüzə, alçaldılmaya və cinayətdə şərik olan hər kəsə ölüm deyirik”.

Tehran əyalətinin Tehran, Rey, İslamşəhr, Pardis və Şemiranat seçki dairələrinin İran parlamentindəki 24 nümayəndəsi Məsud Pezekiana müsahibə ilə bağlı tənqidi məktubu göndərib. Onların qənaətincə, Prezidentin amerikalı jurnalistə verdiyi müsahibədəki "ətrafınızdakı bəzi insanların yanlış məsləhətlərinə qulaq asmayın” mövqeyi ABŞ-yə qarşı mübarizədə cəmiyyətin birliyinə ziddir. Deputatlar bunu Məsud Pezeşkianın zəifliyi, rəqibin hücumunun təşviqi kimi qiymətləndirib.

Onlar Prezidentə belə məsləhət görüb: “Siz onun hücum etmək istəyini azaltmaq istəyirsinizsə, biz zəiflik göstərməkdən çəkinməli və çoxsaylı güclü tərəflərimizi nümayiş etdirməliyik”.

Parlament üzvləri Pezeşkianın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə əməkdaşlığa ümid ifadə etməyinin “məyusedici və ölkədə formalaşmış birliyə zidd olduğunu” yazıblar. Deputatlar qeyd ediblər ki, bu müsahibə İran cəmiyyətində lazımi əks-səda doğurmayıb. Onların qənaətincə, bu, xaricdə də yanlış anlaşılmaya səbəb olub: “Bu, aydın şəkildə rəqibin "İran ABŞ-nin hücumundan sonra zəiflik siqnalı verməyə davam edir" kimi səhv fikrə gəlməsinə səbəb olacaq”.

Parlament üzvləri Pezeşkianı tənqid edərək, ona ABŞ-ni pisləməyi məsləhət görüblər. Onların vurğuladığı əsas məsələlərdən biri Pezeşkianın “Amerikaya ölüm!” şüarına verdiyi açıqlamadır.

“Amerikaya ölüm!”, “İsrailə ölüm!” şüarları İslam Respublikasının başlıca siyasi-ideoloji prinsiplərindəndir. Bu, həm də ölkənin xarici siyasi kursu üzrə müəyyənləşdirici amildir. Şüarla bağlı məsələ ABŞ və İsrail rəsmilərinin də sərt reaksiyasına səbəb olub. Ştatların Prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti “Amerikaya ölüm!”, “İsrailə ölüm!” deməməlidir. Onun sözlərinə görə, ABŞ münasib şərait yaranacağı halda İrana qarşı sanksiyaları ləğv edəcək.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei isə bu şüarın açıqlamasını belə verib: “Biz “Amerikaya ölüm!” deyəndə Amerika xalqının nəzərdə tutmuruq. Bizim amerikalılarla nə işimiz var? Biz “Amerkaya ölüm!” deyəndə Trampa, ABŞ-ni idarə edənlərə ölümü nəzərdə tuturuq. Biz insanlara ölüm demirik; zülmə, təcavüzə, alçaldılmaya və cinayətdə şərik olan hər kəsə ölüm deyirik”.

Bu polemika İran hakimiyyətinin 46 il əvvəl irəli sürdüyü prinsiplərin köhnəldiyini, yeni baxış formalaşmasının zamanı yetişdiyini göstərir. Belə ziddiyyətli yanaşma və açıqlamalar yarıməsrlik siyasi-ideoloji düşüncənin əbədi olmadığını təsdiqləyir.

Bu faktorlar İslam Respublikası hakimiyyəti daxilində bu kimi fundamental məsələlərə yanaşmada ciddi fikir ayrılıqlarının olduğunu göstərir.

Qeyd edək ki, Prezident parlamentin hicabla bağlı qəbul etdiyi yeni qanunun sosial narazılığa səbəb ola biləcəyindən ehtiyat edərək ona veto qoymuşdu. Bununla bağlı da o, mühafizəkar sayılan xətt nümayəndələri tərəfindən sərt tənqid edilmiş, onu ideoloji əsaslara zərbə vurmaqda tənqid etmişdilər.

Yeri gəlmişkən, iyulun 28-i Məsud Pezeşkianın prezident vəzifəsinin icrasına başladığı gündür. O, ötənilki prezident seçkisi qabağı kampaniya zamanı qərblə danışıqlara açıq olduğunu bildirmişdi. Bu baxımdan, ehtimal etmək olar ki, onun “Amerikaya ölüm!” şüarı tərəflər arasında münasibətlərin yumşalması üçün ismarışdır.

Prezident Məsud Pezeşkian iyulun 4-də Azərbaycanın Xankəndi şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammitində iştirak edib. İranın hakimiyyətyönlü “Bultan News” saytı hökumət başçısının Azərbaycana səfərini tənqid edərək ona qarşı sərt ittihamlar səsləndirib. “Cənab Pezeşkian, siz bir ildə hətta diplomatiyanın əlifbasını da öyrənməmisiniz?” başlıqlı məqalədə sayt bildirib: "Prezidentin Bakıya səfəri İranın gücünü nümayiş etdirmək əvəzinə, yersiz təbəssümlərlə və qətiyyətsizliklə dolu zəif görüntü yaradıb”.

Sayt hökumət başçısını müşayiət edənlərə qarşı tənqidi fikirlər irəli sürüb: “Səfər İranın Bakı ilə bağlı diplomatik mövqeyini sərt şəkildə ifadə etməsi üçün bir fürsət olmalı idi, ancaq bu baş vermədi”.

İranda islahatçı hökumət başçıları ilə hakimiyyətdaxili mühafizəkar xətt nümayəndələri arasında 46 ildir mübarizə, ziddiyyət davam edir. Sepah ikincilərdən olduğu üçün islahatçılar bu oyunda daim uduzur. Məhəmməd Xatəmi, Həsən Ruhaninin fəaliyyəti buna sübutdur. Məsud Pezeşkian da islahatçılardan sayılır. Bu baxımdan, mühafizəkarla ona “yerini göstərir”, səlahiyyətlərinin ali rəhbərdən çox olmadığını çatdırırlar. Bu səbəbdən islahatçı prezidentlər çıxış və açıqlmalarında, bir qayda olaraq, ayətullah Əli Xaməneiyə istinad etməklə onun tezisilərinə uyğun danışdıqlarını sübut etməyə çalışırlar.

Məsud Pezeşkiana qarşı bu tip hücumlar hökumət başçısının səlahiyyətlərinə uyğun azadlıqlarının olmadığını, ona hakimiyyətin sözçüsü vəzifəsinin icraçısı olaraq baxıldığı qənaətinə gəlməyə əsas verir. Bu, İslam Respublikasının siyasi-ideoloji əsasları kimi konstitusiyasının da köhnəldiyini isbatlayır. Lap elə “Amerikaya ölüm!” şüarının açıqlaması kimi...

report.az



Geri qayıt