Əsas Səhifə > Güney Press / Partiya > "Bütün hallarda İYİ Partiyanın bu təklifi dəstəklənməlidir"

"Bütün hallarda İYİ Partiyanın bu təklifi dəstəklənməlidir"


Bu gün, 05:41

Türkiyə ilə Ermənistanla sərhəddə yerləşən Əlican sərhəd-keçid məntəqəsinin adının Tələt Paşa adına dəyişdirilməsi təklif edilir. Türkiyənin İYİ Partiyasının millət vəkili Müsavat Dərvişoğlu bununla bağlı qanun layihəsini parlamentə təqdim edib. Qanun layihəsini 28 deputat imzalayıb. Təqdim olunan qanun layihəsində qeyd olunub ki, ad dəyişikliyi yalnız lövhənin dəyişdirilməsi deyil, bu, türk xalqının öz tarixinə, qəhrəmanlarına və yaddaşına sahib çıxmaq iradəsinin təzahürüdür. Çünki milli qəhrəmanlarını unudan xalqlar zaman keçdikcə unudulmağa məhkum olurlar: "Əlican sərhəd keçid məntəqəsinin adının Tələt Paşanın adı ilə dəyişdirilməsi eyni zamanda o deməkdir ki, düşmən qarşısında möhkəm dayanan xalq öz sərhədlərində tarixi kimliyini möhürləyir".
 
Türkoloq-alim, siyasi şərhçi Faiq Ələkbərli Sherg.az-a açıqlamasında Türkiyənin İYİ Partiya sədri Müsavat Dərvişoğlunun təklifini bəyəndiyini deyib. Alim bildirib ki, Tələt Paşa Osmanlının son dönəmində baş nazir olub, mühüm addımlar atıb: 
"Tələt Paşa türk dünyası, türk xalqlarının birliyi üçün çox mücadilə verib. Məhz onun bu istiqamətdə mübarizəsi düşmənlər tərəfindən birmənalı qarşılanmadı və erməni terrorçusu tərəfindən şəhid edilmişdi. O səbəbdən Türkiyə-Ermənistan sərhədində "Əlican" sərhəd-keçid məntəqəsinə Tələt Paşanın adının verilməsi təklifi təqdirəlayiqdir. Ermənistanda bəzi şovinistlərin, erməni daşnaklarının bu məsələdən ciddi narahatlığı, etiraz var və bunun da səbəbi bəllidir. Bütün hallarda İYİ Partiyanın bu təklifi dəstəklənməlidir. Əgər hökumət və parlament də dəstəkləyərsə, reallaşa bilər. Nikol Paşinyan hökuməti də Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarıdır".
 
F.Ələkbərlinin qənaətincə, artıq İrəvan Tələt Paşanın bir erməni daşnakı tərəfindən qətlə yetirilməsinin cinayət olduğunu dərk edir:
"Ən azından Paşinyan və ətrafı bunun fərqindədir. Ona görə düşünürəm ki, Paşinyan hökuməti bu təklifə etirazını bildirməyəcək. Daha çox revanşistlər, şovinistlər və daşnakların etiraz edəcəyi bəllidir. Nə olursa-olsun, türk xalqlarının tarixində ciddi qəhrəmanlıq göstərmiş şəxslərə önəmi, diqqəti artırmaq lazımdır".

Geri qayıt