Əsas Səhifə > Güney Press / Manşet > Siyəzən sakinindən İnam Kərimova MÜRACİƏT

Siyəzən sakinindən İnam Kərimova MÜRACİƏT


Dünən, 14:32

Siyəzən şəhəri, M.Füzui küçəsi, ev 39-da yaşayan Sədrəddinov Raman Nadir oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli İnam Kərimov!

Məlumat üçün diqqətinizə çatdırmaq istəyirəm ki, Siyəzən Məhkəməsinin 2(059)-63/2021 və 8(059)-3/2024 nömrəli qətnamələrinə uyğun olaraq Siyəzən rayon İcra və probasiya şöbəsinin icraatında olan işə əsasən, cavabdehlər Sədrəddinov Raman Nadir oğlundan və Sədrəddinov Kamil Nadir oğlundan müştərək qaydada (hər birindən təqribən 6500 manat) zərərin əvəzi tutularaq, iddiaçı Məmmədov Vüqar Əzizulla oğluna ödənilməlidir.

Bildirmək istəyirəm ki, ailəliyəm, himayəmdə yetkinlik yaşına çatmamış 2 məktəbli övladımla birlikdə 4 nəfərdən ibarət ailə üzvüm var. Kirayədə yaşayaraq, işsizəm və ailədə işləyib gəlir gətirən və ya pensiya, müavinət alan yoxdur. Yalnız günəmuzd işlərdə işləməklə 15-20 manat, aylıq təqribən 450-500 manat civarında qeyri-sabit pul qazanmaqla, məktəbli övladlarımın təhsili və ailə üzvlərimin yaşaması üçün gündəlik ərzaq və ev-kirayə pulunu təmin edirəm. Maddi imkanım çatdıqca aybaay müxtəlif məbləğlərdə ödənişlər edərək, sözügedən məhkəmə qətnaməsini də yerinə yetirirəm.

Onu da qeyd edim ki, mülkiyyətimdə heç bir əmlak yoxdur. Əks halda, satıb borcumu birdəfəlik ödəyərdim.

Nəzərinizə çatdırıram ki, tələbkar Məmmədov Vüqar Əzizulla oğlunun adına Siyəzən rayon İcra və probasiya şöbəsində açılmış hesab nömrəsinə müxtəlif məbləğlərdə, müştərək qaydada tərəfimizdən 1000 manat, 300 manat, 200 manat məbləğində ümumilikdə 2000 manatdan artıq vəsait ödənilib. Ödənişlər tələbkar Məmmədov Vüqar Əzizulla oğlu tərəfindən götürülmədən, aylardır İcra və probasiya şöbəsinin xəzinəsində qalmışdır.

Tərəfimizdən dəfələrlə rəsmi ərizələrlə Siyəzən rayon məhkəməsinə və rayon İcra və probasiya şöbəsinə müraciət olunaraq, sözügedən borcu birdəfəlik ödəməyə maddi imkanımızın olmadığını bildirmişik. Xahiş etmişik ki, həmin borcun hissə-hissə, ayda 100-150 manat civarında ödənilməsi üçün qərar qəbul edilsin. Əfsuslar olsun ki, Siyəzən Rayon Məhkəməsinin sədri Bəylər Ələkbərov hələ 8 yanvar 2019-cu ildən bizə qarşı öz qərəzli əməllərini davam etdirərək, hər dəfə haqlı müraciətimizi təmin etməyərək, bu ana kimi, nəyin bahasına olursa-olsun bizdən intiqam almaq istəyir.

Bəylər Ələkbərovun diqtəsi altında Siyəzən rayon İcra və probasiya şöbəsinin icra məmuru Fərhadlı Tural Novruz oğlu 06.05.2025-ci il tarixində telefon vasitəsilə bizi Siyəzən rayon İcra və probasiya şöbəsinə çağıraraq, cavabdehlərə heç bir rəsmi xəbərdarlıq bildiriş məktubları göndərilmədiyi halda, özü tərtib etdiyi bir neçə sənədlərə oxumadan imza etdirdi. O, öz maddi marağına görə iddiaçı Məmmədov Vüqar Əzizulla oğlunun "sifarişi" ilə barəmizdə inzibati qanunsuz protokol tərtib edərək, bir icraatda birləşdirilən mülki işlə bağlı aybaay ödənişlər etməyimizə baxmayaraq, vəfat etmiş 11 yaşlı ailə üzvümüm "40" mərasiminə 3 gün qalmış məhkəmənin qərarı ilə ədalətsiz olaraq məni 10 sutka həbs etdirdi. Məni Siyəzən rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerində xəstə vəziyyətdə, demək olar ki, hər gün təcili yardımdan gələn həkimlərin göstərdiyi tibbi yardımla saxlayaraq, əzab-əziyyət vermişlər.

Odur ki, yuxarıda qeyd olunan faktların nəzarətiniz altında tam, hərtərəfli və obyektiv yoxlanılaraq, qanunamüvafiq təcili və təsirli tədbirlərin görülməsini Sizdən rica edirəm.

Öncədən Sizə öz təşəkkürümü bildirirəm”.


Geri qayıt