Əsas Səhifə > Güney Press > “Ölkəmizin bütün ərazilərində kazino obyektlərinin açılması dövlətimizin müəyyən strateji maraqlarına uyğun gəlmir”
“Ölkəmizin bütün ərazilərində kazino obyektlərinin açılması dövlətimizin müəyyən strateji maraqlarına uyğun gəlmir”Bu gün, 10:24 |
“Ölkəmizin bütün ərazilərində kazino obyektlərinin açılması dövlətimizin müəyyən strateji maraqlarına uyğun gəlmir. Yalnız konkret sahədə, dənizdə, süni adada bunu reallaşdırmaq daha düzgündür. Bu, bir daha göstərir ki, dövlətimizin nə kazino sahəsini xüsusi təşviq etməsinə ehtiyacı, nə də belə bir məqsədi var”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat bildirib ki, məhz elit turistlərin ölkəyə axını dövlət üçün əlavə gəlir və qazanc mənbəyi deməkdir: “Bu da nəticədə strateji maraqlarımıza tam cavab verən addımdır. Dövlət inkişaf etdikcə onun turizm potensialı da adekvat olaraq inkişaf edir. Xüsusilə, təbiətin verdiyi imkanlar turizmin inkişafı üçün müstəsna əhəmiyyətə malikdir. Təbiət Azərbaycana gözəl hava, səfalı yerlər bəxş edib. Gözəl meşələrimiz, dağlarımız, dənizimiz, ən başlıcası, qonaqpərvər insanlarımız var. Bu reallıq fonunda, təbii ki, turizmin inkişafı Azərbaycan dövlətinin strateji maraqlarına cavab verir. Turizm isə yekcins deyil. "Elit turizm" sahəsinə xüsusi önəm verən ölkələrdə kazino biznesinin inkişafı üçün imkanlar pəncərəsi açılır. Kazino hər turist üçün deyil, elit turistlər üçündür. Onlar öz pullarını xərcləmək üçün yer axtarırlar. Qonşu Gürcüstanda, ümumiyyətlə, bu sahə xeyli inkişaf edib. Azərbaycanda isə qanunun qəbulu prosesində konkret məhdudiyyətlər qoyulub. Qanunda kazinonun açılacağı məkan kimi məhz süni yaradılmış adalar göstərilir. Yəni söhbət ölkə ərazisində kazinonun açılışı və onun təbliğindən getmir. Azərbaycan güclü dövlətdir və onun güclü iqtisadiyyatı var. Ölkəmizin maddi imkanları başqa sferalar hesabına inkişaf edir. Gəlin etiraf edək ki, çox elit turistlər üçün bu şərait dənizdə, süni adada yaradılır. Onlar heç kimə maneə olmadan, kazino sahəsi xüsusi təbliğ edilmədən pullarını xərcləyib, istirahət edirlər”. Geri qayıt |