Əsas Səhifə > Güney Press > Bakıya qarşı “cəbhədə” gərginlik
Bakıya qarşı “cəbhədə” gərginlikBu gün, 12:07 |
BRİKS-in növbəti sammiti 2026-cı ildə Hindistanda keçiriləcək. Bu ölkə hazırda təşkilata üzv olan Çin, onun dəstəklədiyi Pakistan və BRİKS-ə qoşulmaq üçün müraciət edən Azərbaycana qarşı Qərbin təsiri ilə cəbhə almış vəziyyətdədir. Xüsusilə Hindistanın Pakistanla qısa müddətli qarşıdurması zamanı Dehli hökuməti ətrafında mübahisələr artdı. Hətta İsrail-İran müharibəsində Dehlinin Təl-Əvivə dəstəyindən sonra Moskva və Pekinin bu ölkə ilə bağlı mövqeyinin dəyişdiyi bildirilir. Belə durumda Hindistan BRİKS-in növbəti toplantısının keçirilməsi üçün nə dərəcədə uyğundur? Sammitin baş tutacağı məkanın dəyişdirilməsi mümkündürmü? Bu məsələ sammitdə iştirak aktivliyinə necə təsir göstərəcək? Globalinfo.az-a danışan politoloq Qabil Hüsyenli deyib ki, BRİKS-in 2026-cı ildə Hindistanın sədrliyi ilə keçiriləcək növbəti sammiti regional və qlobal geosiyasət kontekstində bir sıra mühüm sualları gündəmə gətirir: “Hindistan son illərdə Qərb ölkələri, xüsusilə ABŞ və Avropa İttifaqı (Aİ) ilə strateji əməkdaşlığını gücləndirib. Bu, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində özünü göstərir. Hindistan-Pakistan münaqişəsi isə BRİKS kimi çoxmillətli platformada iştirak edən ölkələr arasında fikir ayrılıqlarını dərinləşdirir. İslamabada dəstək verən Pekinlə Dehli arasındakı gərginlik də bu kontekstdə nəzərə alınmalıdır. BRİKS üzvləri Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika müxtəlif regional və qlobal maraqlara sahib ölkələrdir. Hindistanın sədrliyi dövründə sammitin bu ölkədə keçirilməsi bəzi üzvlər üçün narahatlıq doğura bilər, xüsusilə Çin və Pakistanla əlaqələri olanlar üçün bu, gözləniləndir. Lakin təşkilatın məqsədi çox vaxt milli maraqlardan üstün olaraq qarşılıqlı iqtisadi və siyasi əməkdaşlığı inkişaf etdirməkdir. Ona görə də bu diskomfortun toplantının keçirilməsinə mane olması ehtimalı azdır”. Politoloq bildirib ki, sammitin keçirilmə yerinin dəyişdirilməsi nadir haldır və ciddi səbəblər tələb edir: “Hazırda rəsmi səviyyədə belə bir dəyişiklik barədə məlumat yoxdur. Həmçinin, Hindistanın BRİKS daxilində artan rolu və qlobal güclərlə balanslaşdırma siyasəti, toplantının bu ölkədə keçirilməsini daha məntiqli edir. Lakin, regional gərginliklərin artması və ya gözlənilməz siyasi hadisələr qərarın yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. 2026-cı ildə keçiriləcək BRİKS sammiti, mövcud geosiyasi mürəkkəbliyi əks etdirir. Hindistanın Qərblə yaxınlaşması və Pakistan, Çinlə münasibətlərində yaranan gərginliklər bəzi üzvlər üçün çətinlik yarada bilər, amma BRİKS-in çoxşaxəli və balanslı xarici siyasət strategiyası, bu diskomfortu idarə etmək gücündədir. Bu sammit həm Hindistanın liderlik ambisiyalarını göstərir, həm də BRİKS-in qlobal siyasətdəki önəmli yerini bir daha təsdiqləyir”. Geri qayıt |